Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Venesuela böhranı: ABŞ və Rusiya amili


Rusiya Prezidenti Vladimir Putin (sağda) və Nicolas Maduro Moskvada, 5 dekabr, 2018-ci il
Rusiya Prezidenti Vladimir Putin (sağda) və Nicolas Maduro Moskvada, 5 dekabr, 2018-ci il

Venesuela ordusunun dəstəklədiyi Prezident Nicolas Maduro özünü keçid dövrü prezidenti elan etmiş müxalifət liderinə, onun ABŞ-dakı havadarlarına əks-hücuma keçib.

Maduro Venesuelanın ABŞ-dakı diplomatlarını geri çağırıb, səfirliyini bağlayıb, ABŞ diplomatlarına da göstəriş verib ki, həftəsonunadək ölkəsini tərk etsinlər. Çünki Prezident Donald Trump özünü prezident elan etmiş Juan Guaido-nu dəstəkləyib.

Vaşinqton Maduronun tələblərinə boyun əyməkdən imtina etsə də, təhlükəsizlik səbəblərini əsas gətirərək əsas heyətə daxil olmayan əməkdaşlarını bu ölkədən çıxarıb.

“VENESUELAYA MÜSTƏMLƏKƏ KİMİ BAXIRLAR”

Trump administrasiyası Maduronun göstərişinin qanunsuz olduğunu deyir, çünki daha onu Venesuelanın qanuni lideri kimi tanımır.

Juan Guaido
Juan Guaido

“Onlar Venesuelaya müstəmləkə kimi baxırlar, burada istədiklərini edə biləcəklərini düşünürlər. Venesuela hökuməti adından verdiyim göstərişlərə əməl etməlisiniz”, – Maduro dövlət televiziyasında canlı çıxışında deyib.

35 yaşlı Guaido-nun hazırda harada olduğu bəlli deyil. O, yanvarın 23-də on minlərlə tərəfdarı qarşısında özünü prezident elan etmiş, Venesuelanı Maduro diktaturasından qurtaracağını demişdi.

Guaido açıqlanmayan məkandan Univision-a deyib ki, ölkəni demokratiyaya qaytarmağa kömək edəcəkləri halda Maduro və müttəfiqlərinə amnistiya verməyi nəzərdən keçirər.

Birləşmiş Ştatlardan savayı beynəlxalq ictimaiyyətin böyük hissəsi Guaido-ya dəstəyini bildirib. Trump vəd edib ki, Venesuelada demokratiyanın bərpasından ötrü ABŞ-ın iqtisadi və diplomatik “çəkisindən tam şəkildə” istifadə edəcək.

Hazırda Venesuelanın özündə diqqət orduya yönəlib. Çünki ölkədəki siyasi mübahisələrin ənənəvi arbitri adətən ordu sayılır. Elə müxalifətin yeni hökumət qura bilib-bilməyəcəyi də ordunun dəstəyindən asılıdır.

Müdafiə naziri Vladimir Padrino Lopez Maduronun müttəfiqidir və “de-fakto paralel hökumət” qurmaq cəhdlərinin dövlət çevrilişinə bərabər olduğunu deyir.

RUSİYANIN BORCU

Rusiya, Türkiyə, Çin, İran, Suriya, Kuba isə Venesuelanı dəstəkləyir.

Çin son on ildə Karakasa 65 milyard dollarlıq kredit, nağd pul, yaxud investisiya ayırıb. Venesuelanın ümumilikdə 20 milyard dollar borcu var.

Rusiyanın Venesuelaya göndərdiyi Tupolev Tu-160 təyyarələri
Rusiyanın Venesuelaya göndərdiyi Tupolev Tu-160 təyyarələri

Rusiya indiyədək Maduronu silah və kreditlə təmin edib.

Moskva 2017-ci ilin noyabrında Venesuelanın 3,15 milyard dollarlıq borcunu restrukturizasiya etməyə razılaşıb.

İki ölkənin Evrofinance Mosnarbank adlı birgə bankı var. Venesuela Milli İnkişaf Fondu (Fonden) bankın səhmlərinin 49,99 faizinə nəzarət edir.

Rusiyanın ən böyük neft hasilatçısı olan Rosneft Venesuelada çalışır və bu ölkənin dövlət neft şirkəti olan PDVSA-ya istiqraz da ayırıb.

Rosneft PDVSA-nın ötən ilin üçüncü rübündə borcunun 500 milyon dollarını ödədiyini bildirir.

Rosneft rəhbəri Igor Sechin Venesuelaya tez-tez səfər edir və bu şirkətin ölkədəki bir sıra neft layihələrində payı var.

Əvvəlki illər Rusiya Venesuelanı buğdayla da təmin edib. 2018-ci ildə 226 mi ton, 2017-ci ildə 223 min 500 ton buğda göndərib.

ABŞ VENESUELA NEFTİNƏ EMBARQO QOYARSA...

“The Associated Press” agentliyi isə Venesuelaya neft embarqosunun ABŞ üçün nə demək olduğunu araşdırıb. Prezident Trump çoxdandır bu ölkədən neft idxalına embarqo qoymağı planlaşdır.

Nicolas Maduro (sağda) və vitse-prezident Tareck El Aissami PDVSA şirkətinin əməkdaşları ilə
Nicolas Maduro (sağda) və vitse-prezident Tareck El Aissami PDVSA şirkətinin əməkdaşları ilə

Agentlik son illər Venesueladan Birləşmiş Ştatlara neft ixracının azaldığını yazır. 2017-ci ildə ABŞ Venesueladan günə 500 min barel xam neft və neft məhsulu idxal edib. 2008-ci ildə bu rəqəm günə 1,2 milyon barel idi.

“Venesuelada hasilat azaldığından onun bir çox müştəriləri, o cümlədən Birləşmiş Ştatlar təchizatda azalmaya adaptasiya olublar”, – Rice Universitetinin Baker İnstitutundan Francisco Monaldi deyib.

Ancaq Venesuela həmişə Birləşmiş Ştatlara üçüncü, yaxud dördüncü neft təchizatçısı olub. 2017-ci ildə Venesuela ABŞ-ın xam neft idxalının 6 faizini verib.

Agentlik hazırda dünyada neft qıtlığı olmadığını, ötən il təchizatın rekord həddə yüksəldiyini yazır. Amma ağır neft təchizatı nisbətən zəifdir. ABŞ da Venesueladan məhz xam neft idxal edir. Meksikada ağır neft hasilatı azalıb, Kanadada təchizat güclü olsa da bu neftin Körfəz Sahilindəki emal zavodlarına daşınmasında problem var.

“Neft şirkətlərinin hamısının hasil etdiyi nefti daşımağa yetərincə kəmər yoxdur”, – IHS Markit şirkətinin vitse-prezidenti Jim Burkhard deyib.

Birləşmiş Ştatlar ağır neftin bir hissəsini Yaxın Şərqdən də idxal edə bilər, amma bu zaman da daşınma xərcləri yüksəlir.

Körfəz sahilindəki emal zavodları ağır neftin emalına hazırdırlar, onu başqa yerdən almağa isə əlavə pul xərcləməli olacaqlar.

Agentlik yazır ki, istənilən sanksiya dünyada ağır neft bazarında çətinliklər yarandığı bir dönəmə düşəcək. OPEC də bu yaxınlarda Səudiyyə Ərəbistanından ağır xam neft təchizatını azaldıb. Bu da sonucda qiymətə təsirini göstərəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG