Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:47

'Broylerlərdə quşlar azalıb'-Media icmalı


Q.İbadoğlu

Azərbaycanda qeyri-neft sənayesinin inkişafı, quşçuluqda geriləmə, prezidentin bəzi dövlət müəssisələrinin vahid bir qurumda birləşdirilməsi və bir sıra qurumların da ləğvi haqqında fərmanları medianın aparıcı mövzularındandır...

«Korrupsiya ilə mübarizə və kadrlar yenilənmədən...»

Azadlıq.info saytında «Yeni struktur dəyişiklikləri nəyə xidmət edir?» sualı gündəmə daşınır.

Yazıda son vaxtlar prezident İlham Əliyevin bir sıra dövlət müəssisələrinin vahid qurumda birləşdirilməsi və daha bir çox qurumların ləğv edilməsi ilə bağlı fərmanları ətrafında iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

«Məntiqi ardıcıllığa görə, struktur dəyişiklikləri əgər dövlət idarəetmə sistemində və qərar qəbuletmə mexanizmində islahatlara xidmət edirsə, Nazirlər Kabineti üzvlərinin təsdiqindən əvvəl, əgər dövlət xərclərinin rasionallaşdırılması məqsədi güdürsə, yeni büdcə ili başlamamışdan aparılır», - deyə iqtisadçı vurğulayır.

İqtisadçı qeyd edir ki, sözügedən fərmanlar isə prezident seçkilərindən sonra, yeni büdcə ilində verilib: «Hazırda struktur islahatları adı ilə həyata keçirilən dəyişikliklər, əsasən, iki zərurətdən irəli gələ bilər. Birincisi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərində gözlənilən ucuzlaşmasına görə büdcə xərclərinin ixtisari, ikincisi isə hakimiyyətdaxili qüvvələr arasında balansın yaradılması».

İqtisadçının düşüncəsinə görə, belə dəyişikliklər qərar qəbuletmə mexanizminin təkmilləşdirilməsi, idarəetmə orqanlarının hesabatlılığının və şəffaflığının artırılması ilə müşahidə olunmazsa, ondan ciddi səmərə gözləməyə dəyməz: «Eyni zamanda, bu dəyişikliklərin effektivliyi dövlət idarəetməsində əmək haqlarının artırılması, korrupsiya ilə mübarizə və kadrların yenilənməsindən də asılıdır».

Toyuq ferması
Toyuq ferması

Quş əti idxalı artıb

Marja.az saytında «Broylerlərdə quşlar azalıb, quş əti idxalı artıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ötən il quşçuluq fabriklərində diri çəkidə 74.4 min ton quş əti və 640.2 milyon ədəd yumurta istehsal olunub.

Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 257 min baş olub. Hər yumurtlayan toyuqdan orta hesabla 169 ədəd yumurta alınıb.

«2017-ci illə müqayisədə quşçuluq fabriklərində quşların sayı 0.7 faiz azalaraq 12 milyon 257 min başa düşüb»,-yazıda qeyd edilir.

Müəllif habelə bildirir ki, 2017-ci illə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında quş əti və onun əlavə məhsullarının idxalı da 28.9 faiz artıb. Bu, 31 min 310.6 ton təşkil edib. «İdxala 35 milyon 530 min dollar xərclənib (23.4 faiz artıb).

İ.Əliyev Sumqayıtda kimya zavodunun açılışında
İ.Əliyev Sumqayıtda kimya zavodunun açılışında

Qeyri-neft sənayesinin inkişafı

«Azərbaycan» qəzetində «Azərbaycan sürətlə qeyri-neft sənaye ölkəsinə çevrilir» sərlövhəli yazı dərc edilib. Yazıda ölkədə qeyri-neft sektorunun vəziyyəti dəyərləndirilir.

Müəllif yazıb ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sənayeləşmədə əldə edilən uğurları xüsusən diqqətəlayiq adlandırıb.

Yazıda vurğulandığına görə, dövlət başçısı həmin iclasda sənayeləşmə sahəsindəki islahatlar və investisiya təşviqi mexanizmi haqqında da danışıb: «İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2.8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu təsdiq etməsəydik, ölkə iqtisadiyyatına 2.8 milyard manat qoyulmayacaqdı».

Müəllif hesab edir ki, sənayeləşmə siyasətinin uğurlu tərəflərindən biri bu prosesin ölkənin bütün ərazilərini əhatələməsidir: «Hazırda sənaye parklarında 67 rezident qeydiyyatdan keçib və artıq onlardan 40-ı fəaliyyət göstərir. Bu parklarda həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur və bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb».

Müəllif habelə yazıb ki, sənayeləşmə son 15 ildə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biridir. Müəllif daha sonra da yazıb: «Sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən islahatlar da uğurla davam etdirilir. Sənaye məhəllələri regionlarda kiçik və orta sahibkarlığın inkişafına, eləcə də yerli ehtiyatlardan səmərəli istifadə etməklə yeni sənaye sahələrinin yaradılmasına imkan verir...».

XS
SM
MD
LG