Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:15

'Prezidentdən islahatlar anonsu'-Media icmalı


İ.Əliyev
İ.Əliyev

Rusiyada bahalaşmanın Azərbaycana mümkün təsiri, struktur islahatları, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası medianın aparıcı mövzularındandır...

«Çox adamla az iş görmək yox,...»

Modern.az saytında «Bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə struktur islahatları mövzusunu Milli Məclisin deputatı Yevda Abramovla müzakirə edib.

Yazıda bildirilir ki, bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev çıxışında ciddi struktur islahatları anonsu verib: «İndi struktur islahatı gözlənilir. Çünki idarəetmədə struktur köhnəlib».

Yazıda qeyd edildiyinə görə, prezident habelə deyib ki, yeni idarəetmə strukturu daha çevik, daha yığcam, daha məqsədyönlü olmalıdır: «Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib».

Deputat Y.Abramov da sayta açıqlamasında idarəetmədə «çox adamla az iş görmək yox, az adamla çox iş görmək» prinsipini müdafiə edib: «Bu gün az insan əməyi sərf edib çox işləməklə xeyli nailiyyətlər əldə etmək mümkündür. Çox adamla az iş görüb cəmiyyəti idarə etmək olmur».

Deputat struktur islahatları çərçivəsində bəzi nazirlik, agentlik və komitələrin birləşdiriləcəyini də istisna etmir: «Bu nazirlik, komitə, agentliklərin hansının olacağını isə prezident bilir. Yəqin ki, hər sahə üzrə prezident müşavirləri müəyyən təkliflərlə çıxış edəcək, yoxlayacaq, analiz edəcək, həm də digər ölkələrin təcrübəsini nəzərə alacaqlar. Struktur və kadr islahatları elə-belə olmur ki... Bu islahatların olacağını prezident cəmiyyətin, hökumət üzvlərinin diqqətinə çatdırıb. Bu gün bütün dünya çevik dövlətçilik aparatı ilə işləyir».

Rusiyada supermarket
Rusiyada supermarket

Rusiyada bahalaşmanın Azərbaycana təsiri

«Yeni Müsavat» qəzetində «Rusiyada bahalaşma Azərbaycana da təsir edə bilər» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, Rusiyada ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınıb. Yazıda Rusiya Federal Statistika Xidmətinə istinadən vurğulanıb ki, 2018-ci ildə ərzaq məhsulları 4.7, qeyri-ərzaq isə 4.1 faiz bahalaşıb: «Rusiyada əlavə dəyər vergisi 1 yanvar 2019-cu ildən 20 faizə qədər artıb. Bu isə su, elektrik enerjisi, təbii qaz, benzin, dizel yanacağı, ictimai nəqliyyatda gediş haqqı, tütün və tütün məmulatları da daxil olmaqla, bütün qiymətlərin bahalaşmasına səbəb olub».

«Yeni Müsavat»a danışan iqtisadçı, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib ki, Azərbaycanın Rusiyadan idxalı xeyli yüksəkdir: «Azərbaycanın Rusiyadan idxalı 1 milyard 700 min dollardan çoxdur. Ümumilikdə isə, Rusiya ilə ticarət dövriyyəmiz isə 2 milyard yarım dollar ətrafındadır. Yəni, bu ölkədən idxalımız, ixracımızdan çoxdur. Təbii ki, bəzi məhsulların qiymətlərinin bahalaşması bizə də təsir göstərə bilər. Rusiyada bahalaşma təkcə xaricdən gətirilən məhsullarla bağlıdırsa, bu başqa. Lakin ümumilikdə qiymətlərin bahalaşması, Azərbaycana gətirilən məhsulların da qiymətlərinin yüksəlməsinə təsir göstərə bilər».

F.Yusifov Azərbaycanda bundan sonra ərzaq bazarında qiymətlərin necə dəyişəcəyi məsələsinə də toxunub: «Bazarda qiymətlər əsasən milli valyutanın məzənnəsindən asılı olacaq. Hələ ki, Mərkəzi Bankın götürdüyü kurs, bu günə olan iqtisadi durum və eyni zamanda 2019-cu il üçün proqnozlar milli valyutanın məzənnəsinin dəyişməyəcəyini göstərir. Dünya bazarında son 10 gün ərzində neftin qiyməti ucuzlaşırdı. Lakin hazırda qiymətlər artmaqda davam edir. Növbəti həftədə bu qiymətlərin bir qədər də bahalaşması gözlənilir. Belə olacağı təqdirdə manatın məzənnəsi dəyişməyəcək... Ola bilsin ki, təxminən 5 faiz bu və ya digər amillər səbəbindən bahalaşma olsun».

İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışını edir
İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışını edir

«Yüksəliş»

«Azərbaycan» qəzetində «İnamlı yüksəliş, davamlı tərəqqi» sərlövhəli yazı dərc edilib.

Yazıda Nazirlər Kabinetinin bu günlərdə 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası fonunda ölkədə ümumu vəziyyət dəyərləndirilir.

Müəllif iddia edir ki, prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının uğurlu icrası ilə 2018-ci il də daxili və xarici siyasətdə mühüm nailiyyətlərlə yadda qalıb.

Yazıda həmin iclasda prezident İ.Əliyevin çıxışına da toxunulur: «Dövlət başçısı vurğuladı ki, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, ölkəmiz uğurla, sürətlə inkişaf edib, 2018-ci il tarixə dərin iqtisadi islahatlar ili kimi düşüb».

Müəllif yazıb ki, İ.Əliyev çıxışında öncə regionların üçüncü sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına toxunaraq beşillik proqramın yerinə yetirildiyini söyləyib. Yazıda qeyd edildiyinə görə, habelə, nəticələr barədə danışan dövlət başçısı regionların dördüncü sosial-iqtisadi inkişafı haqqında dövlət proqramının da hazır olduğunu bildirib.

Yazıda daha sonra son 15 ilin (İ.Əliyevin hakimiyyətdə olduğu dövr-R) statistikasına toxunulur. Müəllif sonda da yazıb: «Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq».

XS
SM
MD
LG