Türkiyədə 192 nəfər Gulen şəbəkəsinə bağlılıqda şübhəli bilinərək saxlanıb. Bu haqda yanvarın 15-də “Hurriyet” qəzeti xəbər yayıb.
ABŞ-da yaşayan vaiz Fethullah Gulen 2016-cı ildə uğursuz çevriliş cəhdinin təşkilində suçlanır, ancaq özü bunu təkzib edir.
Həmin çevriliş cəhdindən bəri Gulen tərəfdarlarına qarşı polis əməliyyatları artırılıb. Təkcə ötən həftə İstanbul və Adanada 100-dən artıq şübhəli saxlanıb.
Ankara baş prokurorluğu 50 hərbi şübhəlinin – 3 leytenant və 47 serjantın həbsinə göstəriş verdiyini bildirib. 55 nəfər isə ByLock mesajlaşma əlavəsindən istifadədə ittiham olunub.
BYLOCK QADAĞAN OLUNUB
ByLock çevriliş cəhdindən sonra Türkiyədə qadağan olunub, Gulen tərəfdarlarının 15 iyul gecəsi məhz həmin əlavə vasitəsilə kommunikasiya qurduğu bildirilib. O zaman bir qrup hərbçi hökuməti devirməyə cəhd eləmiş, 250 nəfəri öldürmüşdü.
Vaxtilə Prezident Recep Tayyip Erdogan-ın müttəfiqi olmuş Gulen 1999-cu ildən Birləşmiş Ştatlarda yaşayır. O, ittihamları rədd edib, çevriliş cəhdini pisləyib.
“Hurriyet” yazır ki, mərkəzi Konya vilayətinin baş prokurorluğu 50 nəfərin saxlanması barədə qərar çıxarıb. Onların sırasında hərbçilər, onların Gulen şəbəkəsində əlaqə yaratdığı şəxslər var.
Muğla və Kocaeli vilayətlərində isə uyğun olaraq 15 və 22 hərbçi saxlanıb.
“Frans Pres” agentliyi isə əməliyyatlarda 200-dən artıq adamın saxlandığını yazır.
Türkiyənin ədliyyə naziri Abdulhamit Gul bu ayın əvvəlində bildirib ki, Gulen-lə əlaqələrdən dolayı 31 min 88 nəfər təqsirli bilinib, yaxud həbsə atılıb.
Uğursuz çevriliş cəhdindən sonra 77 mindən çox adam məhkəməsini gözləyir, 150 min dövlət qulluqçusu, hərbçi və digər şəxslər isə işdən çıxarılıb.
İnsan haqları qrupları və Türkiyənin Qərbdəki müttəfiqləri bu təzyiq kampaniyasından narahatlıqlarını dilə gətirib, Erdogan-ın yatırtdığı çevriliş cəhdindən narazıları susdurmağa bəhanə kimi istifadə etdiyini bildirib. Hökumətsə təhlükəsizlik tədbirlərinin Türkiyənin üzləşdiyi təhdidlər ucbatından görüldüyünü bildirir.