Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Trump və Erdoğan arasında telefon söhbəti olub


Prezidentlər Recep Tayyip Erdoğan (solda) və Donald Trump
Prezidentlər Recep Tayyip Erdoğan (solda) və Donald Trump

ABŞ prezidenti Donald Trump türkiyəli həmkarı Recep Tayyip Erdoğanla telefon söhbəti zamanı ona ABŞ-ın Suriyadakı müttəfiqi sayılan kürd hərbi birləşmələrinə hücum etməmək barədə xəbərdarlıq edib.

Yanvarın 14-də Ağ Evin sözçüsü Sarah Sanders-in açıqladığı bəyanatda deyilir: "Prezident Suriyanın şimal-qərbində Türkiyənin təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün birgə işləmək istəyini ifadə edib, eyni zamanda Türkiyənin kürdlərlə və İŞİD-ə qarşı bizimlə birgə döyüşmüş Suriya Demokratik Qüvvələri ilə pis rəftar etməməsinin Birləşmiş Ştatlar üçün mühümlüyünü vurğulayıb”.

Sanders deyib ki, Trump və Erdoğan habelə Suriyada “davam edən əməkdaşlığı” müzakirə ediblər.

Bundan əvvəl Donald Trump-ın Türkiyəyə kürdlərlə bağlı sərt xəbərdarlıq verdiyi bildirilirdi.

***

Ankara Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə hücum edərsə, Birləşmiş Ştatlar “Türkiyəni iqtisadi cəhətdən məhv edər”. Belə bir xəbərdarlıqla ABŞ Prezidenti Donald Trump çıxış edib.

Türkiyə bundan öncə İslam Dövləti (İŞİD) yaraqlıları ilə savaşan, ABŞ-a müttəfiq kürd qüvvələrə hücum etməklə hədələyib. Ankara onları Türkiyənin içindəki yaraqlılara bağlı terrorçular hesab edir.

Yanvarın 14-də yazdığı tvitində Trump həm də kürdlərə xəbərdarlıq edib ki, “Türkiyəni təhrik etməsinlər”.

Trump-ın sözlərinə görə, Birləşmiş Ştatlar Suriyadan “uzun, vaxtı çatmış çıxarılma” prosesinə başlayıb, ancaq eyni zamanda İŞİD yaraqlıları ilə mübarizəni də davam etdirir.

Suriyada ABŞ əsgəri, arxiv fotosu
Suriyada ABŞ əsgəri, arxiv fotosu

“İŞİD geri qayıdarsa, yaxınlıqdakı bazadan hücum edəcəyik. Türkiyə kürdləri vurarsa, onu iqtisadi cəhətdən məhv edərik. 20 millik təhlükəsiz zona yaradacağıq. Kürdlərin də Türkiyəni təhrik etməməsini istəyirəm”, – Trump yazıb.

Qeyd edək ki, ABŞ-ın kürdlərin YPG qruplaşmasını dəstəkləməsi iki müttəfiqin münasibətlərini gərginləşdirib. Türkiyə bu qruplaşmanı qadağan olunmuş PKK-nın əlavəsi sayır.

LİRƏ YENƏ UCUZLAŞIR

Ötənilki diplomatik böhran zamanı Trump Türkiyənin iki nazirinə sanksiyalar tətbiq edib, Türkiyədən metal ixracına tarifləri qaldırıb. Avqustda türk lirəsi rekord səviyyədə ucuzlaşıb.

Dünənki bəyanatdan sonra isə lirə bazar ertəsi 1 faizdən artıq düşüş yaşayıb, bir dollar 5,52 lirəyə bərabərləşib.

Türkiyənin də cavabı gecikməyib. Prezidentin sözçüsü İbrahim Kalin deyib ki, Trump Vaşinqtonun Ankarayla alyansına sayqı göstərməlidir.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton və Ibrahim Kalin (sağda) Ankarada, 8 yanvar, 2019-cu il
ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton və Ibrahim Kalin (sağda) Ankarada, 8 yanvar, 2019-cu il

Cənab Donald Trump, Suriya kürdlərini ABŞ-ın terrorçu siyahısına olan PKK və onun Suriya qanadı olan PYD/YPG ilə eyniləşdirmək ağır səhvdir”, – Kalin Twitter-də yazıb.

