Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:39

'Gizli işsizlik'-Media icmalı


Bakıda «Topaz» kontoru. Foto arxiv
Bakıda «Topaz» kontoru. Foto arxiv

Gənclər arasında işsizlik, «Topaz» məntəqələrində vəziyyət, prezident İlham Əliyevin Davosda 49-cu ənənəvi Dünya İqtisadi Forumunda iştirakı və başqa məsələlər medianın aparıcı mövzularındandır.

«Topaz» məntəqələrində qiymət artımının bədəli

«Yeni Müsavat» qəzetində ««Topaz» məntəqələri ölüxanaya çevrilib» sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakıda «Topaz» - bukmeyker kontorlarının hazırkı durumunu qiymətləndirib.

Müəllif vurğulayıb ki, Bakıda «Topaz» - bukmeyker məntəqələri indi az-az rastınıza çıxar, bir zamanlar şəhərdə sürətlə artan totalizator kontorlarının sayı getdikcə azalır. Yazıda qeyd edildiyinə görə, üstəgəl, əmsal yazanlar da gözə az dəyirlər, futbol mərcinin həvəskarları «Topaz» obyektlərinə əvvəlki qədər baş çəkmirlər. «Buna iki amil səbəb oldu: ötən yay dünya çempionatı ərəfəsində «Topaz»ın mərc qoyuluşlarının minimum 3 manata qaldırılması və əmsalların günbəgün aşağı verilməsi»,-deyə yazıda qeyd edilir.

Müəllif yazıb ki, hərçənd, ötən yaya qədər «Topaz» məntəqələrində «iynə atsan yerə düşməzdi». Yazıda xatırladılıb ki, 2018-ci ilin yayına qədər bukmeyker kontorunda minimum mərc qoyuluşu 2 manatdan başlayırdı. 2015-ci ilə qədər isə bu, 1 manat olub.

Müəllifin həmsöhbətlərindən olan belə obyekt sahiblərindən biri də hesab edir ki, mərc qoyuluşunun 1 manatdan 3 manata qaldırılması düzgün olmayıb: «Guya çox qazanmaq istəyirdilər, özlərinə zərbə oldu, bizi də pis vəziyyətə saldılar. İndi çoxu «Topaz»ın saytına girir, qeydiyyatdan keçir, oturub evində, kompüter qabağında, 1 manat hesab yazır, oynayır. Kimin bank kartı hesabı yoxdursa, tanışının hesabından istifadə edir...».

İşsizlik
İşsizlik

Gənclərin işsizliyi

«Novoye Vremya» qəzetində «Gəncliyin işsizliyi-sosial problem» sərlövhəli yazı yer alır.

Müəllif gənclər arasında işsizlik problemini müzakirəyə çıxarıb.

Yazıda qeyd edilməsinə görə, ölkədə işsizlik son illər azalsa belə, məşğulluq məsələsi əhali və xüsusilə gənclər arasında problem olaraq qalmaqdadır. Müəllif iddia edir ki, hakimiyyətin bu sahədə cəhdləri istənilən nəticəni vermir.

Yazıda vurğulanıb ki, rəsmilər gənclər arasında ölkə üzrə işsizliyin 9.2 faiz olduğunu bildirirlər. Amma müəllif bu rəqəmin reallıqda daha yüksək olduğunu düşünür.

Yazıda qeyd edildiyinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bu problemə səbəb kimi təhsil sisteminin bazarın tələblərinə cavab verməməsini göstərib.

«Bu problem var və mübahisə etmək çətindir, ekspertlər də bu barədə dəfələrlə danışıblar. Məsələ burasındadır ki, problemi aradan qaldırmaq üçün reallıqda iş görülmür və durumun nə vaxt dəyişəcəyi də bəlli deyil»,-deyə müəllif yazıb.

Yazıda «orta və ali məktəb müəssisələri diplom aldıqdan sonra işsizlər ordusunu tamamlayacaq mütəxəssislərmi hazırlayır» sualı gündəmə daşınır.

Müəllifə görə, burada çıxış yolu problemin kompleks həllindədir. Yazıda qeyd edilib ki, işsizlik gənclər arasında artıq sosial problemə dönüb. Müəllifin fikrincə, bu məsələ gənclər arasında inamsızlığa, ölkədən xaricə üz tutmağa səbəb olur.

Yazıda daha sonra da ölkədə gizli işsizliyin mövcudluğundan bəhs edilir. Müəllif düşünür ki, əmək məqsədilə ölkədən gedənləri də «gizli işsizlik» kateqoriyasına aid etmək olar. Yazıda vurğulandığına görə, onların əksəriyyəti vətənə dönmək niyyətində deyil, çünki burada onları ya işsizlik, ya da aşağı maaş gözləyir.

İ.Əliyev Davosda
İ.Əliyev Davosda

Davos

«Azərbaycan» qəzetində dərc edilən «Davosda Azərbaycan zəfəri» sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin Davos səfəri dəyərləndirilib.

Müəllif yazıb ki, yanvarın 22-dən İsveçrənin Davos şəhərində 49-cu ənənəvi Dünya İqtisadi Forumu öz işinə başlayıb. Forum «Qlobal sənaye inqilabı dövründə yeni arxitekturanın yaradılması» devizi altında təşkil edilib.

Müəllif vurğulayıb ki, dördüncü sənaye inqilabı özü ilə birgə gətirdiyi ekologiyanın qorunması tələbləri, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərlik problemləri ilə yanaşı addımlayır.

Yazıda qeyd edilməsinə görə, Foruma qatılan bəzi siyasət və biznes dairəsi təmsilçilərinin dünyanın siyasi-iqtisadi sistemində Azərbaycanın rolunu dəyərləndirmələri diqqət çəkir.

«Azərbaycanın malik olduğu potensial, enerji resursları daim Dünya İqtisadi Forumunun əsas diqqət ayırdığı məsələlər sırasına daxil olur. Ona görə neçə illərdir ki, Dünya İqtisadi Forumunda təmsil olunan Azərbaycana maraq həmişə böyükdür. Bunu prezident İlham Əliyevin keçirdiyi görüşlər də təsdiq edir»,-deyə müəllif vurğulayır.

Yazının sonunda da oxuyuruq: «...Həyata keçirilən son islahatlar Azərbaycandakı biznes mühitini, sərmayələrin yatırılmasını, yeni iqtisadi layihələrin həyata keçirilməsini daha da əlverişli edib. Təsadüfi deyil ki, məşhur şirkətlər də bunu görür, dəyərləndirir və Azərbaycanla əməkdaşlığa səy göstərirlər».

XS
SM
MD
LG