Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:09

'Bank borcları ilə bağlı məhkəmə qərarı olmadan da...'-Media icmalı


Manat
Manat

Özəl sektorun vəziyyəti, Azərbaycana bəzi ölkələrdən gələn turistlərin sayının azalmasının səbəbləri, bank borcları ilə bağlı məhkəmə qərarı olmadan da insanların xaricə çıxışına yasaq qoyulması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Banka borcu olanlar

«Yeni Müsavat» qəzetində «Bank borcuna görə ölkədən çıxışın yasaqlanması kütləvi hal alıb» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, Azərbaycanda problemli kreditlərin həcmində müəyyən azalma qeydə alınsa da, onun yaratdığı problemlər getdikcə artmaqdadır: «Mərkəzi Bankın açıqladığı məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 milyard 688.7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0.6 faiz az deməkdir».

Yazıda habelə bildirilir ki, 2018-ci ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3.8 faiz artıb: «Banklar kütləvi şəkildə borclu vətəndaşlarla bağlı məhkəmələrə müraciət edirlər... Nəticədə minlərlə şəxsin Azərbaycandan çıxışına qadağa qoyulur».

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan hüquq qanunvericiliyinə əsasən, borcunu ödəməyə imkanı olmayan vətəndaşın hərəkətinə, azadlığına hər hansı məhdudiyyət qoyulması yolverilməzdir: «Bu baxımdan, bank iddia qaldırmış olsa belə, vətəndaşın hərəkətinə məhdudiyyət yalnız onun ödəniş qabiliyyətinin olması məhkəmə yolu ilə isbat edildikdən sonra qoyula bilər...».

Hüquqşünas bildirir ki, praktikada qanunvericiliyin tələbləri əksər hallarda pozulur: «...Təsəvvür edin ki, minlərlə adam iki-üç uşaqla arvadını boşayır, aliment ödəmir, məhkəmə icraçıları onların çıxışlarına qadağa qoydurmurlar. Amma banklara borclu olanlara qarşı belə qadağa dərhal tətbiq olunur...».

Ekspert deyir ki, son vaxtlar bank borcluları ilə bağlı məhkəmə qərarı olmadan da çıxışa qadağa tətbiq olunur.

Otel
Otel

«Otellər boşdur»

Fed.az saytında «40-50 dollarlıq otellər belə boşdur- Azərbaycana gələn turistlər azalıb» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycana bəzi ölkələrdən gələn turistlərin azalması ilə bağlı fikirlər ətrafında ekspert Firdovsi Xəlilovun düşüncələri təqdim edilir.

Yazıda bildirilir ki, bəzi iddialara görə, 2018-ci ilin ortalarından etibarən ölkəyə gələn turistlərin sayında azalma müşahidə edilir.

Ekspert F.Xəlilov da bildirib ki, 2015-2016-cı illərlə müqayisədə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var: «2015-16-cı ilin yanvarında artıq otellər mart ayına Novruz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib. Turist axınının böyük hissəsini iranlı turistlər təşkil edirdi. İranlılar dörd-beşulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq otellərdə qalırdılar».

Ekspert iddia edib ki, indi vəziyyət dəyişib, yanvar ayı olmasına baxmayaraq, Novruz bayramı ilə bağlı otellərin heç də hamısı tutulmayıb: «Turistlərin sayı 70-80 faiz daha azdır, hətta 40-50 dollarlıq otellər belə boşdur».

F.Xəlilov hesab edir ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə bu ölkədə baş verən kasıblaşmadır: «Son il ərzində İran valyutası dörd dəfə dəyər itirib... Nəticədə iranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb».

Üstəlik, o hesab edir ki, Azərbaycan şirkətləri İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib.

F. Xəlilovun vurğulamasına görə, İraq turistlərindən ötrü də sadələşdirilmiş viza rejimi ləğv edilib.

İ.Əliyev Sumqayıt Kimya Sənaye Parkında
İ.Əliyev Sumqayıt Kimya Sənaye Parkında

İqtisadi inkişafın mühüm elementi –özəl sektor

«Azərbaycan» qəzetində «İşinin və sabahının sahibi» sərlövhəli yazıda isə ölkədə özəl sahənin inkişafı dəyərləndirilir.

Yazıda vurğulanır ki, ölkədə sahibkarlar sinfinin formalaşması Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafın mühüm cəhətlərindən biridir. «Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir», - müəllif özəl sektorun yerini belə təqdim edir.

Müəllifə görə, sahibkarlığın inkişafına dövlətin yaratdığı şərait və verilən dəstək ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayır.

Yazıda habelə iddia edilir ki, Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi keçmiş prezident Heydər Əliyevdir. Müəllif qeyd edir ki, son 15 ildə prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisində yeni səhifə açıb: «Görülmüş tədbirlər nəticəsində 2003-2018-ci illərdə ölkənin qeyri-neft məhsulları ixracı 4.1, ixrac olunan mal çeşidlərinin sayı 2.6 dəfə artıb. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4.2, hüquqi şəxslərin sayı 1.9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə çoxalıb. Müstəqillikdən sonra isə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub…».

XS
SM
MD
LG