Terrorçular sizin tərəfdaşlarınız və müttəfiqləriniz ola bilməzlər. Türkiyə Birləşmiş Ştatlardan strateji tərəfdaşlığımıza sayqı gözləyir, terrorçu təbliğatının bunu kölgələməsini istəmir”, – sözçü vurğulayıb.

Trump təhlükəsizlik zonasıyla bağlı detalları açıqlamayıb. O, ötən ay elan edib ki, ABŞ qüvvələrini Suriyadan çıxaracaq, İŞİD üzərində qələbə çalındığını, daha onlara ehtiyac olmadığını deyib.

Amma ABŞ rəsmiləri o vaxtdan qarışıq mesajlar verirlər. ABŞ koalisiyası cümə günü bildirib ki, qüvvələrin çıxarılmasına başlanıb. Amma sonradan söhbətin əsgər deyil, avadanlıqdan getdiyi bəlli olub.

“AP” agentliyi adını çəkmədiyi ABŞ müdafiə rəsmilərinə istinadla yazır ki, onlar hərbi avadanlığın çıxarılmasına başlayıblar. Yaxın həftələrdə 2 min hərbçinin çıxarılacağını gözləmək olar.

Trump-ın Suriyadan çıxmaq qərarı müttəfiqlərini sarsıdıb, Suriyadakı kürdləri qəzəbləndirib. O, qüvvələrin tezliklə çıxarılacağını desə də sonradan prosesin ləng gedəcəyini bəyan edib.

Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin rəsmisi bazar günü bildirib ki, İŞİD İraqla sərhəddə nəzarət etdiyi anklavda “son anlarını yaşayır”.

***

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

Ankara sərhəddə “təhlükəsiz zona” yaradılmasına qarşı deyil, amma strateji tərəfdaşlar və müttəfiqlər sosial media üzərindən kommunikasiya yaratmamalıdırlar. Bunu Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu deyir.

“Türkiyəni iqtisadi cəhətdən hədələməklə heç nə əldə etmək olmaz. Birlikdə necə koordinasiya yaratmağı, bunu necə həll edə biləcəyimizi nəzərdən keçirməliyik”, – o, Ankarada Luksemburqun xarici işlər naziri ilə mətbuat konfransında deyib.

Erdoganın kommunikasiya üzrə direktoru Fahrettin Altun isə bildirib ki, “Türkiyə antiterror savaşını qətiyyətlə davam etdirəcək”, kürdlərin düşməni deyil, onların qoruyucusudur.

“Terror terrordur və mənbəyi qurudulmalıdır. Türkiyənin Suriyada elədiyi də budur”, – o, Twitter-də yazıb.

Türkiyə son iki ildə YPG döyüşçülərini Suriyanın Afrin regionundan və Fərat çayının qərb sahili boyunca digər yerlərdən çıxarıb. Ankara indi çayın şərq sahilini vurmaqla hədələyir, indiyədək ABŞ qüvvələri ilə qarşıdurmaya getməməkdən ötrü bunu etməyib.

***

Türkiyə Suriyanın şimalındakı İdlibdə sülhün saxlanması və zorakılıqların önlənməsi üçün gərəkəni edir. Bunu Türkiyənin xarici işlər naziri bu gün – yanvarın 14-də deyib. İdlib üsyançıların əlində olan sonuncu məkandır.

İslamçı yaraqlılar bir həftədən çoxdur Türkiyənin dəstəklədiyi üsyançılarla savaşır və əraziyə nəzarəti möhkəmləndiriblər.

Ankarada danışan Mevlut Cavusoglu deyib ki, İdlib “terrorçu yuvası”na çevrilərsə, bu, Suriya hökumətinin günahı olacaq, çünki ölkənin ta cənubundakı Daraadan belə terrorçuları avtobuslarla buraya köçürüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG