Bu gün, yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür.
BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur.
BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.
UNESCO-nun baş direktoru Odre Azule bu günlə bağlı təbrikində vurğulayıb ki, hazırda dünyada 262 milyon uşaq məktəbə getmir. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Üstəlik, təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur.
Rəsmilər Azərbaycanda əhalinin 100 faizə yaxınının savadlı olduğunu deyirlər. Amma müstəqil ekspertlər bu rəqəmə şübhə edirlər.