ABŞ Prezidenti Donald Trump illik müraciətini hökumət açılınca edəcəyini deyib. Bununla da prezident çıxışı üçün alternativ məkan axtaracağı ətrafında spekulyasiyaya son qon qoyub.
O, demokratların lideri Nancy Pelosi-nin ona Palatada çıxış etməyə icazə verməməyə “ixtiyarı çatdığını” deyib.
“Çıxışı şatdaun bitəndən sonra edəcəyəm”, – Trump Twitter-də yazıb.
Prezident daha öncə dediyinin əksinə, alternativ məkan axtarmadığını sözlərinə əlavə edib, “çünki heç bir məkan Nümayəndələr Palatasının tarixi, ənənəsi və əhəmiyyəti ilə yarışa bilməz”.
***
Trump illik çıxışına ‘alternativ məkan’ axtaracaq
ABŞ Prezidenti Donald Trump illik çıxışına alternativ tədbir keçirə biləcəyini deyir. Belə ki Nümayəndələr Palatasının spikeri Nancy Pelosi hökumətin qapalı olduğu bir dönəmdə prezidentə Nümayəndələr Palatasında illik çıxış etməyə icazə verməyib.
“İndi Nancy Pelosi, yaxud onu çağırdığım kimi Nancy, həqiqəti bilmək istəmir. O, çıxışı təxirə salıb və bu, hamımızın sevdiyi ölkəyə böyük ləkədir”, – Trump yanvarın 23-də deyib.
PREZİDENT ÇIXIŞI YAZILI DA EDƏ BİLƏR
Prezident çıxışı üçün “alternativ” məkan axtara biləcəyini söyləyib. Hər il ənənəvi olaraq Nümayəndələr Palatasında edilən, televiziyayla canlı yayımlanan çıxış yanvarın 29-na planlaşdırılırdı.
Prezident ölkənin vəziyyəti barədə Konqresə hesabat verməlidir, amma bunun canlı olunması kimi bir öhdəlik yoxdur. Bəzi prezidentlər bu çıxışı yazılı şəkildə çatdırıblar.
Trump və veteran demokrat konqresmen Pelosi hökumətin bağlanmasına görə ədavətli mövqe tuturlar. Demokratlar ilin əvvəlindən Palataya nəzarəti ələ alıblar və prezidentlə onların arasında ziddiyyətli məsələlər az deyil.
Hökumət artıq 33-cü gündür bağlanıb və bu, ABŞ tarixində ən uzun şatdaun sayılır.
800 min federal işçi ya məcburi məzuniyyətə buraxılıb, ya da pulsuz işləməyə məcburdur.
Demokratlar Trump-ın hökuməti “qəzəb nümayişi” olaraq bağladığını deyirlər. Demokratlar Meksikayla sərhədin hasarlanmasına 5,7 milyard dollar ayırmaqdan imtina edincə prezident büdcə layihəsini imzalamayıb.
Trump hasarın ölkəyə qanunsuz immiqrantların və narkotik axınının önlənməsi üçün gərəkdiyini deyir.
Demokratlar və digər tənqidçilər isə hasarı bahalı hesab edir, qanunsuz immiqrasiyanı, narkotik qaçaqçılığını önləyə bilməyəcəyini bildirir.