Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Putinlə Erdogan Moskvada görüşəcəklər


Recep Tayyip Erdogan (solda) və Vladimir Putin İstanbulda, noyabr, 2018-ci il
Recep Tayyip Erdogan (solda) və Vladimir Putin İstanbulda, noyabr, 2018-ci il

Yanvarın 23-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la Moskvada görüşəcək. Türkiyə görüşdə əsasən Ankaranın Suriyanın şimalında yaratmağı təklif etdiyi “təhlükəsizlik zonası”nın müzakirə olunacağını bildirib.

Rusiyayla Türkiyə bu münaqişədə əks tərəflərdə dururlar.

Rusiya Suriya Prezidenti Bashar al-Assad hökumətini dəstəkləyir, Türkiyə isə hökumət qüvvələri qarşı savaşan müxalifətçilərin arxasında durur.

Dekabrda ABŞ Prezidenti Donald Trump Suriyadakı 2 min Amerika əsgərini çıxaracağını dedi. Bundan sonra Rusiyayla Türkiyə Suriyadakı quru əməliyyatları koordinasiya etməyə razılaşdılar.

Erdogan yanvarın 21-də deyib ki, Putinlə Suriyanın şimalında Türkiyənin nəzarəti altında “təhlükəsizlik zonası” yaratmağı müzakirə edəcək.

Menbicdə Rusiya hərbçiləri
Menbicdə Rusiya hərbçiləri

​Suriyanın şimalının böyük hissəsinə nəzarət edən, ABŞ-la müttəfiq kürdlər isə bu ideyanı rədd edib.

Onlar nəzarətlərində olan əraziyə Türkiyənin hərbi hücum təşkil edəcəyindən ehtiyatlanırlar. Erdogan belə bir əməliyyatı istisna etmir və Suriya kürdlərinin Türkiyədəki kürd terrorçulara bağlı olduğunu deyir.

Trump-ın əsgərlərini Suriyadan çıxaracağı ehtimalından əndişələnən kürdlər Suriya hökumətindən Türkiyənin mümkün əməliyyatına qarşı kömək istəyib, Menbicin qapılarını açıblar. Şimalda yerləşən bu şəhər kürdlərin nəzarətindədir.

Assad qüvvələrinin son altı ildə ilk dəfə olaraq Menbicə girməsini Kreml də alqışlayıb.

Ötən həftə Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin mövcudluğu ideyasını rədd edib, deyib ki, ölkənin şimalına Dəməşq nəzarət etməlidir.

XS
SM
MD
LG