Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:11

Ukrayna seçkilərinin beş bəlli tərəfi – Qərb mediası


Siyasi karikatura
Siyasi karikatura

Bu il Ukraynada seçki ilidir, martda yeni prezident, payızda isə yeni parlament seçiləcək. Atlantik Şurasının saytında Brian Mefford yazır ki, prezident seçkisinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil, amma bu siyasi dönəmlə bağlı beş məsələ bəllidir.

Birincisi, açıq şəkildə Rusiyanı dəstəkləyən namizəd qalib gələ bilməz və bu, ölkənin indisini keçmişindən fərqləndirən ən böyük dəyişiklikdir. Ukraynanın müstəqillik əldə etdiyi dönəmdən 2012-ci ilədək rusiyapərəst elektorat böyük rol oynayıb. Ancaq Vladimir Putin 2014-cü ildə Krımı ilhaq etməklə, Donbası tutmaqla Ukrayna elektoratının rusiyayönlü hissəsini məhv edib.

İkincisi, rəy sorğularının yanlış olduğu üzə çıxacaq. Ukrayna mediasının hər gün yaydığı sorğularda Yulia Tymoshenko liderdir, ikinci yerdə yeni sifətdir, hazırkı prezident isə üçüncüdür. “2016-cı ildə ABŞ-da rəy sorğuları Hillary Clinton-un qələbə çalacağını proqnozlaşdırırdısa, Ukraynadakı sorğulara nə dərəcədə inanmaq olar?” müəllif yazır.

Yulia Tymoshenko
Yulia Tymoshenko

Üçüncü amil prezidentliyə namizədlərin hamısının əslində parlamentdə yer qazanmaq uğrunda kampaniya aparmasıdır. Müəllifin fikrincə, seçkiylə bağlı aydın dördüncü amil Tymoshenko ilə indiki prezident Petro Poroshenko-nun seçkinin ikinci raunduna çıxacağıdır.

Və nəhayət, beşinci amil prezident seçkisinin qalibinin parlament seçkisində də üstünlük əldə edəcəyidir. Rəy sorğuları 8-10 partiyanın parlamentə düşə biləcəyini, ancaq heç birinin üstünlük qazanmayacağını göstərir. Bu səbəbdən istənilən parlament çoxluğuna çoxpartiyalı koalisiya gərəkəcək.

Bəziləri şikayətlənirlər ki, bu seçki də əvvəlkilərə bənzəyəcək, köhnə sifətlər hakimiyyətə qayıdacaq. Müəyyən dərəcədə haqlıdırlar. Amma paradiqma Ukraynanın Avropa sivilizasiyasını seçməsilə dəyişib. İctimaiyyət daha yüksək standart, şəffaflıq tələb edir, daha liderlərinin bəyanatlarını olduğu kimi qəbul etmirlər. Ukraynalılar indi səlahiyyət sahibidirlər və səlahiyyətli vətəndaşlıq Ukraynanı irəli aparacaq”, – məqalədə vurğulanır.

Azad cəmiyyətlər Rusiyanın media taktikasını mənimsəyirsə...

Cəmiyyətinin əsasını təşkil edən prinsipdən ona zərbə vurmaq üçün istifadə olunursa, buna necə reaksiya verirsiz? Hazırda bu sual liberal demokratiyalar qarşısında durur. Axı, Rusiya və digər ölkələr azad söz və onun institutlarından, özəlliklə də ənənəvi və sosial mediadan sui-istifadə edir, bunu dezinformasiya və seçkiyə müdaxilə vasitəsilə gerçəkləşdirir. “The Guardian” qəzetində James Ball Rusiyanın informasiyadan manipulyasiya strategiyasının çoxtərəfli, fərqli olduğunu qeyd edir. Moskva Rusiyanın nəzarətində olan RT və Sputnik kimi media orqanlarından, sosial mediadakı “bot” hesablarından və dövlətin himayə etdiyi hakerlərdən yararlanır. Məqsəd də qərb siyasətinə, mediasına təsir göstərməkdir.

