Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Araşdırmaçı jurnalist məhkum edilib


Jovo Martinovic
Jovo Martinovic

Monteneqro məhkəməsi araşdırmaçı jurnalisti narkotik qaçaqçılığı ittihamıyla ilyarımlıq həbsə məhkum edib. Beynəlxalq media qurumları bu hökmü “dəhşətli ədalətsizlik”, ölkədə media azadlığı sahəsində “narahatedici geriləmə” adlandırıb.

Paytaxt Podqoritsada məhkəmə Jovo Martinovic-i yanvarın 15-də məhkum edib. O, narkotik qaçaqçılığı və kriminal əlaqələrdə təqsirli bilinib

Martinovic həm yerli, həm də xarici media orqanlarında cinayətkarlıqdan yazırdı. O, ittihamları rədd edib, işinə görə ondan qisas alındığını deyib.

Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) hökmü “Avropa Birliyinə qoşulmaq istədiyini deyən ölkədə mətbuat azadlığı sahəsində narahatedici geriləmə” adlandırıb. Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) jurnalistin həbsini “Monteneqroda mətbuat azadlığına təsir göstərəcək dəhşətli ədalətsizlik” hesab edir.

Martinovic Fransa televiziyası üçün Balkanlarda silah qaçaqçılığına dair jurnalist araşdırması edirdi. O, 2015-ci ilin oktyabrında saxlanıb, 15 ay həbsdə qalandan sonra şərti azadlığa buraxılıb.

Jurnalist ittihamları rədd edir, kriminal dairələrlə iş kontekstində, sırf peşəkar əsaslarla kontakta girdiyini deyir.

“Jurnalist olduğuma görə məhkum edilmişəm”, – o, hökmdən sonra deyib və şikayət verəcəyini vurğulayıb.

Monteneqroda jurnalist Dusko Jovanovic-in ölümünün 14 illiyi qeyd olunur, 2018-ci il
Monteneqroda jurnalist Dusko Jovanovic-in ölümünün 14 illiyi qeyd olunur, 2018-ci il

“BU BİABIRÇILIĞA DÖZMƏMƏK”

RSF bəyanatında bildirib ki, Martinovic-ə qarşı hökmün “aşırı sərtliyi Avropa Birliyinə qoşulmaq istədiyini deyən ölkədə media azadlığı və hüququn aliliyi sahəsində geriləmənin daha bir əlamətidir”.

Təşkilat beynəlxalq qurumları və Qərb hökumətlərini “informasiya vermək azadlığını bu cür biabırçılıqla pozulmasına dözməməyə” çağırıb.

CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gulnoza Said isə Monteneqro hakimiyyətini Martinovic-in şikayətini mübahisələndirməməyə, “bu yanlışı düzəltməyə” səsləyib.

2025-ci ilədək Avropa Birliyinə qoşulmağa ümid edən Monteneqro mütəşəkkil cinayətkarlıqla mübarizə, media azadlığının qorunması sahəsində yetərincə iş görmədiyinə görə tənqid olunur.

Mayda AB xəbərdarlıq edib ki, ölkə jurnalistləri və media azadlığını daha artıq qorumasa, bloka üzv olmaq cəhdlərinə ziyan dəyəcək.

Bu xəbərdarlıq araşdırmaçı jurnalist Olivera Lakic Podqoritsada naməlum şəxs tərəfindən güllələnərək yaralandıqdan sonra səslənmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG