Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Putin Kuril adalarının Yaponiyaya tezliklə qaytarılmayacağına işarə edir


Vladimir Putin (sağda) və Shinzo Abe, arxiv fotosu
Vladimir Putin (sağda) və Shinzo Abe, arxiv fotosu

Rusiya prezidenti Vladimir Putin deyib ki, Yaponiya ilə Rusiya arasında İkinci Dünya Müharibəsini rəsmən başa çatdıracaq sülh müqaviləsinin imzalanmasından əvvəl “görüləcək işlər qalır”.

Putin yanvarın 22-də Moskvada Yaponiyanın baş naziri Shinzo Abe ilə Moskva və Tokio arasında onilliklərdir davam edən ərazi mübahisəsinə dair danışıqlardan sonra söhbətin “açıq və mənalı” olduğunu bildirib.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Abe deyib ki, o və prezident Putin Yaponiyanın Hokkaydo adası ilə Rusiyanın Kamçatka yarımadası arasında uzanan Kuril adaları zəncirinə dair mübahisənin çözümünə sadiq qaldıqlarını təsdiq ediblər.

Bu danışıqların predmeti Kuril arxipelaqının Yaponiyaya yaxın yerləşən dörd adası idi.

Sovet qoşunları Oxot dənizi ilə Sakit okean arasında yerləşən dörd adanı İkinci Dünya Müharibəsinin sonunda işğal edib.

Kuril adaları
Kuril adaları

Tokionun bu adalar üzərində Rusiyanın suverenliyini tanımaqdan imtina etməsi 1950-ci illərdən bəri sülh danışıqlarının dalana dirənməsinə səbəb olub.

Kremldə iki saatadək çəkən təkbətək danışıqlardan sonra, Putin və Abe müzakirələri iki ölkə rəsmilərinin iştirakilə daha geniş formatda davam etdiriblər.

Danışıqlardan sonra, əvvəlcədən hazırlanmış bəyanatla çıxış edən Putin və Abe mübahisənin həllinə səylərin davam etdirələcəyini desələr də, təfərrüatlara varmayıblar.

Putin deyib: "Əlbəttə danışıqçılar tərəfindən təklif edilən həll yolları həm Rusiya, həm də Yaponiya xalqları üçün məqbul olmalı və ölkələrimizin cəmiyyətləri tərəfindən dəstəklənməlidir”.

Yaponiya lideri isə bildirib ki, iki ölkənin xarici işlər nazirləri mümkün razılaşmanı fevral ayında müzakirə edəcəklər.

***

Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də Yaponiyanın Baş naziri Shinzo Abe ilə görüşəcək. Onların mübahisəli Kuril adalarını müzakirə edəcəyi gözlənir. 2-ci Dünya müharibəsindən sonra SSRİ Yaponiyanın cənub ucqarındakı adaları tutub və bu, tərəflərin sülh sazişi imzalamasını əngəlləyib.

Amma danışıqları intensivləşməsi üzrə razılaşmanın əldə olunmasına baxmayaraq, Kreml mübahisənin tezliklə həll olunacağına dair perspektivlərə kölgə salır.

Kremlin sözçüsü Dmitry Peskov yanvarın 21-də deyib ki, nə Rusiya, nə də Yaponiya öz milli maraqlarından əl çəkən deyil. O, danışıqların ilkin mərhələdə olmasını da sözlərinə əlavə edib.

“Hamını realist olmağa, hər iki ölkənin milli maraqlarına daimi sayqıya söykənən həll variantı tapmalı olduğumuz faktından çıxış etməyə çağırıram. Heç kəs milli maraqlarından əl çəkən deyil”, – Peskov deyib.

Yaponiyanın Kyodo xəbər agentliyi Tokio hökumətindəki adı çəkilməyən mənbələrə istinadla yazmışdı ki, Moskva mübahisəli adalardan ikisinə nəzarətdən əl çəkərsə, Abe sülh sazişi imzalanmasını təklif edəcək. Peskov bu xəbəri şərh etməyib.

Son həftələr Rusiyanın bir sıra şəhərlərində ərazi mübadiləsinə etiraz aksiyaları keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG