Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Azərbaycan Avropanın qaz asılılığını azaldacaqmı – Qərb mediası


Azərbaycan Prezidenti İlham Əliyev CQD-nin rəsmi açılış mərasimində, arxiv fotosu
Azərbaycan Prezidenti İlham Əliyev CQD-nin rəsmi açılış mərasimində, arxiv fotosu

İllər boyu Avropa ölkələri qaz ehtiyatlarına çıxış sarıdan əndişələniblər, axı, onların qazının beşdə ikisini Rusiya kəmərləri təchiz edir. 2014-cü ildə Rusiya Ukraynaya gedən qazı kəsdi, AB ölkələrinin qazı da əsasən Ukrayna ərazisindən tranzit olunur. “The Economist” yazır ki, AB liderləri uzun müddət digər qaz mənbələrini nəzərdən keçiriblər, məsələn. Amerikanın mayeləşdirilmiş təbii qazı kimi, di gəl, bu da çox baha başa gəlir.

Ötən il AB ölkələri Rusiyadan rekord səviyyədə qaz idxal edib. Avropalı siyasətçilər Rusiya qazını Baltik dənizinin dibiylə Almaniyaya daşıyacaq kəmər – Şimal axını 2 layihəsindən də əndişələrini bildiriblər. Dekabrın 12-də Avropa Parlamenti qətnamə qəbul edərək təhlükəsizlik səbəblərində bu layihəni dayandırmağa çağırıblar. Ancaq məqalədə alternativ marşrutların da bir variant olduğunu yazır. Məsələn, dekabrın 7-də İtaliya hakimiyyəti Cənub Qaz Dəhlizinin (CQD) son hissəsinin tikintisini təsdiqləyib. Bu layihə Xəzər regionundan qazın Avropaya daşınmasını nəzərdə tutur. Layihənin 75 faizindən çoxu artıq hazırdır, fəhlələr hazırda onu Adriatik dənizinin dibindən İtaliyaya uzadırlar. Hər şey plan üzrə getsə, 40 milyard dollarlıq layihə çərçivəsində Azərbaycan qazının qərbi Avropaya idxalı 2020-ci ildən başlaya bilər. Ancaq məqalədə qeyd olunur ki, bu dəhliz belə Avropanın Rusiya qazından asılılığını azaltmağın necə çətin olduğunu ortaya qoyur.

İllüstrativ foto
İllüstrativ foto

Avropa Komissiyası ilkin olaraq kəmərin İrandan, ya da Türkmənistandan çəkilməsini təklif edirdi. Amma İran sanksiyalar altındadır və Türkmənistan qazının çoxunu Çinə satır...

İllərlə planlaşdırılmasına, layihənin mürəkkəbliyinə baxmayaraq, onun gücü ilə 16 milyard kubmetr qazdır ki, bu da avropalıların ümid etdiyinin yarısına bərabərdir. Cənub Qaz Dəhlizi AB bazarının tələbatının cəmi 2%-ni ödəyəcək. Bazar qiymətləri ilə SQD qazı Türkiyə və cənub-şərqi Avropa ölkələrində rəqabətli olsa da, qərbi Avropa bazarlarında belə deyil…” – yazan dərgi CQD-nin Rusiyadan qaz asılılığını azada bilməyəcəyini vurğulayır. Birincisi, Şimal axını-2 layihəsinə əlavə olaraq, Rusiya cənubi Avropaya qaz çatdırmaqdan ötrü başqa planlar da hazırlayıb. Rusiya qazını Qara Dənizdən Türkiyəyə daşıyacaq Türk Axını bu ildən işə düşməlidir.

İkincisi isə SQD-nin kommersiya baxımından sərfəli edəcək vədlər real görünmür. Layihənin tərəfdarları ixracı ikiqat artıra biləcəklərini deyirlər, əsasən də Türkmənistandan. Ancaq bunun üçün yeni infrastruktur və əlavə xərc tələb olunur.

Yeni Soyuq Müharibə başlanıb

Birləşmiş Ştatlarla Çin on illər boyunca yarışacaq. Vaşinqton Pekindən daha səbirli davranarsa, bu yarışmanı uda bilər. Bunu “Foreign Policy” dərgisində Robert D. Kaplan yazır.

Cənubi Çin dənizində ABŞ gəmisi
Cənubi Çin dənizində ABŞ gəmisi

Müəllif indi baş verənləri yeni soyuq müharibə adlandırır: Çinin kompüter hakerləri Amerikanın müharibə gəmilərinin hesabatlarına, Pentaqon heyəti barədə məlumatlara hücum edirlər. Bu durumun on illər boyunca çəkəcəyi qeyd olunur, iki prezidentin gülümsəyərək hansısa ticarət razılaşması əldə etməsindən asılı olmayaraq. ABŞ-Çin münasibətləri dünyada çox əhəmiyyətli sayıldığından bu iki ölkənin soyuq müharibəsi geosiyasətdə mənfi təməl prinsipi sayılır.

