Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Beynəlxalq media azərbaycanlı fəalların aclıq aksiyasından yazır


Azərbaycanlı fəalların aclıq aksiyası, 15 yanvar, 2019-cu il
Azərbaycanlı fəalların aclıq aksiyası, 15 yanvar, 2019-cu il

Bakını strateji tərəfdaş kimi görən Birləşmiş Ştatlar və Avropa insan haqları pozuntularını gözardı edir. “Foreign Policy” dərgisində Amy Mackinnon Bakıda bir qrup siyasi fəalın, müxalifət fəallarının bloqqer Mehman Hüseynovun və digər siyasi motivlərlə həbs olunduğu bildirilən məhbuslara diqqəti yönəltməkdən ötrü keçirdiyi aclıq aksiyasından yazır.

Mehman Hüseynova həbsdə yeni cinayət işi açılandan sonra aclıq aksiyasına başladı. Dərgi tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ona dəstək məqsədilə aclıq aksiyasına qoşulduğunu vurğulayır.

“Yalnız öz zamanımı, sağlamlığımı, qüvvəmi qurban verə bilərəm. Ey dünya, xahiş edirik, reaksiya verin”, – o yazıb.

Amnesty International insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Daniel Balson Azərbaycandakı bu həmrəylik aksiyasının misilsiz olduğunu deyir.

Mehman Hüseynov
Mehman Hüseynov

Müəllif Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu qeyd edir. Ancaq hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin aparılmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Mehman Hüseynovun qardaşı Emin Hüseynov dərgiyə deyib ki, Mehman əvvəlcə quru aclığa başlasa da, artıq süd içməyə başlayıb, bu da ona etirazını uzatmağa imkan verib.

Qeyd edək ki, Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində Mehman Hüseynov daxil heç bir məhbusun hazırda aclıq etmədiyini bildirir.

Dərgi Azərbaycanın Vaşinqtondakı səfirliyindən açıqlama ala bilməyib.

1990-cı illərdə Birləşmiş Ştatların Azərbaycanda səfiri olmuş Richard Kauzlarich Qlobal Maqnitski Aktı çərçivəsində Azərbaycan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb. O, həm Obama, həm Trump administrasiyasını Azərbaycanda insan haqları pozuntularıyla bağlı tədbir görməyə könülsüz yanaşdığını deyir.

“Azərbaycanlılar qapalı diplomatiyaya yaxşı reaksiya vermirlər. Onları açıq şəkildə sıxmaq lazımdır”, – keçmiş səfir vurğulayıb.

Richard Kauzlarich
Richard Kauzlarich

Bloqqerin azad olunmasına ‘çağırın’

Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) isə beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə təzyiqi artırmağa çağırıb.

Prezident İlham Əliyev rejimi Mehman Hüseynovu azad etmək çağırışlarını qulaqardına vurur. Onun aclıq aksiyası artıq dördüncü həftəyə daxil olub. Ailəsinin xahişilə maye, qatıq qəbul edir”, – qurumun bəyanatında deyilir.

RSF qeyd edir ki, Avropa və Birləşmiş Ştatların Hüseynova azadlıq çağırışlarına baxmayaraq, Azərbaycan hakimiyyəti onun səhhətinin yaxşı olmasını bildirməklə kifayətlənir, “anti-Azərbaycan qüvvələri” durumdan sui-istifdədə günahlandırır.

“Yalnız güclü və davamlı beynəlxalq kampaniya Azərbaycan hökumətinin Mehman Hüseynovu buraxmağa, ölkədəki azsaylı tənqidçi jurnalistləri qısnamağa son qoymağa inandıra bilərdi”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

Əliyev rejiminin cəzasızlığına yubanmadan son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti bu təzyiq kampaniyasında əli olan aparıcı şəxslərə sanksiyalar tətbiq etməyə, münasibətlərdə hər hansı yaxılaşmanı plüralizm və hüququn alililiyinin bərpasıyla şərtləndirməyə çağırırıq”, – o, sözlərinə əlavə edib.

Bloqqer M. Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Mehman Hüseynov ittihamı qurama sayır.

XS
SM
MD
LG