Dekabrın 31-də Ukraynada rəsmi prezident seçkisi kampaniyası başlanıb.
Hazırkı prezident Petro Poroshenko ikinci dəfə beş il müddətinə seçilmək niyyətini açıqlamasa da, onun seçkiyə gedəcəyi gözlənir.
Ukrayna ərazisində Poroshenko-nun bilbordlarını görmək mümkündür. O, gah ölkənin silahlı qüvvələrinin komandiri kimi tərənnüm edilir, gah da ölkənin müstəqil Pravoslav Kilsəsinin yaradılmasındakı rolu qabardılır.
Poroshenko 2014-cü il seçkisində səslərin 54 faizini yığmışdı. Ancaq ölkədəki iqtisadi problemlər, islahatlar, korrupsiyayla mübarizə sahəsində proqresin olmaması onun reytinqini salıb.
2014-cü ilin aprelindən Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsində 10 min 300-dən çox ölən olub.
Hazırda Poroshenko-nun əsas rəqibinin keçmiş baş nazir Yulia Tymoshenko olduğu görünür. O, iyunda seçkiyə gedəcəyini açıqlayıb.
Son rəy sorğuları Tymoshenko-nun Poroshenko-dan öndə getdiyini göstərir.
Mərkəzi Seçki Komissiyasında namizədlərin qeydiyyatı fevralın 3-dək davam edəcək. Komissiya fevralın 8-dək namizədlərin yekun siyahısını açıqlamalıdır.
Seçki kampaniyası martın 29-da gecəyarısınadək davam edəcək. Səsvermə martın 31-də keçirilməlidir.