Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

'Adambaşına avtomobil sayına görə Azərbaycan MDB-də...'-Media icmalı


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

Başa çatan 2018-ci ilin dəyərləndirilməsi, avtomobil bazarında bahalaşma gözləntiləri, dünya neft bazarında qiymətlər, bunun Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Avtomobil bazarında ciddi bahalaşma ola bilər»

«Yeni Müsavat» qəzetində «Avtomobil bazarında ciddi bahalaşma gözlənir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Vergilər Məcəlləsində edilən son dəyişikliklərin qüvvəyə minməsindən sonra avtomobil bazarında ciddi qiymət artımları proqnozlaşdırılır. Müəllif vurğulayıb ki, dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan aksiz vergisi kəskin şəkildə artırılır: «Qərara görə, idxal olunan avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manata yüksəldilib....».

Yazıda qeyd edilir ki, mühərrikin gücündən asılı olaraq vergi bu şəkildə 50 faizdən 70 faizə qədər artırılır.

Ekspert Ramil Osmanlı mövzu ilə bağlı qəzetə bunları deyib: «Xüsusilə mühərrik həcmi daha çox olan avtomobillərdə bu, özünü daha çox göstərəcək. Amma araşdırmalar göstərir ki, aksiz dərəcələrinin artımı təkrar bazar üzrə də qiymətlərin yüksəlməsinə səbəb olur. Bu mənada indidən avtomobil bazarında minimum 1000 manatdan başlayaraq qiymət artımını proqnozlaşdıra bilərik. Mühərrik həcmindən asılı olaraq bəzi avtomobillərdə hətta 10-20 min manata qədər bahalaşma ola bilər».

R.Osmanlı vurğulayıb ki, bu qərar ölkəyə daha çox köhnə avtomobillərin idxalına yol açacaq: «Azərbaycan avtomobilləşməyə görə nisbətən geridədir. Adambaşına düşən avtomobil sayına görə ölkəmiz nəinki Avropada, hətta MDB məkanında ən sonuncu yerlərdən birini tutur... Əslində, biz ötən illərə nəzər salsaq, idxalın nə qədər azaldığının şahidi ola bilərik. 2013-2014-cü illərdə ölkəyə hər il 100 min avtomobil idxal olunurdusa, ötən il bu rəqəm heç 25 minə çatmadı».

V.Əhmədov
V.Əhmədov

Deputat: «Gömrük müəyyən mallara rüsumları artırır ki...»

Olke.az saytında «Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var -Vahid Əhmədov» sərlövhəli yazı oxumaq olar.

Yazıda dünya bazarında neftin qiymətlərində baş verən dəyişikliklər və bunun Azərbaycana mümkün təsirləri ilə bağlı deputat Vahid Əhmədovun düşüncələrinə yer verilib.

«Əgər dünyada neftin qiyməti 40-45 dollar səviyyəsinə enərsə (hazırda 55 dollar civarında dəyişir-r), o zaman bu, Azərbaycanda da müəyyən problemlər yarada bilər. Ancaq yaxın zamanlarda bu gözlənilmir», - deyə iqtisadçı-deputat V.Əhmədov bildirib.

V.Əhmədov deyib ki, hazırda neftin qiymətində elə də ciddi ucuzlaşma yoxdur. İndi Azərbaycanın 45 milyard dollara yaxın valyuta ehtiyatına malik olduğunu deyən deputat daha sonra əlavə edib: «Eyni zamanda, pul-kredit siyasətinə Mərkəzi Bank tərəfindən nəzarət edilir. İdxal-ixrac əməliyyatlarında isə ixrac idxalı üstələyir».

Deputat hesab edir ki, Azərbaycanda yaxın zamanlarda devalvasiya gözlənmir: «Xüsusilə də 2019-cu ilin birinci rübünədək manatın qorunub saxlanılması mümkün olacaq. Sonrakı vaxtlarda əgər neftin ucuzlaşması prosesləri güclənərsə, o zaman müəyyən problemlər yarana bilər. Amma, hələlik, Azərbaycanda heç bir devalvasiya gözlənilmir».

Bununla belə, deputat deyib ki, Rusiya, Türkiyə, İran kimi qonşu və ticarət tərəfdaşı olan ölkələrin valyutalarının ucuzlaşması müəyyən qədər Azərbaycan iqtisadiyyatına da təsir göstərir: «Ona görə də Dövlət Gömrük Komitəsi müəyyən mallara rüsumların miqdarını artırır ki, həmin mallar Azərbaycan bazarına daxil olmasın. İndi bu nə qədər doğru və yaxud doğru deyil, onu deyə bilmərəm».

Bakı
Bakı

«Sabitlik məkanı»

«Azərbaycan» qəzetində dərc edilən «Prezidentin amalı» sərlövhəli yazıda isə ölkənin uğurlarında prezidenti rolu dəyərləndirilir.

Müəllif hesab edir ki, 2018-ci il Azərbaycandan ötrü uğurlu dövr olub. Yazıda prezident İlham Əliyevin bu günlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikindən sitat də gətirilir: «Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib».

Müəllif yazıb ki, dünyada mənzərə ürəkaçan deyil, Azərbaycanda isə sabitlik hökm sürür: «Dövlət başçısının təbrikində qeyd edildiyi kimi, Azərbaycan sabitlik məkanıdır və bunun əsas səbəbi xalq-iqtidar birliyidir».

Müəllif 2018-ci ilin uğurları kimi bir sıra layihələri də göstərir: Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin açılışı olub. Habelə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verilib.

Yazının sonuna doğru da oxuyuruq: «2018-ci il Azərbaycanda bütün sahələrdə uğurlarla əlamətdar oldu. O cümlədən iqtisadi sahədə ümumi daxili məhsul artdı, xüsusən qeyri-neft sektorunda bu göstərici 9 faizdən çox oldu. İxrac təxminən 40 faiz artdı, iqtisadiyyata 10 milyard dollar sərmayə qoyuldu».

XS
SM
MD
LG