Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:29

Trump Putinlə söhbətlərinin detallarını gizlətmədiyini deyir


Almaniya - Vladimir Putin və Donald Trump, 7 iyul, 2007

"Washington Post" qəzeti yazır ki, ABŞ prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putinlə görüşlərinin detallı stenoqramı yoxdur.

Qəzet bunu adının çəkilməsini istəməyən Ağ ev rəsmilərinə (indiki və keçmiş) istinadla yazdığını qeyd edir.

"Washington Post" yazır ki, Trump bu görüşlərin təfərrüatının gizli saxlanması üçün xüsusi canfəşanlıq edib.

Qəzetin iddiasına görə, Trump hətta tərcüməçidən söhbətlə bağlı qeydləri də müsadirə edib və tərcüməçilərə Ağ evin başqa rəsmiləri ilə görüşün detallarını müzakirə etməyi yasaqlayıb.

"Washington Post" belə hərəkətin əvvəlki prezidentlər üçün səciyyəvi hal olmadığını yazır.

Qəzetin yazdığına görə, prezidentin bu canfəşanlığı, 2017-ci ildə Trump-ın Putinlə Hamburqdakı görüşündən sonra Ağ ev rəsmiləri tərcüməçidən görüş haqda ətraflı məlumat istəyəndə məlum olub.

Ağ evin adının çəkilməsini istəməyən sözçüsü qəzetin yazdıqlarını şərh edərkən deyib ki, sözügedən görüşdə o zamankı dövlət katibi Tillerson da iştirak edib və görüşdən sonra həm Ağ ev rəsmilərinə, həm də mediaya görüş barədə ətraflı məlumat verib.

Sözçünün bildirdiyinə görə, Trump həmin görüşdə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışıb - əvvəlki prezident Obamanın korladığı münasibətləri düzəltməyə cəhd edib.

Ağ evin sözçüsü onu da deyib ki, prezident Trumpın administrasiyası son illərdə Rusiyaya ciddi sanksiyalar qoyub.

Trump "Fox News " telekanalına müsahibəsində deyib ki, Putinlə Hamburqdakı görüşü çox yaxşı keçib, orda Rusiya prezidenti ilə İsrail məsələsini və bir sıra başqa məsələləri müzakirə edib. Trump heç kimdən heç nə gizlətmədiyini deyib.

Ağ evin sözçüsü Sarah Sanders qəzetin yazdıqlarını "hiddətdoğuracaq dərəcədə qeyri-dəqiq" adlandırıb.

Sanders iddia edib ki, Trump Rusiya məsələsində özündən əvvəlki prezidentlərdən daha sərt yanaşma sərgiləyir.

XS
SM
MD
LG