Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

Bu il hansı münaqişələrə göz qoymalı


Yəmən paytaxtı Sanaada aeroportun açılması tələbiylə etiraz aksiyası
Yəmən paytaxtı Sanaada aeroportun açılması tələbiylə etiraz aksiyası

Beynəlxalq düzəndə Birləşmiş Ştatların liderliyi azaldıqca daha çox ölkə xarici münaqişələrə müdaxilə etməklə nüfuzlarını qaldırmağa çalışırlar. Beynəlxalq Böhran Qrupunun Prezidenti Robert Malley bu il göz qoyulası 10 münaqişəni sıralayıb.

Bunlardan birincisi – beynəlxalq qanunsuzluğun kök saldığı Yəmən münaqişəsidir. Bu il Yəməndəki humanitar böhranın daha da kəskinləşəcəyi gözlənir. Əlbəttə ki, əgər münaqişə tərəfləri BMT-nin xüsusi elçisi Martin Griffiths-in son həftələr qismən atəşkəsə nail olmaq, bir sıra inamyaratma cəhdlərindən yararlanmasalar.

Səudiyyənin mühasirəyə aldığı Yəməndə artıq dörd ildir müharibə gedir. BMT 16 milyonadək yəmənlinin “kəskin ərzaq qıtlığı” ilə üzləşdiyini bildirir. Yəni, hər iki yəmənlidən biri doyunca yemir.

Əfqanıstanda öldürülmüş dinc sakinləri daşıyan maşınlar
Əfqanıstanda öldürülmüş dinc sakinləri daşıyan maşınlar

İkinci yeri Əfqanıstan tutur. Yəməndə dünyanın ən ağır humanitar faciəsi yaşanırsa, Əfqanıstanda ən ağır döyüşlər gedir. Bir hesablamaya görə, 2018-də bu ölkədə 40 mindən çox yaraqlı və dinc sakin öldürülüb. ABŞ Prezidenti Donald Trump dekabrın ortasında bildirdi ki, Birləşmiş Ştatların Əfqanıstandakı qüvvələrinin yarısı bu ölkədən çıxarılacaq. Bu, münaqişənin daha da ağırlaşması demək olar. Prinsipcə, Vaşinqtonun bu qərarı müharibəni bitirməyə yönəlik səyləri sürətləndirə bilərdi. Ancaq bu qərarın gözlənilməzliyi ölkə üçün yaxşı bir şey vəd eləmir.

Bu il izləniləsi daha bir münaqişə ABŞ-Çin gərginliyidir. Düzdür, bu münaqişədə ölüm-itim yoxdur, söhbət ticarət müharibəsindən gedir. Hazırda ikitərəfli əlaqələr ən aşağı səviyyəyə düşüb və rəqabətin güclənməsi bütün digər münaqişələrdən daha ağır geosiyasi fəsadlar törədə bilər.

2019-cu ildə ABŞ, Səudiyyə Ərəbistanı, İsrail və İran qarşıdurmasının da güclənəcəyi riskləri qalır. İlk üç ölkə Tehran hökumətinə təhdid kimi baxır, onun regiondakı ambisiyalarının məhdudlaşdırılmalı olduğunu düşünür. Vaşinqton artıq İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib.

Suriyada hökumət qüvvələri
Suriyada hökumət qüvvələri

2018-ci il sona yaxınlaşdıqca Suriya münaqişəsinin eyni minvalla davam edəcəyi təəssüratı yaranırdı. Bashar al-Assad rejimi İran və Rusiyanın köməyilə müxalifət üzərində qələbə çalacaq, İŞİD qruplaşmasına qarşı müharibə finişə yaxınlaşacaqdı. Di gəl, dekabrın ortasında Trump ABŞ hərbçilərini çıxaracağını elan edincə mənzərə dəyişdi. Türkiyə, onun Suriyadakı müttəfiqləri, Suriya kürdləri və Assad rejimi arasında qanlı münaqişənin qızışacağı, İŞİD-ə yeni nəfəslik açıla biləcəyi ehtimalı ortaya çıxdı. Ancaq Trump administrasiyasından gələn son xəbərlərdə hərbçilərin çıxarılma prosesinin yavaşıdılacağı bildirilir.

Beynəlxalq Böhran Qrupunun prezidenti 2019-da göz qoyulası münaqişələr sırasında Nigeriya, Cənubi Sudan, Kamerunu da sadalayır. Cənubi Sudanda beş ildir gedən münaqişədə 400 min nəfər həlak olub.

Üfüqdə Ukraynadakı münaqişənin sonu isə heç görünmür, əksinə, aradabir qızışır. Ötən ilin sonunda Rusiya Kerç boğazında Ukrayna gəmilərini və dənizçilərini ələ keçirdi. Qarşıdurma tərəflərdən heç birinin güzəştə getməkdə fayda görmədiyini göstərir. Durumun bu il də dəyişməyəcəyi gözlənir.

Nəhayət sıralamada 10-cu yerdə Venesuela gəlir. Bu ölkədə kasıbçılıq və pis qidalanma baş alıb gedir. Difteriya kimi vaxtilə kökü kəsilmiş xəstəliklər geri qayıdıb. Ölkənin 31 milyonluq əhalisindən 3 milyonu qaçıb. Onlar daha çox Kolumbiya və digər qonşu ölkələrə üz tutublar. BMT ilin sonunadək bu rəqəmin 5,3 milyona yüksələcəyini gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG