Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Cənubi Qafqazın demokratiya röyası – Qərb mediası


Bakıda müxalifət qüvvələrinin 19 yanvar mitinqi
Bakıda müxalifət qüvvələrinin 19 yanvar mitinqi

"Hazırda Ermənistanda və Gürcüstanda parlaq demokratik nöqtələr yaranmaqdadır, baxmayaraq ki, onlar daha az demokratik İran, Rusiya və Türkiyə kimi ölkələrin arasında yerləşirlər. Hər iki ölkə demokratik qazanclarını möhkəmləndirməyə, yoxsulluğa qalib gəlməyə, eyni zamanda Rusiya və separatçı münaqişələrin yaratdığı təhdidləri də idarə etməyə çalışır. Qərbin əsas diqqətinin Rusiyanın Ukraynaya təcavüzünə yönlənməsinə baxmayaraq, Cənubi Qafqazın bu iki ölkəsindəki müsbət prosesləri də həvəsləndirə bilər". Bunu “The National Interest” dərgisində Denis Corboy, William Courtney, Kenneth Yalowitz yazır.

Ermənistanda demokratik inqilab və Gürcüstandakı proqres dünyada demokratiyanın ‘mühasirədə’ olması fikirlərinə ziddir. Ermənistanda baş nazir Nikol Pashinian-ın yeni hökumətinə dəstək böyükdür, korrupsiyayla mübarizədə, şəffaflığı artırmaqda, ictimaiyyətin hökumətə inamını bərpa etməkdə qərarlı görünür.

Gürcüstan isə müstəqil müşahidəçilərin ümumilikdə təriflədiyi ardıcıl parlament və prezident seçkiləri keçirməklə demokratiya quruculuğuna doğru möhkəm addımlar atır. Doğrudur, ötənaykı prezident seçkisinin ikinci raundu qüsurlu keçib… Beynəlxalq müşahidəçilər administrativ resurslardan sui-istifadəni, vətəndaş cəmiyyəti təşkilatlarına, hamıya bərabər şərait yaradılmamasını tənqid edib”, – yazan müəlliflər iki ölkənin beynəlxalq indekslərdə mövqelərini də yaxşılaşdırdığını vurğulayır.

Yerevanda etiraz, arxiv fotosu
Yerevanda etiraz, arxiv fotosu

Yanvarın 19-da Bakıda minlərlə nümayişçi korrupsiyayla mübarizə aparan bloqqer Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbiylə etiraza çıxdı. Bu da Ermənistan və Gürcüstandakı demokratik uğurların Azərbaycana təsir göstərməsinə dair suallar yaratdı.

Ermənistan və Gürcüstan demokratiyalarını möhkəmləndirmək, həyat standartlarını yaxşılaşdırmaq yönündə islahatları dərinləşdirməlidirlər. Ancaq bu prioritetləri gerçəkləşdirən ölkələrə Qərbin davamlı, güclü dəstəyi lazımdır. Ermənistanla Gürcüstan daha geniş region üçün demokratik inkişaf modelinə çevrilə bilər. Bu arada Cənubi Qafqazın Avropa, Yaxın Şərq və Avrasiya arasında strateji və enerji kəsişmə nöqtəsi kimi əhəmiyyəti də yüksəlməkdədir”, – məqalədə vurğulanır.

AB ‘qızıl pasportlar’a təzyiqi artırır

Avropa Birliyi Komissiyası birlik üzvlərinə tapşırıb ki, investisiyalarla “qızıl pasport” əldə edən qeyri-AB vətəndaşlarına nəzarəti gücləndirsin.

Avropa Birliyi liderləri sammitə yığışır, arxiv fotosu
Avropa Birliyi liderləri sammitə yığışır, arxiv fotosu

BBC yazır ki, komissiya böyük investisiyalar əvəzində “qızıl vizalar”ın verilməsi mexanizmini yaxından monitorinq etməyi planlaşdırır. Qurum bu yolla vergidən yayınma, çirkli pulyuma hallarının baş verə biləcəyini deyir.

AB vətəndaşlığı birliyin əsas hissəsində fərdlərə hərəkət azadlığı, vahid bazara çıxış, digər hüquqlar verir.

AB-nin 20 ölkəsində “qızıl viza” mexanizmi işləyir.

Məsələn, Kipr, Malta və Bolqarıstan yetərincə investisiya qoyan qeyri-AB vətəndaşlarına pasport verir. Zəngin əcnəbilər 1 milyon- 2 milyon avroya pasport ala bilirlər.

Britaniya daxil olmaqla, 20 AB üzvü investorlara rezident hüququ da verir və bu, fərdin vətəndaşlığa yolunu açır.

Rezident hüququ əldə etmək üçün investisiyanın məbləği Xorvatiyada 13 min 500 avro, Luksemburq və Slovakiyada 5 milyon avrodan çoxdur.

AB Komissiyası yeni hesabatında bildirir ki, bu sxemlərin necə işləməsi barədə yetərli informasiya yoxdur. Qurum sxemlərin monitorinqindən ötrü xüsusi komanda yaradır.

Qarışqalar meqalayihələri necə qururlar

Yarpaqyeyən qarışqalar yemək və tikinti materiallarının nəqli üçün super yollar çəkirlər. Yüzmetrlərlə uzanan bu yollar heç bir kommunikasiyasız qurulur. Alimlər belə bir iddiayla yanvarın 23-də çıxış edib.

Qarışqa
Qarışqa

“Frans Pres” agentliyi yazır ki, hər bir yarpaqyeyən koloniya hər il meşədə üç kilometrə yaxın yol çəkir. Bu yolların çəkilməsinə və saxlanmasına ortalama 11 min saat sərf olunur.

Cənubi və Mərkəzi Amerikada çox yayılmış qarışqaların bir-birilə kommunikasiya yaradaraq meqalayihələr təşkil etməsi versiyası çoxdan varıydı. Ancaq indi tədqiqatçılar onların irimiqyaslı infrastruktur layihələrini koordinasiyasız gerçəkləşdirdiyini iddia edir.

Başqa sözlə, qarışqalar təkbaşına davranır, yollarına çıxan maneələri aradan qaldırmaqla ətraf-mühit problemlərini də həll edirlər.

“Bu infrastrukturun qurulmasına minlərlə fərd qatılsa da, onların arasında kommunikasiya, yaxud təşkilatçılıq yoxdur… Bu, təəccüblüdür, çünki bir çox kollektiv davranışlar kommunikasiyayla təşkil olunur”, – Şimalqərb Universitetindən Thomas Bochynek agentliyə deyib.

Bochynek və komandası yarpaqyeyən qarışqa koloniyalarını laboratoriyada və təbiətdə izləyib, onların tör-töküntü içindən tranzit xəttini necə sürətlə təmizləməsinin monitorinqini aparıb.

XS
SM
MD
LG