Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Facebook yerli jurnalistikaya 300 milyon dollar yatıracaq – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Facebook sosial şəbəkəsi üç il ərzində müxtəlif jurnalistika layihələrinə 300 milyon dollar yatıracaq. Şirkət dünən – yanvarın 15-də yaydığı açıqlamada bu sərmayənin rəqəmsal əsrin ağır zərbə vurduğu yerli xəbərlərin inkişafını hədəflədiyini bildirib.

Sözügedən sərmayə onlayn platformaların internet reklamında üstünlüyü ələ almağa çalışdığı, xəbər təşkilatlarının rəqəmsala keçməyə çətinlik çəkdiyi bir dönəmdə yatırılır.

“Adamlar daha çox yerli xəbər istəyirlər, yerli nyuzrumlara daha çox dəstək lazımdır”, – Facebook-un qlobal xəbər tərəfdaşlıqlarına cavabdeh vitse-prezidenti Campbell Brown deyib.

“Bu səbəbdən gələn illər ərzində yerli xəbərlər ətrafında işlərin genişləndirildiyini elan edirik”, – o söyləyib.

Facebook-un qurucusu Mark Zuckerberg
Facebook-un qurucusu Mark Zuckerberg

Bu təşəbbüsə Pulitzer Mərkəzinə 5 milyon dollarlıq ianə də daxildir. Bu mərkəz “Əhvalatları Evə Gətirmək” layihəsini işə salacaq, yerli icmalara aid mövzular işıqlandırılacaq, hər il azı 12 yerli analitik, multimedia layihəsi maliyyələşdiriləcək.

Facebook Britaniyada mənzillənən İcma Xəbərləri Layihəsinə 6 milyon dollar ayırdığını da bəyan edib.

Sosial şəbəkə 2018-ci ildə Birləşmiş Ştatlarda işə saldığı “Accelerator” adlı pilot layihəsini genişləndirdiyini vurğulayıb. Məqsəd yerli nyuzrumlara abunə və üzvlük məsələlərində kömək etməkdir.

Facebook bildirib ki, bu təşəbbüsün ABŞ-da davam etdirilməsi və Avropa daxil qlobal miqyasda genişləndirilməsinə 20 milyon dollardan çox vəsait ayıracaq.

Nestle plastik çöplərdən imtina edir

Nestle (NESN.S) şirkəti gələn Aydan plastik çöplərdən imtinaya başlayır və plastik tullantıların azaldılması məqsədilə bioloji həllolunan şüşə butulkaların hazırlanması üzərində işləyir.

Arxiv fotosu
Arxiv fotosu

Ötən ildən Nestle də daxil bir sıra şirkətlər 2025-ci ilədək bütün qablaşdırmada təkrar istifadə oluna bilən materiala keçilməsinə başlayıblar.

Dünya miqyasında okeanlara, zibilxanalara atılan, illərlə qalan tullantılarla mübarizə başlanıb.

Nestle deyir ki, artıq fevraldan kağız kimi alternativ məhsullardan istifadəyə başlayacaq, plastik çöplərin əvəzlənməsindən ötrü dizaynlar hazırlanacaq.

Nestle-nin qablaşdırılmış su bölməsi olan Nestle Waters isə plastikin bir növü olan, təkrar istifadə oluna bilən PET-in miqdarını artıracaq. Şirkət 2025-ci ilədək Avropadakı bəzi su brendləri üçün PET materialından istifadəni yarıbayarı artırmağı planlaşdırır.

Nestle yeni kağız-əsaslı materiallar və bioloji həllolunan polimerlər üzərində də işlədiyini bildirir.

Şirkətin qlobal əməliyyatlar üzrə rəhbəri Magdi Batato deyib ki, məhsulların saxlama müddəti və istehsal xərclərinə potensial təsir öyrənilməkdədir.

Bu alternativ həll yollarından bəziləri hətta daha ucuz başa gəlir, bəziləri həqiqətən bahadır”, – o deyib.

BMT əməkdaşları da cinsi qısnamaya məruz qalıb

BMT-də də cinsi qısnama geniş yayılıb. “Frans Pres” agentliyi bunu yeni rəy sorğusunun üzə çıxardığını yazır.

BMT-nin Nyu Yorkdakı qərargahı, arxiv fotosu
BMT-nin Nyu Yorkdakı qərargahı, arxiv fotosu

Belə ki, son iki ildə hər üç BMT əməkdaşından biri cinsi qısnamayla üzləşdiyini bildirib.

BMT-nin Baş katibi Antonio Guterres işçilərinə məktubunda yazıb ki, bu araşdırma “ayıldıcı statistikanı, BMT-də iş şəraitinin yaxşılaşdırılması üçün nəyin dəyişməli olduğunu” üzə çıxarır.

Respondentlərin 33 faizi son iki il ərzində azı bir dəfə cinsi qısnamayla üzləşdiyini deyib. BMT-də çalışdığı müddətdə cinsi qısnama görənlər isə daha çoxdur – 38,7 faiz.

Cinsi qısnamanın ən çox yayılmış forması isə seksual hekayətlər və zarafatlar, görünüş, bədən, cinsi fəaliyyət barədə alçaldıcı ifadələrdir.

BMT əməkdaşları seksual məsələlərlə bağlı müzakirələrə cəlb olunmaları üçün cəhdlər olunduğunu, alçaldıcı jestlər, toxunmalarla üzləşdiklərini dilə gətiriblər. Sorğunu noyabrda Deloitte şirkəti keçirib.

Cinsi qısnamayla məşğul olan hər üç nəfərdən ikisi kişi, hər dörd nəfərdən biri rəhbərlər və menecerlər olub. Hər 10 nəfərdən biri isə aparıcı rəhbər vəzifədə olanlardır.

Sorğu zamanı 30 mindən çox əməkdaş onlayn sorğunu konfidensial qaydada cavablandırıb.

Fevralda BMT əməkdaşlarının cinsi qısnama şikayətləri üçün sutkaboyu çalışan qaynar xətt açıb, BMT təhqiqatçılarına bütün şikayətlərin araşdırılması tapşırılıb.

XS
SM
MD
LG