Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Problemli kreditlərdə Türkiyə çözümü-Media icmalı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ölkədə qazlaşdırmanın səviyyəsi, mindən çox əlillik təyinatının ləğv edilməsi, problemli kreditlərin qaytarılma yolları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Mindən çox əlillik təyinatı ləğv edilib

Modern.az saytında «1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib» sərlövhəli yazı oxumaq olar.

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin may ayından etibarən Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar zamanı 1055 nəfərə əsassız əlillik dərəcəsinin verildiyi aşkarlanıb və bu təyinatlar dərhal ləğv edilib». Bunu modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Yazıda vurğulandığına görə, şöbə müdiri deyib ki, həmin əlillik təyinatları ilə bağlı verilən pensiya, müavinət və təqaüd ödənişləri də dayandırılıb: «Ödənilmiş vəsaitin bərpası üzrə tədbirlər görülüb. Əsassız təyinatların ləğv edilməsi ilə 3 milyon manat büdcə vəsaitinə qənaət olunub».

Nazirlik rəsmisi bildirib ki, ümumən əlilliyin qiymətləndirilməsi prosesinə ciddi nəzarət tətbiq edilib. Onun vurğulamasına görə, bu sahədə şəffaflığın təmin olunmasından ötrü görülən tədbirlər 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatının 61, o cümlədən I qrup əlillik təyinatlarının 56 faiz azalması ilə nəticələnib.

Dollar/Manat
Dollar/Manat

Problemli kreditlərin qaytarılma yolları...

«Yeni Müsavat» qəzetində ««Problemli kreditlər o vaxt həllini tapacaq ki...»-iqtisadçı rəyi» sərlövhəli yazı yer alır.

Yazıda problemli kreditlər məsələsinin mümkün həlli yollarından bəhs edilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov qəzetə deyib ki, keçən ilin 11 ayında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci illə müqayisədə 666 milyon manat və ya 4.3 dəfə artıb: «Milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyası və bundan sonrakı dövrdə onun məzənnəsinin son olaraq 2.2 dəfə artaraq - 1 dollar üçün 0.78 qəpikdən 1.7 manata qədər ucuzlaşması insanları xarici valyutada götürdükləri kreditlərin geriyə ödənilməsində problemlərlə üz-üzə qoydu. Vətəndaşın yalnız manat gəlirləri ilə formalaşan və artmayan ailə büdcəsi onlara bu kreditləri qarşılamağa imkan vermədi. 2015-ci ildən etibarən bundan məharətlə istifadə edən, özünə hesabat verməyən, vətəndaşın və hətta dövlətin maraqlarını öz maraqlarına dəyişməyə hazır olan əksər banklar insanları bu kreditlərin məngənəsində sıxmağa başladılar».

«Vəziyyətdən çıxışın hansı yolları var»,-deyə iqtisadçı sual edir. Keçmiş maliyyə nazirinin deməsinə görə, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək kredit kartları üzrə vətəndaşların müxtəlif banklara olan borclarını «Ziraət Bankı»nın ödəyəcəyini və bu borcların həmin bankda toplanacağını bəyan edib: «Borclu vətəndaşlar bundan sonra bu borcları ailə büdcələrinin imkanlarına uyğun olaraq müəyyən ediləcək müddətdə xüsusi olaraq tərtib olunacaq qrafiklə hissə-hissə həmin banka ödəyəcəklər. Hesab edirəm ki, buna bənzər bir addımı da biz ata bilərik».

Başqa bir iqtisadçı Natiq Cəfərli isə deyib ki, bu məsələdə məsuliyyət əhali, banklar və dövlət arasında bölüşdürülməlidir.

Hazırda Azərbaycanda problemli kreditlərinin həcminin 1.7 milyard manata yaxın olduğu bildirilir.

Qaz sobası
Qaz sobası

«Qazlaşdırma uğuru»

«Azərbaycan» qəzetində dərc edilən «Dünyada çox az rast gəlinən uğur» sərlövhəli yazıda ölkədə qazlaşdırma sahəsində vəziyyət dəyərləndirilir.

Müəllif yazıb ki, 2018-ci ildə Azərbaycanda ümumi uzunluğu 3 min 193 kilometrə yaxın qaz kəmərləri quraşdırılıb, 526.6 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir olunub. Yazıda vurğulandığına görə, bununla da ölkədə qazlaşdırma 95 faiz hədəfinə çatıb.

«Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın»-deyə müəllif Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrinə dair yanvarın 11-də keçirilmiş iclasında dövlət başçısı İlham Əliyevin çıxışından sitat gətirir.

Yazıda qeyd edilib ki, Azərbaycanda regionlarının inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramına uyğun yeni qaz kəmərlərinin çəkilməsi ilə yanaşı, istismar müddəti başa çatmış sayğaclar təzəsi ilə əvəz olunub, istismara yararsız vəziyyətə düşmüş qaz avadanlıqları dəyişdirilib.

Müəllif habelə, 2018-ci ilin avqustunda İsmayıllı rayonunda dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Lahıc qəsəbəsinin qazlaşdırılmasını mühüm uğurlardan sayır. Yazının sonunda da oxuyuruq: «Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev qazlaşdırma prosesinin davam etdiriləcəyini bildirib. Dövlət başçısı vurğulayıb ki, bir sıra kəndlərdə hələ qaz yoxdur, ona görə kəndlərin qazlaşdırılması yenə də gündəlikdə duran məsələdir».

XS
SM
MD
LG