Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:52

'Un bahalaşıb'-Media icmalı


Un
Un

Azərbaycana yatırılan investisiya, unun bahalaşması, növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Çörəyin qiyməti qalxacaq, ya çəkisi azalacaq?

Modern.az saytında «Unun qiyməti niyə qalxıb?...» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, son vaxtlar Azərbaycan ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə edilir.

Müəllifin qeyd etməsinə görə, bu ilin əvvəlindən bir kisə unun qiymətində bir neçə manat bahalaşma var: «İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq «Mehriban» unu 27 manatdan 28.50 manata, «Sarı Sünbül» unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, «Karmen» unu isə 25 manatdan 27 manatadək bahalaşıb».

Yazıda paytaxt sakinlərinə istinadən bildirilir ki, əslində qiymətlərdəki artım istehsalçı şirkətlərin dediyi rəqəmlərdən çoxdur. «Əvvəllər 21 manata aldığımız 45 kq-lıq «Karmen» ununun kisəsini 25 manat 20 qəpiyə aldım. Qiymət artımı düz 4 manat 20 qəpik təşkil edirdi»,-sakinlərdən biri söyləyib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov mövzu ilə bağlı modern.az-a bunları bildirib: «2018-ci ildə ölkədə qarğıdalı ilə birlikdə ümumilikdə 3.29 milyon ton taxıl istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12.6 faiz çoxdur. Taxıl istehsalının əvvəlki illərlə müqayisədə artması göstərir ki, qıtlıqla bağlı iddiaların əsası yoxdur. Nazirlik un emalı prosesində iştirak etmədiyi üçün qiymət məsələsinə cavabdehlik daşımır».

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır: «Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur. Bu da unun bahalaşmasına təsir edib. Bizim xaricdən aldığımız taxılı yerli taxıla qatmaq hesabına çörək hazırlanır. Təəssüf ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil...».

Ekspert hesab edir ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq: «Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır...».

Milli Məclis
Milli Məclis

Növbədənkənar parlament seçkiləri söhbətləri

«Yeni Müsavat» qəzetində «Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi xəbəri yayıldı» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında məlumat əldə ediblər. Yazıda vurğulanır ki, növbədənkənar prezident seçkisi kimi (2018-ci ilin aprelində keçirilib. Prezident seçkisi 6 ay önə çəkilib-A.R), bu seçkilər də seçki kampaniyasına az qalmış təyin edilə bilər: «Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur. Lakin nəzərə alaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi. Buna baxmayaraq, yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil...».

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur: «Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib».

Deputat Fazil Mustafa isə hesab edir ki, Konstitusiya dəyişikliyi, növbədənkənar prezident seçkisinin keçirilməsi parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır: «Amma siyasi məqsədəuyğunluq olarsa, seçki vaxtından qabaq da keçirilə bilər».

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.

Biznes
Biznes

Azərbaycana yatırılan investisiya

«Azərbaycan» qəzetində «13 milyard manat investisiya» sərlövhəli yazı dərc edilib.

Yazıda Azərbaycanın investisiya siyasəti dəyərləndirilir.

Yazıda bildirilir ki, başa çatan ötən il də gərgin siyasi və iqtisadi qarşıdurmalarla yadda qalıb. Müəllifin fikrincə, üstəlik, siyasi ziddiyyətlərdən qaynaqlanan səbəblər üzündən neftin qiyməti də qeyri-sabit olaraq qalıb: «Belə bir şəraitdə bütün ölkələrin daha çox ehtiyac duyduqları isə sərmayə yatırımıdır. Çünki iqtisadiyyatın dinamik inkişafını təmin edən başlıca şərtlərdən biri məhz kapital qoyuluşudur. Çox diqqətçəkən faktdır ki, məlum səbəblərdən dünyada qarşılıqlı investisiya qoyuluşunda azalma müşahidə edilsə də, ölkəmizdə bu problem yoxdur və yaradılan şəraitə, hökm sürən siyasi sabitliyə görə Azərbaycan iqtisadiyyatı sərmayə yatırımından korluq çəkmir».

Müəllif Dövlət Statistika Komitəsinə (DSK) istinadən qeyd edir ki, ötən ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899.4 milyon manat vəsait yönəldilib: «Yaradılan münbit investisiya mühitinə görə bu gün də ölkə iqtisadiyyatına yabançı sərmayə qoyuluşu davam edir. Bunun nəticəsidir ki, ötən ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 754.5 milyon manat vəsait yönəldilib».

Müəllif yazıb ki, kapital qoyuluşu ölkədə bir sıra yeni sosial, iqtisadi və infrastruktur obyektlərinin tikilib başa çatmasına imkan yaradıb...

XS
SM
MD
LG