Çin ABŞ-ın donanma və hava qüvvələrini Qərbi Sakit okean hövzəsindən (Cənubi və Şərqi Çin dənizləri) çıxarmağa, ABŞ ordusu isə orada qalmağa qərarlıdır. Çin Cənubi Çin dənizinə amerikalıların 19-cu və 20-ci əsri əvvəllərində Karib dənizinə baxdığı kimi baxır, yəni quru torpağının mavi su əlavəsi kimi. Bu məkana nəzarət onlara Sakit Okeanda daha böyük əraziyə və Hind Okeanına genişlənmə imkanı verir. Di gəl, amerikalılar da Qərbi Sakit okeandan çıxan deyillər. ABŞ müdafiə isteblişmenti Sakit Okeanda Birləşmiş Ştatları daimi qüvvə kimi görür.

Ticarət danışıqlarına gəlincə, Çinin biznesini necə aparması Amerikalılarda qıcıq yaradır: əqli mülkiyyəti oğurlaması, həssas texnologiyanı əldə etməsi, valyuta manipulyasiyası da buraya daxildir. Ticarət danışıqları heç vaxt bu təməl prinsipləri dəyişə bilməyəcək və Çin də biznes modelini yalnız son həddə dəyişər. Müəllif Çinlə iqtisadi gərginliyin heç vaxt kəskin azalmayacağını, elə hərbi mühiti də qızışdıracağını qeyd edir.

Hələ üstəlik, məsələnin ideoloji aspekti də var. On illər boyunca Çinin başgicəlləndirici inkişafına Birləşmiş Ştatlarda müsbət baxırdılar, Deng Xiaoping-in və davamçılarının nisbətən maarifçi avtoritarizminə dözürdülər, özəlliklə də Amerikanın biznes mühitində. Ancaq Xi Jinping-in dövründə Çin yumşaq avtoritarizmdən sərt mərhələyə keçid alıb. Artıq şəxsiyyətə pərəstiş içində yaşayan ömürlük prezident ölkəyə rəqəmsal vasitələrlə tam nəzarət edir. Amerikada hər iki partiyanın liderləri isə buna getdikcə daha çox ikrah hissilə yanaşırlar. “Bundan başqa, rejim milyonlarla etnik müsəlman uyğuru sərt rejimli əmək düşərgələrinə məhkum edib. Amerika və Çin sistemləri arasındakı fəlsəfi bölgü artıq Amerika demokratiyası və Sovet kommunizmi arasındakı uçuruma kimi böyüyür”, – müəllif yazır.

Türkiyənin bu şəhəri su altında qala bilər

Türkiyənin cənub-şərqində yerləşən, əsasən kürdlərin yaşadığı Hasankeyf şəhəri su altında qala bilər. “Frans Pres” agentliyi 12 min yaşı olan bu şəhərin bir neçə aya itə biləcəyini yazır.

Ridvan Ayhan
Ridvan Ayhan

Nəticələrin mənim harada böyüdüyümü, harada yaşadığımı görməyəcəklər. Onlar haradan gəldiyimi soruşacaqlar. Nə edəcəyəm? Onlara gölü göstərim?” – yerli sakin Ridvan Ayhan deyib.

Bu şəhərin İlisu su-elektrik bənd layihəsinin bir hissəsi olan süni gölün altında qala biləcəyi təhlükəsi yaranıb.

Türkiyədə böyüklüyünə görə ikinci sayıla bu layihə Dəclə çayı üzərində salınıb.

İlisu Cənubşərqi Anadolu Layihəsinin bir hissəsidir. Planın məqsədi su-elektrik enerjisi və irriqasiya vasitəsilə regionun iqtisadiyyatını inkişaf etdirməkdir.

Bu layihə Hasankeyfin 3 min sakini arasında da fikir ayrılığı yaradıb. Bəziləri onların dədə-baba yurdunun qurban verilməsindən qəzəblənib, digərləri isə Ankaranın vəd etdiyi iqtisadi faydaları səbirsizliklə gözləyir.

Bu regionda müxtəlif qədim imperiyaların izləri var, minlərlə mağarada 1970-ci illərədək yaşayanlar olub və turistlərin diqqətini çəkir. Di gəl, hökumət tənqidləri rədd edir, abidələrin qorunmasından ötrü bütün işlərin görüldüyünü bildirir.

XS
SM
MD
LG