İllüstrativ foto
İllüstrativ foto

Rusiyanın dəstəklədiyi silahlı qruplaşma Malayziya Hava Yollarına məxsus təyyarəni vuranda mediası fərqli, ziddiyyətli izahatlar ortaya qoydu. Rusiyalı ikili agent Sergei Skripal və qızı İngiltərənin Solsberi şəhərində zəhərlənəndə Rusiyanın sponsorluq etdiyi media orqanları və tərəfdarları rəsmi versiyanı kölgələmək üçün sualı sual dalınca yağdırdılar.

Bu taktika yalnız azad cəmiyyətlərdə işləyir, şübhə və debat həvəsləndirilir, ənənəvi media orqanları fərqli səslərə meydan verir… İmmun sistemini özünə qarşı çevirən virus kimi Rusiyanın informasiya strategiyası da azad media və azad sözü öz cəmiyyətinə qarşı çevirir. Belə informasiya müharibəsinə dirəniş göstərmək isə çətin və incə bir işə çevrilir”, – yazan müəllif Avropada yaradılmış “Bütövlük Təşəbbüsü” (Integrity Initiative) adlı qurumun işinin əks-təsir göstərməsindən söz açır. Qurum vebsaytında məqsədinin propaqanda və dezinformasiyayla mübarizə olduğunu yazır.

Britaniyanın Xarici İşlər Nazirliyindən və digər hökumətlərdən maliyyələşən təşəbbüs əsasən Rusiya dezinformasiyası ilə mübarizəyə fokuslanıb. Di gəl, tezliklə hədəfə çevrilib, çünki Twitter hesabında Leyboristlər Partiyasının lideri Jeremy Corbyn-i tənqid edən məqalələri yayıb. Britaniya hökumətindən maliyyələşdiyini nəzərə alanda bu siyasi hücum yersiz idi. Tezliklə leyboristlərdən siyasətçi Chris Williamson qrupla bağlı parlament təhqiqatı aparmağa çağırır. Növbəti addım isə bu təşəbbüsün haker hücumuna məruz qalması olur, daxili sənədləri anonim olaraq internetdə yerləşdirilir.

Dezinformasiyaya dirəniş göstərmək əvəzinə, qurumun mövcudluğu belə bir sıra qrupların – ənənəvi medianı anti-Corbyn sayan Britaniya solçularının; Rusiyaya rəğbət bəsləyənlərin; WikiLeaks və tərəfdarlarının şübhələrini təsdiqləmiş oldu”, – müəllif vurğulayır.

Dünyada haker hücumları barədə nə düşünürlər

Bir çox ölkələrin sakinləri hökumətlərin məlumat bazalarının, dövlət infrastrukturunun, seçkilərin gələcəkdə də haker hücumuna məruz qala biləcəyini düşünür. Bunu “Pew” araşdırma mərkəzinin ölkədə keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Arxiv fotosu
Arxiv fotosu

Rəyi soruşulanların təxminən yarısı (47%) deyib ki, ölkələri böyük kiberhücumu yoluna qoymağa hazırdır. Amma ölkələr üzrə fikirlər haçalanır. İsraildə respondentlərin üçdə ikisi (73%), Rusiyada isə 67%-i ölkələrinin böyük kiberhücuma hazır olduğunu deyir.

Hər beş braziliyalıdan yalnız biri (16%), argentinalıları 9 faizi bu fikirdədir.

Birləşmiş Ştatlarda rəyi soruşulunların isə yalnız 53 faizi ölkənin böyük kiberhücumun öhdəsindən gələ biləcəyini deyib.

Almaniya və Yaponiya daxil böyük iqtisadiyyatlarda isə respondentlərin yarısı və daha çoxu belə bir hücuma hazır olduqlarını deyib.

Rusiyada Prezident Vladimir Putinin Vahid Rusiya Partiyasını dəstəkləyənlərin təxminən 75 faizi, dəstəkləməyənlərin isə 61 faizi ölkənin belə bir hücumun öhdəsindən gələcəyini düşünür. Afrika və Avropanın bəzi ölkələrində, həmçinin Kanadada da oxşar tendensiya üzə çıxıb.

XS
SM
MD
LG