Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:52

Trump Putinə necə ‘kömək edib’ – Qərb mediası


Donald Trump (sağda) və Vladimir Putin Argentinada Böyük 20-liyin sammitində, 30 noyabr, 2018-ci il
Donald Trump (sağda) və Vladimir Putin Argentinada Böyük 20-liyin sammitində, 30 noyabr, 2018-ci il

ABŞ-da xüsusi prokuror Robert Muellerin hesabatı Prezident Donald Trump-ın Rusiyaya “Birləşmiş Ştatlarda sabitsizlik yaratmağa” necə kömək etdiyini ortaya qoyacaq. Bunu əfsanəvi jurnalist Carl Bernstein deyir.

Vaxtilə prezident Richard Nixon-un istefasıyla sonuclanmış Uoterqeyt (Watergate) qalmaqalı ilə məşhurlaşan Bernstein bazar günü CNN televiziyasına müsahibə verib. Həftəsonu “The New York Times” və “The Washington Post” qəzetləri Trump-ın və köməkçilərinin Rusiyayla mümkün işbirliyinə dair yeni ayrıntıları dərc edib.

The Post yazıb ki, Trump Rusiya Prezidenti Vladimir Putin-lə birbaşa söhbətlərini gozlətməkdən ötrü “qeyri-adi miqyasda” hərəkət edib. The Times-ın yazmasına görə, Trump Federal Təhqiqat Bürosunun keçmiş direktoru James Comey-i 2017-ci ildə vəzifədən kənarlaşdırandan sonra büro onunla bağlı əks-kəşfiyyat araşdırmasına başlayıb.

Trump Rusiyayla işbirliyinə getməsi iddialarını rədd edir. Ancaq Bernstein “ABŞ hökumətində ən ciddi əks-kəşfiyyat adamları”na istinadla deyir ki, “prezidentin sözləri və hərəkətləri bizə onun müəyyən anlamda Vladimir Putinin bilərəkdən, bilməyərəkdən, yaxud yarı-bilərəkdən girovuna çevrilməsi qənaətinə gəlməyimizlə sonuclanıb”.

Vaşinqtonda etiraz aksiyası
Vaşinqtonda etiraz aksiyası

“… O, Putinin məqsədlərini yerinə yetirib. O, Putinə Birləşmiş Ştatlarda sabitsizlik yaratmaqda, seçkilərə müdaxilədə kömək edib, dəxli yoxdur, bunu məqsədli edib, ya yox”, – jurnalist deyib. O, “yüksək səviyyəli mənbələrinə” istinadla Muellerin hesabatında da bu versiyanın müzakirə olunacağını deyib.

Mənə deyiblər ki, Muellerin hesabat layihəsinin bir hissəsi bu haqdadır. Bilirik ki, keçmiş təhlükəsizlik müşaviri Michael Flynn müəyyən işbirliyinə yol verib. Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort tərəfindən müəyyən hərəkətlərə yol verildiyini bilirik. Sual odur ki, prezident nəyi bilib və nə vaxt bilib?” – jurnalist vurğulayıb.

Amerikalılar hökumətin bağlanmasına görə prezidenti qınayır

Amerikalıların çoxu hökumətin qismən bağlanmasına görə Prezident Donald Trump-ın məsuliyyət daşıdığını bildirir. Bunu son rəy sorğuları üzə çıxarıb.

Artıq hökumətin bağlanmasını “çox ciddi” sayan amerikalıların sayı 50 faizə yüksəlib. Miladdan öncə bu göstərici 29 faiz idi. Sorğunu Huffington Post qəzeti və YouGov mərkəzi keçirib.

Ağ evin qarşısında hökumətin bağlanmasına qarşı etiraz aksiyası
Ağ evin qarşısında hökumətin bağlanmasına qarşı etiraz aksiyası

Rəyi soruşulanların 25 faizə qədəri deyib ki, hökumətin bağlanmasının onlara şəxsən təsiri olub, yaxud olacaq. Bəziləri bu məsələdən ümumilikdə narahatdır.

Arizona ştatından bir qadın oğlunun federal işçi olduğunu, bir yaşlı övladına bez və yemək almaqdan ötrü başqa yolu qalmadığını yazıb: “O pul almaq üçün işləməlidir. Ona kömək edirəm, amma mənim də imkanım məhduddur. Kürəkənimi də ödənişsiz məzuniyyətə yollayıblar, yaxşı ki qızım tamştatlı işləyir. Amma o da martda analıq məzuniyyətinə çıxır və onların da pulu olmayacaq”.

Demokrat olan bu qadın Prezident Donald Trump-a və respublikaçılara hərəkətlərin görə aşağı qiymət verir.

Sorğu partiya mənsubiyyətinin rəyi soruşulanların fikrinə təsir göstərdiyini yazır. Məsələn, daha bir qadının da ailə üzvləri pul ala bilmir. O, prezidentin, Konqresdəki hər iki partiyanın hökumətin bağlanmasına görə məsuliyyət daşıdığını deyir. Amma qadın respublikaçıdır və Trump-ın Meksikayla sərhədi hasarlamaq niyyətini dəstəkləyir. O ümid edir ki, bu məsələdən dolayı qismən bağlanmış hökumət açılacaq, məsələ yoluna qoyulacaq.

ABŞ hökumətinin vəziyyəti necədir

ABŞ hökumətinin qismən bağlanması nəticəsində artım, xərcləmələr, icarələr haqda əsas hesabatlar ya yubanır, ya da natamam təqdim olunur. Bu səbəbdən iqtisadiyyatın durumunu dəyərləndirmək çətinləşir. Bu haqda “The Associated Press” agentliyi yazır.

Kapitoli binası
Kapitoli binası

Məsələn, bu həftə ev tikintisi və pərakəndə satışla bağlı hökumətin məlumatı açıqlanmayacaq, çünki bu sənədləri hazırlayanlar məzuniyyətə buraxılıb. Satış hesabatların istehlakçı xərcləmələrinin mənzərəsini ortaya qoyur və bu, iqtisadiyyatın üçdə ikisinin özəyini təşkil edir. Macy’s və Kohl’s ötən həftə bildiriblər ki, bayram satışları gözlədiklərindən zəif olub.

Yanvarın 30-na gözlənən iqtisadiyyatın ümumi artımına dair hesabat da çıxmayacaq. Hətta o vaxtadək hökumət tam açılsa belə, federal işçilərin ölkənin ümumdaxili məhsuluna dair hesabatı hazırlamağa yetərincə vaxtları qalmayacaq.

Doğrudur, bütün agentliklər bağlı deyil. Konqres Əmək departamentinin maliyyəsini təsdiqləyib və hökumətin gələn ay üçün iş yerləri hesabatları qrafikə uyğun olaraq fevralın 1-də dərc olunacaq. Di gəl, hökumətin ondan sonra həmin hesabatları nə qədər müddətə hazırlaya biləcəyi sual altındadır. İş yerləri hesabatları iqtisadiyyatın barometri hesab olunur.

İqtisadiyyat bir çox aspektlərdə sağlamdır, amma gələn aylarda artımın yavaşıyacağı, hətta dayana biləcəyi sarıdan narahatlıq var. Qlobal artıma təsirini göstərmir. ABŞ-Çin ticarət müharibəsi biznes investisiyasını yavaşıdır. Trump administrasiyasının vergiləri azaltmasının yaratdığı stimulun da azalacağı gözlənir.

XS
SM
MD
LG