Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:09

'İşi bilənlər birdən-birə yoxa çıxdı' (Media icmalı)


Parkinq
Parkinq

Qadın hüquqları, Bakının parkinqlərində bahalaşma gözləntisi, paytaxtın kanalizasiya dərdi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Parkinqlərdə bahalaşma gözlənir

Modern.az saytında «Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən ittiham» sərlövhəli yazı yer alır.

Müəllif Bakı Nəqliyyat Agentliyi (BNA) rəhbəri Vüsal Kərimliyə istinadən paytaxt Bakıdakı parkinqlərin vəziyyətinə toxunub.

Yazıda qeyd edildiyinə görə, V.Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyinin apardığı araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyən edilib, bundan ancaq, hələlik, 480-i rəsmiləşdirilib.

Yazıda vurğulanıb ki, digər parkinqlərin rəsmiləsdirilməsindən ötrü Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar aparılır.

Bakı Nəqliyyat Agentliyinin rəhbəri deyib ki, hələlik, parkinqlərdə qiymətlər müəyyən olunmayıb, amma onlar Nazirlər Kabinetinə bununla bağlı təkliflər veriblər.

Yazıda vurğulandığına görə, Bakının mərkəzində və şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. «Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulur. Gündüz saatlarında avtomobillərin parkinqlərdə saxlanmaları 2 saatı keçdikdən sonra ödənişli olacaq. Hələlik, yeraltı parkinqlərin də təhvil-təslimi davam edir, təbii olaraq qiymətlərə də baxılacaq», - V.Kərimli bildirib.

Yazıda bildirildiyinə görə, V.Kərimli əvvəlki qurumun müəyyən etdiyi qiymətləri saxlaya bilməyəcəklərini də nəzərə çatdırıb. «Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik, qiymətlər təsdiqlənməyib, amma 1 aya avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir»-deyə BNA rəhbəri düşüncəsini ifadə edib.

V.Kərimli habelə deyib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur.

Bakıda çökən yollardan biri
Bakıda çökən yollardan biri

20 milyon ayrılan yol

«Yeni Müsavat» qəzetində «Mütəxəssis: «Bakıda kanalizasiya sistemi qurulmasa, fəlakət qaçılmazdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ötən ilin dekabr ayında istifadəyə verilən «Babək» prospektinin bir hissəsində çökmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, çökmə 2-3 metrlik hissədə baş vermişdi və dərhal da bərpa olunub: «1980-ci illərdə yol çəkilən zaman neft tullantıları ərazisinin üzəri ilə salınıb. İndi də həmin faktor müəyyən qədər təsir edir. Elə bir ciddi problem yox idi...».

Yazıda vurğulanıb ki, prezident İlham Əliyevin sərəncamı ilə «Babək» prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20.1 milyon manat vəsait ayrılıb.

Vaxtilə Bakı Tikinti İdarəsinin rəisi olmuş, ekspert Əzim Məsimov isə bu kimi çökmələrin əsas səbəbi kimi Bakıda kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını əsas gətirib. O bildirib ki, əgər kanalizasiya sistemi qurulmasa, böyük fəlakətlər yaşana bilər: «Əvvəllər «Babək» prospekti və ətrafı zavod ərazisi, sənaye zonası olub. Həmin zavodlar köçürüldükdən sonra prospekt salındı. Yol salınan zaman hansı geoloji işlərin aparıldığını isə indi söyləmək çətindir. Əvvəllər müvafiq institutlar var idi ki, onların tərkibində geoloji kəşflər şöbəsi fəaliyyət göstərirdi. Hazırda həmin institutların əksəriyyəti ləğv olunub. Simvolik olaraq Bakı Dövlət Layihə İnstitutu qalıb ki, orada da yalnız bir neçə nəfər mütəxəssis işləyir. Vaxtında mütəxəssisləri qiymətləndirmədilər və əlaqə pozuldu. İşi bilənlər birdən-birə yoxa çıxdı, yeni heyət gəldi. Onlar da yalnız kompüter üzərindən layihələnmə aparırlar...».

A.Mollazadə
A.Mollazadə

«Azərbaycanda 100 il əvvəl...»

Rəsmi AZƏRTAC agentliyinin saytında «Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib» sərlövhəli məlumat dərc edilib.

Məlumatda qeyd edilir ki, yanvarın 21-də işə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə «Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr «Qahirə bəyannaməsi»nin iştirakçısı ola bilərmi?» adlı məruzə dinlənilib və məruzə ilə bağlı müzakirələr aparılıb.

Qurumdakı nümayəndə heyətinin üzvü Asim Mollazadə təmsil etdiyi Avropa Konservatorları qrupu adından danışıb.

Məlumatda vurğulandığına görə, o bildirib ki, dünyəvilik - dövlət və dinin ayrılığı sivilizasiyanın ən böyük nailiyyətlərindəndir.

A.Mollazadə Azərbaycanın 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi dövlət olduğunu, elə həmin dövrdə də qadınlara səsvermə hüququnun verildiyini və ölkədə ilk müsəlman qadınının parlamentə üzv seçildiyini diqqətə çatdırıb.

Deputat, eyni zamanda, ölkədə qadınların cəmiyyətdə, siyasətdə və digər sahələrdə fəal rol oynadığını vurğulayıb. O, şəriət qanununun bəzi Avropa ölkələrində də tətbiq olunduğuna təəssüfünü və bunun qəbuledilməz olduğunu söyləyib. Habelə qeyd edib ki, şəriət qanununun tətbiqi, ilk növbədə, qadınların hüquqlarının pozulmasıdır...

XS
SM
MD
LG