Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 16:33

18 ailə yenidən köçkün düşüb


Yataqxana. Foto arxiv

Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerində olub.

«Yanğın baş verdikdən sonra Dövlət Komitəsinin yaratdığı komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr mənzillə təmin edilənə qədər orada yaşayacaqlar», - deyə açıqlamada bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yanğının başvermə səbəblərini araşdırır.

«Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq», - deyə Komitə bildirir.

Xatırlatma

Yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 kvadratmetr olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasında yanğın olub. Bina 1933-cü ildə tikilib. Onun dam örtüyünün (taxta atmalar) 500 və klubun isə 190 kvadratmetr sahəsi yanıb. Yanğınsöndürənlər hadisənin əlavə genişlənməsinə imkan verməyiblər.

1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası ilə Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Münaqişə nəticəsində yüz minlərlə insan öz ölkəsində köçkün düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG