Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'Neft kəskin ucuzlaşmasa, məzənnəni qorumaq çətin olmayacaq'-Media icmalı


Mərkəzi Bank
Mərkəzi Bank

Prezident İlham Əliyevin 2018-ci illə bağlı iqtisadi dəyərləndirməsi, Mərkəzi Bankın (MB) 2019-cu ilə aid aşıqlaması, Azərbaycan futbolunun durumu və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmayacaq»

Musavat.com saytında «Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?» sualı gündəmə daşınıb.

Yazıda Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üzrə pul siyasətinin əsas istiqamətlərinə aid bəyanatı ekspertlərlə dəyərləndirilib.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, 2019-cu ildə inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: «Bəyanatda yazılan bir cümlədən bunu açıq görmək olur: manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsirindən daha yüksəkdir».

İqtisadçı hesab edir ki, neftin kəskin ucuzlaşmadığı halda (40-45 dollara qədər) məzənnə sabitliyini təmin etmək Mərkəzi Bankdan ötrü bir o qədər də çətin olmayacaq.

Ekspertə görə, bu bəyanatdan çıxan ikinci nəticə odur ki, pul-kredit siyasəti yumşaldılmayacaq, biznes və ev təsərrüfatları gələn il də ucuz və asan əldə edilə bilən resurslardan gözünü yığmalıdır.

R.Ağayev habelə deyib ki, Mərkəzi Bank öz resurslarını real sektora satıb para qazana bilməyən bank sektoruna dəstəyini daha da artırmağı planlaşdırır. İqtisadçı qeyd edib ki, son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla sektora böyük dəstək verir: «Lakin bu alətlər, əsasən, qısa müddət (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Bəyanatdan isə aydın olur ki, Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətləri ilə banklara dəstəyə hazırlaşır».

Başqa iqtisadçıların da fikrincə, Mərkəzi Bank 2018-ci ildəki siyasətini davam etdirəcək və pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək.

A.Mircavadov
A.Mircavadov

A.Mircavadov: «Premyer Liqadakı komandaların sayı azdır»

Report.az saytında futbol üzrə Azərbaycan milli komandasının və ölkənin aparıcı klublarının keçmiş məşqçisi Ağasəlim Mircavadovla söhbət təqdim edilib.

A.Mircavadov ölkə futboluna inkişaf arzulasa da, 2018-ci ili bu baxımdan uğurlu saymayıb: «Hamı yığma komandanın Millətlər Liqasının qrup mərhələsində birinci yeri tutmağını istəyirdi. Amma alınmadı. Bunu təhlil etmək lazımdır. Bir-iki sözlə demək olmaz. Bir çox problemlər var ki, gərək həllini tapsın. Yığma komanda deyəndə, ilk növbədə, klublarımızı da düşünməliyik. Millinin futbolçuları klublardan gəlir».

A.Mircavadov hesab edir ki, Premyer Liqadakı klubların sayı azdır (8 klub var-r), ən az 12 komandaya yüksəlməlidir. Üstəlik, onun fikrincə, tək «Qarabağ»la kifayətlənmək olmaz. A.Mircavadova görə, Avroliqada Azərbaycanın ən az iki klubu mübarizəni davam etdirməlidir. O vurğulayıb ki, bu halda yığmanı gücləndirmək olar.

A.Mircavadov daha sonra da bunları deyib: «İnam böyük şeydir. İnanıram ki, klublarımızın sayı artacaq. Həmin vaxt oyunçuların və məşqçilərin də sayı artır. Yığmamız da uğur əldə edə bilər. 2019-cu il hamımız üçün düşərli olsun...».

İ.Əliyev
İ.Əliyev

«Azərbaycan heç kimdən asılı deyil»

Rəsmi dövlət saytı olan AZƏRTAC-da «Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil» sərlövhəli yazı yer alır.

Yazıda prezident İ.Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ölkənin iqtisadi vəziyyəti ilə bağlı dediklərinə yer verilib.

Dövlət başçısı həmin çıxışda vurğulayıb ki, Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. İ.Əliyev bu halı da müstəqil siyasəti gücləndirən amil kimi dəyərləndirib: «Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub».

Yazıda vurğulandığına görə, dövlət başçısı həmin çıxışında ölkə iqtisadiyyatının ayrı-ayrı istiqamətlər üzrə Dünya Bankının hesabatlarında önəmli yer tutduğunu da vurğulayıb: «Dünya Bankının «Doing Business» proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir».

XS
SM
MD
LG