Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Ermənistanın yeni rəhbərliyinin insan haqları yükü – Qərb mediası


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın yeni hökuməti korrupsiya və insan haqları problemləri ilə dopdolu bir ölkə miras alıb. Human Rights Watch təşkilatı insan haqlarına dair son hesabatında qeyd edir ki, yeni rəhbərlik dövlət qurumlarını yenidən qurarkən, yığılıb qalmış problemləri yoluna qoyarkən təməl insan haqlarına sayqını da təmin etməlidir.

Ötən ilin mayında küçə etirazları nəticəsində Serzh Sakisian devrilib, müxalifət lideri Nikol Pashinian hakimiyyətə gəlib. Beynəlxalq müşahidəçilər dekabrın 9-da keçirilmiş parlament seçkisinə ümumilikdə müsbət qiymət verib.

“Azad və ədalətli səsverməni təmin etmək Ermənistanın yeni rəhbərliyi üçün ilk vacib addımdır. Ancaq bu, yalnız başlanğıcdır. Hakimiyyət bu mandatdan yararlanaraq insanları küçəyə çıxarmış insan haqları problemlərinin həlli üçün islahatları gerçəkləşdirməlidirlər”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

Ermənistanda seçki
Ermənistanda seçki

Pashinian hökumətinin miras aldığı problemlər sırasında əsasən dinc etirazların dağıdılmasında aşırı gücə əl atan polisin cəzasız qalması da var. Yeni hökumət bu yöndə təhqiqatda qismən irəliləyiş əldə edib. 2008-ci ilin mart toqquşmaları üzrə istintaq yenilənib, ovaxtkı prezident Robert Kochariana, iki komandirə ittihamlar irəli sürülüb.

Ancaq sentyabrda 2016-cı ilin iyulunda baş vermiş oxşar insident üzrə təhqiqat ertələnib. Hakimiyyət keçmiş problemlərlə məşğul olursa, saxlananların hamısının hüquqlarına tam sayqı göstərməli, məhkəmənin müstəqilliyini təmin etməlidir, Human Rights Watch bildirib.

Qurum Ermənistanda digər insan haqları problemləri sırasında məişət zorakılığını, homoseksuallara zorakılıq və ayrıseçkiliyi, əlilliyi olan uşaqların keyfiyyətli təhsillə təmin olunmamasıı sıralayır.

Rumıniyada şaxtaçılar etiraz edir

Rumıniyada şaxtaçıların etirazının nəticəsi olaraq dünəndən əsas elektrik zavodlarından biri bağlanmağa başlayır. Bunu operator şirkət Transelectrica bildirib. Bu informasiya ölkəboyunca elektrik çatışmazlığı sarıdan narahatlıq yaradıb.

Şaxtaçı
Şaxtaçı

“Frans Pres” agentliyi ölkənin cənubunda mədənçilərin artıq dördüncü gündür tətilə çıxdığını yazır. Onlar maaşlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Həmkarlar ittifaqı rəsmisi Nicu Bunoaica agentliyə deyib ki, CE Oltenia-nın 7 min şaxtaçısı aylıq maaşlarında 1000 ley (213 avro, 240 dollar) artım tələb edirlər. Hazırda onların ortalama maaşı 500 avrodur.

CE Oltenia Rumıniyanın elektrikə olan tələbatının 30 faizini ödəyir.

Mümkün çatışmazlığı kompensasiya etməkdən ötrü Belqrad son günlər elektrik idxalını artırıb.

Enerji naziri Anton Anton dünən tətilçilər və həmkarların liderlərilə görüşməliydi.

Baş nazir Viorica Dancila durumu “çox ciddi” adlandırıb.

“CE Oltenia-dakı durumdan, ölkənin enerji sistemi sarıdan çox narahatıq”, – o, kabinetin iclasında deyib.

Baş nazir “bütün təhlükəsizlik strukturları” ilə məsləhətləşdiyini də sözlərinə əlavə edib.

2007-ci ildə Avropa Birliyinə qoşulmuş Rumıniya Brüsselə vəd edib ki, köpmür mədənlərini tədricən bağlayacaq və çirklənmə yaratmayan enerji mənbələrinə keçəcək.

Nyu Orleandan Tehrana

Bu yaxınlarda Birləşmiş Ştatlarda saxlanmış iranlı jurnalist Marzieh Hashemi İranın dövlət televiziyasının tanınmış aparıcısıdır.

IRIB -in direktor müavini Paiman Jebeli, bannerdə Marzieh Hashemi-nin fotosudu
IRIB -in direktor müavini Paiman Jebeli, bannerdə Marzieh Hashemi-nin fotosudu

O, Press TV-də çalışır, müsahibələr aparır, hökumət adamlarının yazdığı hazır mətnləri oxuyurdu. “The Associated Press” agentliyi onun 1959-cu ildə Nyu Orleanda xristian ailəsində dünyaya göz açdığını yazır.

1979-cu ilin İslam İnqilabından sonra Luizana kollecində iranlı tələbələrlə görüşür, daha sonra İslamı qəbul edir. Ailə quraraq İrana gedib, burada fars dilini öyrənib və 25 il qabaq dövlət televiziyasında işə başlayıb.

“İranda İslam İnqilabı ilə tanış olunca bunun siyasi və dini inqilab olduğunu gördüm, məni cəlb elədi”, – o, bir dəfə müsahibəsində deyib.

Onu ABŞ-dan Federal Təhqiqat Bürosu saxlayıb. Ailəsi 59 yaşlı bu nənənin niyə saxlandığı sual edib durur. Həm də bu həbs ABŞ-İran gərginliyinin yüksəldiyi bir dönəmə təsadüf edir.

Hashemi bazar günü St Luisdə saxlanıb. Nyu Orleanda qohumlarına baş çəkəndən sonra burada “Qaradərililərin Həyatı Vacibdir” sənədli filmini çəkmişdi. FTB onu Vaşinqtona aparıb. Məlumatı böyük oğluHossein Hashemi verib.

Agentlikdə FTB-dən şərh ala bilməyib.

2007-ci ildə yaradılmış Press TV IRIB dövlət televiziyasının ingilisdilli xidmətidir. Onun verilişləri qərbin tənqidinə səbəb olub.

2012-ci ildə Anti-Defamasiya Liqası onu “dünyada antisemitizm yayan aparıcı ingilisdilli kanallardan biri” adlandırıb.

Hashemi isə həm Qərbin tənqid olunduğu verilişlər aparırdı, həm də öz tənqidlərini səsləndirirdi.

Oğlu onun ABŞ hakimiyyəti tərəfindən ilk dəfə sorğulanmadığını, aeroportlarda daim sorğu-sual olunduğunu vurğulayıb.

XS
SM
MD
LG