Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:22

Cəbhəçilərin işi: 'Vəkil dedi ki, cavan oğlansan, yadından çıxacaq'


Polis

«Mən həbs olunanda bir «paykovoy» vəkil təyin eləmişdilər - Səfər Hüseynov. Mənə işgəncə verəndə gəlib deyir ki, «cavan oğlansan, yadından çıxacaq». Mən bu «paykovoy»dan imtina eləmişəm, indi sənədlərdən görürəm ki, ona da bildiriş göndərilib», – AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmovun sözləridir.

A.Məhərrəmov yanvarın 7-də partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov, AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 7-də məhkəmənin hazırlıq iclasında S.Rüstəmlinin vəkili İlhamə Həsənova sabiq icra başçısının həbs olunarkən və sonrakı günlərdə qeyri-insani rəftara məruz qaldığını bildirib. Vəkil təzyiq altında imzalanmış dindirmə protokollarının sübutlar siyahısından çıxarılmasını istəyib. Bildirib ki, S.Rüstəmli mayın 8-də saxlanıb, ailəsi mayın 10-da onunla müqavilə bağlayıb. Əlində order və müqavilə olsa da, 10 gündən çox S.Rüstəmli ilə görüşməsinə imkan verilməyib. Amma əvəzində istər Şəmkirdə saxlandığı vaxt, istərsə də Bakıya - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləndən sonra ona dövlət hesabına vəkillər təyin olunub:

«Saleh Rüstəmlinin müdafiəçi seçmək hüququ əlindən alınıb. Ailəsinin müqavilə bağladığı vəkil yanına buraxılmadığı halda, dövlət hesabına vəkil təyin edib guya onun ifadəsi alınıb. Özünün dediyinə görə, Oqtay Əliyev adlı həmin vəkil ümumiyyətlə, orada olmayıb. Ona qəddar, qeyri-insani rəftar altında ifadəyə imza atdırılıb».

S.Rüstəmlinin indiyədək ailəsiylə telefon danışığı və görüş hüququnun məhdudlaşdırıldığını deyən vəkilin sözlərinə görə, onun övladlarından biri ağır xəstədir: «Ondan çox nigarandır. Xahiş edirəm, məhdudiyyət aradan qaldırılsın. Artıq istintaq da başa çatıb».

Kürdəxanıda 1 Saylı Bakı istintaq Təcridxanasında S.Rüstəmlinin olduğu 6-nəfərlik kamerada 12 dustaq saxlandığını deyən vəkil sabiq icra başçısının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda da vəsatət qaldırıb.

«20 manatı da pul yumaq kimi təqdim ediblər»

Təqsirləndirilən B.Həsənovun vəkili Cavad Cavadov, R.Nəsirlinin vəkili Fariz Namazlı, A.Məhərrəmovun vəkili Aqil Layıcov müvəkkillərinin şüşə kabinədən çıxarılıb müdafiəçiləri ilə yanaşı əyləşməsi, onların barəsində cinayət işinə xitam verilməsi, məhkəmə prosesinin audio və video yazısına şərait yaradılması barədə vəsatətlər qaldırıb.

A.Layıcov işin ümumiyyətlə, istintaqa qaytarılmasını istəyib. Bildirib ki, konkret A.Məhərrəmova münasibətdə məhkəmə bu işə hələ baxa bilməz. Çünki başqa məhkəmələrdə ondan işgəncə altında ifadə alınması və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan prosessual hərəkətlərin qanunsuzluğu barədə iki şikayətinə baxılır: «Əgər o şikayətlərimiz təmin olunsa, bu iş üzrə istintaq alt-üst olacaq. Məsələn, məhkəmə Aqildən ifadələrin işgəncə altında alındığını təsdiqləsə, necə olacaq? Ona görə də iş geri qaytarılmalıdır. Ümumiyyətlə, bu işdə cinayət tərkibi yoxdur. Adamlara cinayət yoluyla əldə olunmuş pulların leqallaşması ittihamı verilib. BMT-nin konvensiyasına görə, bu qəbildən olan cinayət ən azı, iki ölkədə baş verməlidir. Rusiya bu məsələ ilə bağlı imtina cavabı verdi. Aydın oldu ki, Saleh Rüstəmlinin pulunun mənbəyi özünün ayaqqabı ticarətindən əldə etdiyi gəlirlərdi. Haradan cinayət yoluyla əldə edildi? Yazıblar ki, Əli Kərimlinin Facebook hesabının reklamına yönəldilib. Facebook-da reklama pul qoymaq çirkli pul yumaqdır? Yaxud mərc oyununda uduzulan 20 manatı da ittihama daxil edib, pul yumaq kimi təqdim ediblər».

Vəsatətlərin heç biri təmin olunmayıb. İş üzrə məhkəmə baxışı yanvarın 15-nə təyin olunub.

Əli Kərimli baş verən son olaylardan danışdı
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

AXCP üzvləri məhkəmə qarşısından aparılıb

AXCP Rəyasət Heyətinin üzvləri Vahid Məhərrəmli, Nemət Əliyev və partiyanın daha bir neçə sıravi üzvü Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tutularaq aparılıb.

Bu gün həmin məhkəmədə Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi başlayıb. Saxlanılan şəxslər də məhkəmədə iştirak etmək üçün gəliblər. Lakin prosesi izləməyə gələnlərin əksəriyyəti zala daxil ola bilməyib.

Məhkəmə getdiyi vaxt əraziyə çoxsaylı polis maşınları gəlib. Nəsimi rayonu, 22-ci polis bölməsinin rəis müavini məhkəmənin nəticəsini gözləyənlərdən dağılışmağı tələb edib.

Məhkəmə binasının qarşısındakı bağda dayanan ictimai-siyasi fəallar getmək istəmədiyindən polislər onlara hücum edib.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək qurama iş adlandırıb.

XS
SM
MD
LG