Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

‘Washington Post’: ‘Diktatorun ixtiyarında olan Azərbaycanda 128 nəfəri unutmayın’


İlham Əliyev
İlham Əliyev

“Araşdırmaçı bloqqerin qanunsuz həbs olunduğu diktaturaya diqqət ayırmaq üçün nə lazımdır? Bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirib. Diqqəti onu gözləyən yeni həbs cəzasına yönəltməkdən ötrü ərzaqdan imtina edib. Digər məhbuslar da çağırışa səs verib, onun aclıq aksiyasına qoşulub, siyasi repressiyaya son qoymağı tələb edib”.

Bunu “The Washington Post” qəzeti redaksiya məqaləsində yazır və Prezident İlham Əliyevin 128 məhbusu siyasi motivlərlə həbs etdiyini vurğulayır. Bunu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup bildirib. Siyahıya 68 dini fəal, 17 siyasi və ictimai fəal daxildir. 14 nəfər etirazlarda iştiraka görə həbs olunub, 10 dindar, doqquz jurnalist və bloqqer də siyahıdadır.

Mehman Hüseynov
Mehman Hüseynov

Qısası, istənilən şəxs istənilən vaxt saxlana, cəzalandırıla bilər, özəlliklə də hakim sinifdən hesabat istəməyə çalışanlar. Hüseynov da Facebook və YouTube-da belə edirdi. 2016-cı ilin sonunda o, yerləşdirdiyi videolarda sıravi azərbaycanlıların iqtisadi çətinliklərini, nazirlərin isə özlərinə zəngin saraylar tikdirdiyini göstərirdi. Hədəfləri bunu xoşalmadılar. O, 2017-ci ilin yanvarında saxlandı...” – qəzet yazır və aclıq aksiyasına bir sıra siyasi məhbusların, azadlıqda olan fəalların, jurnalist Xədicə İsmayılovanın da qoşulduğunu vurğulayır. Avropa Parlamenti isə yanvarın 17-də qəbul etdiyi qətnamədə Mehman Hüseynovun dərhal azadlığa buraxılmasına çağırıb.

Aclıq edənlərin bir neçəsi bəyanat yayaraq dünyanın durumu gözardı edəcəyindən narahatlıq bildirmişdi. ‘Tozanaq yatan kimi Qərbdən kimsə gələcək və bir neçə siyasi məhbusun buraxılması üçün sövdələşmə əldə olunacaq... Onlar çamadanlarını neft, avro və dollarla dolduracaq, geri qayıdacaq və hökumətə göz vuracaqlar, yeni repressiyalara yaşıl işıq yandıracaqlar’, onlar yazırdılar. İndi Qərb bunun baş verməməsini təmin etməlidir”, – məqalədə vurğulanır.

XATIRLATMA

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbusların olmasını qəbul etmir, məhbəsdə olanların kəsin konkret cinayətə görə cəzalandırıldığını bildirir.

***Buna da bax: Mehman Hüseynov haqqında yeni cinayət işi dayandırılıb

Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. M. Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqqer ittihamı qurama sayırdı.

M. Hüseynov aclıq aksiyası keçirdiyini açıqlayandan sonra həbsdəki bəzi fəallar da ona qoşulduqlarını bildirdilər, amma Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində heç kəsin aclıq etmədiyi deyirdi.

Yanvarın 22-də isə Baş Prokurorluq bloqqer barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

XS
SM
MD
LG