Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

'Dövlət xidmətləri üzrə xərclər təhsil xərclərindən 70 faiz çoxdur' - Media icmalı


Ə.Məsimli
Ə.Məsimli

20 Yanvar hadisələri, mövcud idarəetmə aparatı, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün yubanmasının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İdarəetmə aparatı həqiqətən çox şişib»

Modern.az saytında ««İdarəetmə aparatı çox şişmişdi» - deputat prezidentin son islahatlarını yüksək dəyərləndirdi» sərlövhəli yazı oxumaq olar.

Müəllif prezident İlham Əliyevin son günlər bir sıra dövlət müəssisələri əsasında vahid bir qurumun yaradılması, bəzilərinin isə ləğvi ilə bağlı fərmanlarını və bunları zəruri edən amilləri deputat Əli Məsimli ilə müzakirə edib.

Ə.Məsimli modern.az-a bildirib ki, 2014-cü ilin ortalarından neftin qiymətinin kəskin düşməsi və 2015-ci ildə iki şok devalvasiya nəticəsində Azərbaycan iqtisadiyyatı resessiya və durğunluq halı keçirdikdən sonra 2018-ci ildən yenidən artım mərhələsinə keçib: «Amma həm hökumətin, həm də beynəlxalq iqtisadi qurumların proqnozlarına görə, orta perspektivdə Azərbaycan iqtisadiyyatı dünyanın və inkişaf etməkdə olan, eləcə də region ölkələrinin orta illik artım templərindən aşağı səviyyədə, yəni yavaşımış iqtisadi artım trayektoriyasına keçir».

Deputat prezidentin idarəetmə aparatı ilə bağlı məlum çıxışını xatırladaraq deyib ki, idarəetmə aparatı həqiqətən çox şişib, hazırkı mərhələdə səmərəli işləmək imkanları tükənib: «2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3.9 milyard manata çatıb. Bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3.7 dəfə çoxdur».

Ə.Məsimli deyib ki, islahat xarakterli addımlar müsbətdir, idarəçilikdə paralelçilik aradan qaldırılmalı, büdcə vəsaitlərinə qənaət edilməlidir.

ÜTM
ÜTM

ÜTT-yə üzvlük kimə sərf etmir?

«Yeni Müsavat» qəzetində «Azərbaycan bu il Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ola bilər» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanın ÜTT-yə üzv olmasından ötrü 1997-ci ildən danışıqlar aparılır, amma yekun nəticə yoxdur və 22 il ərzində İşçi qrupun 14 iclası keçirilib.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı danışıqlarda əsas mübahisəli məqam ölkənin hansı statusla üzv qəbul olunmasıdır: «ÜTT Azərbaycanı inkişaf etmiş ölkə statusunda qəbul etmək istəyir. Azərbaycan hökuməti isə inkişaf etməkdə olan ölkə statusunu əldə etməyə çalışır. Çünki bu halda ölkə daha yüngül şərtlərlə üzvlük əldə edəcək. Güman olunur ki, bu məsələdə razılıq əldə olunacaq».

Ekspertə görə, digər məqam aqrar sektora subsidiya ilə bağlıdır: «Azərbaycan «Yaşıl zənbil»ə iddialıdır. Bu, Azərbaycan üçün aqrar sektora bu sahədə istehsal olunan məhsulun 10 faizi həcmində subsidiya vermək imkanı deməkdir. Amma ÜTT Azərbaycana 5 faizə qədər subsidiya imkanı tanıyan «sarı zənbil»i təklif edir».

Başqa bir iqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı deyib: «Danışıqlar bütün postsovet ölkələri ilə başlamışdı. 2003-cü ildə Ermənistan və Gürcüstan üzv oldular, ən sonuncu isə Rusiya ilə Qazaxıstan üzv oldular».

Onun fikrincə, Azərbaycan bu quruma üzv olmaqdan ötrü ölkənin vergi, gömrük qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmalı, digər bir tərəfdən beynəlxalq iqtisad məhkəmələri tanınmalıdır: «ÜTT-nin öz hüquq müstəvisi var və məncə, Azərbaycan hökumətinin bu təşkilata üzvlükdən yayınmasının əsas səbəbləri də bunlardır».

N.Cəfərli bildirir ki, bunda maraqlı olmayan qüvvələr var: «Kimin marağında deyil? Əlbəttə, ölkəyə mal gətirən inhisarçıların, daxili bazarı monopoliyada saxlayan yerli istehsalçıların...».

Azərbaycanda 20 yanvar faciəsi qurbanlarının xatirəsi anılır
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

20 Yanvar hadisələrindən 29 il keçir

«Azərbaycan» qəzetində «Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, yanvarın 20-si səhər saatlarından Şəhidlər xiyabanına ziyarət başlandı, həmin müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsi ehtiramla yad edildi. Yazıda qeyd edildiyinə görə, izdihamın arasında Bakı sakinləri ilə yanaşı, paytaxtın qonaqları və bölgələrdən gələn insanlar da olub.

Müəllif habelə vurğulayıb ki, 20 Yanvar hadisələrinin üzərindən 29 il ötsə də, unudulmur: «Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Şəxsən Mixail Qorbaçovun ( SSRİ prezidenti) göstərişi ilə paytaxtımıza, eləcə də Azərbaycanın digər regionlarına yeridilən ordu hissələri 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, onların bir çoxu ömürlük şikəst oldu...».

Yazının sonunda da oxuyuruq: «Bu gün bütün yollar Şəhidlər xiyabanından keçir. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var... Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirir».

XS
SM
MD
LG