Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Avronun 20 yaşında nəyə ehtiyacı var – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Avro 1999-cu il yanvarın 1-də dövriyyəyə buraxılanda həm birləşdirici, həm də bölücü kimi görünürdü. Bir tərəfdən Avropanın liderlərini birləşdirmişdi, daha sıx inteqrasiyanın, daha asan ticarətin, daha sürətli artımın yeni erasının başlandığını deyirdilər, dollara rəqib valyuta yaratdıqlarını düşünürdülər. Ancaq avroyla bağlı iqtisadçıların fikirləri haçalanırdı. Onların bəziləri xəbərdarlıq edirdilər ki, Avropanın qeyri-bərabər iqtisadiyyatlarını vahid pul siyasətində birləşdirmək tarixi səfehlikdir. Onlar yeni yaranan bazarlarla müqayisə aparır, onların mərkəzi banklardan asılılığının tez-tez böhranlar yaratdığını vurğulayırdılar. “The Economist” avronun indiyədək iflasa uğramadığını, son anda liderlər tərəfindən xilas edildiyini yazır. Onlar vahid valyutanı xilas etməyə güclü şəkildə sadiq qaldıqlarını sərgiləyiblər.

Bu layihəyə ictimai dəstək də güclüdür. Hər beş avrozona sakinindən üçündən çoxu deyir ki, vahid valyuta onların ölkəsi üçün yaxşıdır. 75 faiz bunun Avropa Birliyi üçün yaxşı olduğunu bildirir.

Ancaq bu dəstək iqtisadi, yaxud siyasi uğur demək deyil. Avrozona ölkələri heç vaxt vahid valyuta bazarına aid görünməyiblər… Hazırda İtaliyada yaşayış standartı 1999-cu ildəkindən azacıq yuxarıdır. İspaniya və İrlandiyada son dövrlər müəyyən artım baş versə də, onların uyğunlaşması uzun və ağır çəkib, yarımçıq qalıb. İspaniyada gənclər arasında işsizlik 35 faizdir. Maaş artımı demək olar,hər yerdə ləng gedir”, – məqalədə deyilir. Dərgi avronun tarixinin texnokratların səhvləri ilə dolu olduğunu vurğulayır. Ən pisi 2010-cu ildə Yunanıstanın borclarının ödənilmək iqtidarında olmadığını dərk etmək idi. Yunanıstan uzunmüddətli depressiya yaşayıb, iqtisadiyyatı hazırda on il öncəkindən 25 faiz kiçikdir.

İllüstrativ foto
İllüstrativ foto

Liderlər avroya sadiq ola bilərlər, ancaq onu möhkəmləndirməklə bağlı razılığa gələ bilmirlər. Bu böhran kreditor və debitor ölkələr arasındakı parçalanmanın dərinliyini üzə çıxardı: şimaldakı seçicilər başqa yerlərdə əbəs cəhdlərə görə pul ödəyən deyillər. İqtisadi durğunluq Yunanıstan və İtaliyada populistlərin hakimiyyətə gəlməsinə kömək etdi. İslahatlar ləng getdiyindən böhran yenidən alovlana bilər. Bu baş verərsə, Avropa onu 2010-cu ildəkindən daha artıq parçalanmış siyasi mühitdə qarşılamalı olar”, – məqalədə vurğulanır.

İranda demoqraflar saxlanıb

İranda xariclə əlaqələri olan akademiklər hazırda həyəcan içindədirlər. Bir müddət öncə hökumətin əhalini birdən artıq uşaq dünyaya gətirməyə çağıran siyasətini sorğulayan demoqraf həbs olunub.

İranın Ali dni lideri Ayatollah Ali Khamenei (solda)
İranın Ali dni lideri Ayatollah Ali Khamenei (solda)

İran və Avstraliya vətəndaşı olan Meimanat Hosseini-Chavoshi noyabrda ölkədən çıxmaq istəyərkən saxlanıb, casusluqda ittiham olunub. Xəbəri mühafizəkar Kayhan qəzeti yayıb.

Qadının həmkarı, Tehran Universitetində demoqrafiya üzrə professor Mohammad Jalal Abbasi-Shavazi də az sonra saxlanıb. İranın İslam İnqilab Keşikçiləri Qvardiyası onu əhali artımıyla bağlı tədqiqatıyla əlaqədar sorğu-sual edib.

“Los Angeles Times” yazır ki, hakimiyyət iki demoqrafın İranda “əhali böhranını” pərdələməkdən ötrü çoxalma göstəricilərini saxtalaşdırmaqda suçlayır. Hökumət deyir ki, əhali getdikcə azalır və əhali artmalıdır.

Qəzetin yazmasına görə, akademik sorğuya görə universitet tədqiqatçılarının saxlanması hətta fəalları həbs etməsiylə tanınan bu ölkə üçün belə qeyri-adi səslənir.

Bu, ölkə əhalisinə bir siqnaldır ki, ehtiyatlı olsunlar, yoxsa həbsə düşərlər. Əgər əhali artımının yetərli olduğunu deyən demoqraf da həbsə atılırsa, onda kim təhlükəsiz sayıla bilər?” – İranda siyasi təhlilçi Siavash Ramesh deyib.

İranın təhlükəsizlik qüvvələri həm fəallıq, həm də analitik sorğulardan ötrü məkanı daraldır”, – Brookings İnstitutundan İran üzrə mütəxəssis Suzanne Maloney vurğulayıb.

Ukrayna hərbçiləri təlimdə
Ukrayna hərbçiləri təlimdə

Putin Ukraynada bədəl ödəməyə necə məcbur etməli

Atlantik Şurasının saytında John E. Herbst Rusiyanın Kerç boğazında Ukrayna gəmilərini və hərbçilərini ələ keçirməsindən yazır. Digər ölkələr Kremlin hərəkətlərini pisləsələr də, xəbər öləzidi. “Qərbin zəif reaksiyası o deməkdir ki, Putin taktiki üstünlük qazanıb və bu da Moskvanın gələcəkdə durumu daha da qızışdıra biləcəyi ehtimalını artırır”, – yazan müəllif Ukrayna münaqişəsi çərçivəsindəki son insidenti gözardı etməyin səfehlik olduğunu qeyd edir.

Kreml NATO və Avropa Birliyini zəiflətməyi hədəfləyən yoxlayıcı siyasət yürüdür. İndiki təcavüz Ukraynaya yönəlib. Birləşmiş Ştatlar Putinin cəhdlərini ağıllı bir yolla önləyə, onu Ukrayna müharibəsinə görə bədəl ödəməyə məcbur edə bilər. Bu, bizə çox az ziyan vurmaqla gerçəkləşə bilər: Rusiya liderlərinə və iqtisadiyyatına sanksiya tətbiq etməklə və Ukraynaya silah göndərməklə. Müxtəlif sanksiya variantları gözdən keçirilib, amma heç kəs aydın şəkildə deməyib ki, Birləşmiş Ştatlar Ukraynanın zəifliklərini ört-basdır etməkdən ötrü ona hansı silahları verə bilər. Azı altı, çoxu 12 Mark V PT qayığı verməliyik. Onlar azı 50, çoxu 100 Hellfire raketləri ilə təmin olunmalıdırlar. Birləşmiş Ştatlar Ukraynaya azı 100 Harpoon gəmi əleyhinə raket də verməlidir. Mark V-lər Ukraynanın iki liman şəhəri olan Mariupol və Berdyanska aparıla bilər. Rusiya noyabrın 25-də məhz bu şəhərlərin yerləşdiyi Azov dənizində yerləşir”, – müəllif vurğulayır.

XS
SM
MD
LG