Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya Suriyadakı əsgərlərini çıxarmağa başlayıb. Bunu ordunun sözçüsü polkovnik Sean Ryan deyir.
Sözçü yanvarın 11-də yaydığı bəyanatında bildirir ki, “Suriyadan məqsədli çıxma prosesi başlanıb”. O, əlavə detal açıqlamayıb.
“Əməliyyat təhlükəsizliyi səbəbindən konkret vaxtı, məkanı və əsgərlərin hərəkətini müzakirə etməyəcəyik”, – Ryan vurğulayıb.
Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, ABŞ koalisiyası Suriyanın şimal-şərqindəki Hasake vilayətində Rmeylan aerodromunda qüvvələrini azaltmağa başlayıb.
Qurum ABŞ əsgərlərinin hərbi bazadan yanvarın 10-da çıxmağa başladığını bildirib, bunu “Amerika qüvvələrinin çıxarılması yönündə ilk addım” adlandırıb.
Prezident Donald Trump dekabrın 19-da elan edib ki, Suriyadakı 2 min ABŞ hərbçisini çıxarmaq istəyir.
Trump bu açıqlamanı türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon danışığından sonra verib. Ancaq bu qərar ABŞ-ın müttəfiqləri, elə öz administrasiyası tərəfindən tənqid olunub.