Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

'Pensiyalar əməkhaqqına yox, gəlirə uyğun artmalıdır'-Media icmalı


V.Bayramov
V.Bayramov

Pensiyaların indeksasiya mexanizmlərinin təkmilləşdirilməsi, prezident İlham Əliyevin bir neçə dövlət qurumunun vahid bir qurumla əvəz edilməsi və bir sıra dövlət qurumlarının da yenidən formalaşdırılacağı ilə bağlı fərmanları medianın aparıcı mövzularındandır.

«Pensiyalarda artım 3 faiz deyil, ...»

Modern.az saytında «Maaşlar artıb, amma pensiya...» sərlövhəli yazı yer alır.

Yazıda pensiyaların indeksasiyası mövzusu iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edilib.

Ekspert Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, 2018-ci ilin 11 ayında orta aylıq əməkhaqqı 2.9 faiz artıb. O vurğulayıb ki, 2019-cu ilin yanvarından pensiya məbləğləri 2018-ci ildə orta aylıq əməkhaqqındakı faiz artımına indeksasiya olunmalıdır. Ekspertin sözlərinə görə, baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək: «2018-ci ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur».

V.Bayramov hesab edir ki, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Onun fikrincə, bu mexanizm dəyişməlidir: «Belə ki, pensiya məbləğinin orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğundur».

Ekspert deyib ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əməkhaqqındakı artım gəlirlərin artımını tam ifadə edə bilmir: «2018-ci ildə orta aylıq əmək haqqı 3 faiz ətrafında artıbsa, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir».

Ekspert iddia edir ki, əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta belə müqavilələrinin bağlanmaması hallarının çox olduğu nəzərə alınsa, pensiyaların orta aylıq əməkhaqqıdakı artıma yox, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı: «... O zaman indeksasiya nəticəsində pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər».

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Struktur islahatları

«Azərbaycan» qəzetində «Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək» sərlövhəli yazı dərc edilib.

Müəllif dövlət başçısı İlham Əliyevin yanvarın 14-də bəzi dövlət qurumlarının ləğvi, yenisinin yaranması və bir sıra qurumların da yenidən formalaşdırılması ilə bağlı imzaladığı fərmanlar ətrafında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə söhbət edib.

Prezident yanvarın 14-də Müdafiə Sənayesi Nazirliyinin əsasında «Azərsilah» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə bağlı fərman verib. Habelə, Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yeni Aqrar Xidmətlər Agentliyi yaradılır. Bundan başqa, dövlət başçısı 3 qurumun da ləğvini, 6 qurumun da yenidən formalaşmasını zəruri sayıb.

V.Qasımlı qəzetə deyib ki, bu kompleks islahatlar Azərbaycana həm «dünyada ən islahatçı» ölkə imici qazandırır, həm də davamlı və tarazlı iqtisadi inkişafı təmin edir. O vurğulayıb ki, prezident yeni struktur islahatları ilə bağlı fikirlərini Nazirlər Kabinetinin bu il yanvarın 11-də 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib. «İndi struktur islahatı gözlənilir, çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü olmalıdır», - deyə prezident bildirib.

«Bu struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi, səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir»,-deyə Mərkəz rəhbəri də vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti

«Yerlərdə bütün idarəetmə bələdiyyələrə verilməlidir»

«Yeni Müsavat» qəzetində «Struktur islahatlarına haradan başlamalı-rəylər» sərlövhəli yazı oxumaq olar.

Bu yazı prezidentin yanvarın 14-də yayılan sözügedən fərmanlarından öncə hazırlanıb.

Deputat Fazil Mustafa deyib ki, dövlət başçısı islahatlara ötən ildən, xüsusilə apreldə keçirilən prezident seçkisindən sonra yeni hökumət kabineti formalaşdırılarkən başlayıb. F.Mustafa vurğulayıb ki, prezident regionların inkişafına mümkün olan qədər dəstək verir, rayonlarda çoxsaylı obyektlər, istehsal müəssisələri açılır: «Amma açılışlardan sonra müəssisələrin işləməsinə müəyyən məmurlar tərəfindən imkan verilmir. Bu kimi halların aradan qaldırılması üçün bir-birini təkrarlayan strukturlar ləğv olunmalıdır».

Vaxtilə Bakı Şəhər Soveti sədrinin 1-ci müavini olmuş Əzim Məsimov isə hesab edir ki, islahatlar ilk mərhələdə ölkədə yerli icra hakimiyyəti orqanlarının ləğvi ilə başlamalıdır: «Yerlərdə bütün idarəetmə bələdiyyələrə verilməlidir. İndiki bələdiyyələr yerli icra hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir. Amma onların dünyada olduğu hüquqlara sahib olması təmin edilməlidir. Xüsusilə də Bakıda bələdiyyənin yaradılması çox vacibdir və Bakı ilə bağlı bütün işlər onun nəzarətinə verilməlidir».

Ə.Məsimova görə, Dövlət Əmlak Komitəsi, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin bir departamenti olaraq fəaliyyət göstərməli, Meliorasiya və Su Təsərrüfatı Agentliyi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməlidir.

XS
SM
MD
LG