Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Maqnitoqorskda ölənlərin sayı 37-yə çatıb


Xilasedicilər iş başında
Xilasedicilər iş başında

Artıq Maqnitoqorsk faciəsində ölənlərin sayı 37-yə çatıb. Fövqəladə Hallar Nazirliyi 8 nəfərdən xəbər olmadığını bildirir.

Ölənlərin arasında altı uşaq da var.

Dağıntılar altından ikisi uşaq olmaqla altı nəfər çıxarılıb və xəstəxanaya yerləşdirilib.

***

Rusiyanın İstintaq Komitəsi bildirir ki, Maqnitoqorskda çoxmərtəbəli binanın bir hissəsinin terror aktı nəticəsində uçmasına dəlil tapmayıblar. Dekabrın 31-də baş vermiş partlayışdan sonra dağıntılar altından 13 nəfərin cəsədi çıxarılıb, 30 nəfərdən xəbər yoxdur.

Komitə yanvarın 1-də yaydığı bəyanatda bildirir ki, “mediadakı müxtəlif məlumatlara görə deməliyik ki, hal-hazırda istintaq dağıntılar altında heç bir partlayıcı, yaxud onun komponentini aşkarlamayıb”.

İstintaq Komitəsi faciənin səbəbi kimi təbii qaz partlayışı versiyasını araşdırır.

Komitə sədri 100 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaradıb.

Yanvarın 2-də Maqnitoqorsk şəhərinin yerləşdiyi Çelyabinsk Dairəsində matəm elan olunub.

Xilasedicilər körpəni xilas edir
Xilasedicilər körpəni xilas edir

Dünən – yanvarın 1-də, partlayışdan 35 saat sonra dağıntılar altından bir körpə salamat çıxarılıb, müalicəyə Moskvaya aparılıb.

TASS xəbər agentliyinin məlumatına görə, körpə çarpayısında yorğanlara bükülmüş olub və güman ki, buna görə də sağ qalıb. Ivan Fokin adlı körpəni şaxta vurduğu, sümüklərinin qırıldığı, başından xəsarət aldığı bildirilir.

Onun valideynləri də partlayışdan salamat çıxıblar. Atası Yevgeny oğlunu “Yeni İlin möcüzəsi” adlandırıb.

Dünən xilasetmə işləri təxirə salınmışdı, rəsmilər binanın daha çox hissəsinin uça biləcəyini deyirdilər. Sonradan xilasedicilər bəzi təhlükəli seqmentləri kənarlaşdıraraq əməliyyatları bərpa ediblər.

***

Bina uçqununda ölənlərin sayı 8-ə çatıb. Xilasetmə işləri müvəqqəti ertələnib, çünki dağıntıların yerindən oynayacağı, binanın daha çox hissəsinin çökə biləcəyi sarıdan narahatlıq var. Bu açıqlamanı yanvarın 1-də Fövqəladə Hallar naziri Yevgeny Zinichev verib.

Onun sözlərinə görə, xilasetmə işlərinin təhlükəsizliyinə əmin olan kimi davam edəcəklər.

***

Maqnitoqorskda uçmuş binanın dağıntıları altında 35 nəfərin qaldığı xəbər verilir

Dekabrın 31-də hadisə yerinə gedən Prezident Vladimir Putin xəstəxanada yaralılara baş çəkib.

Xalqımızın xasiyyəti belədir, Yeni il şənliklərinə baxmayaraq, indiki məqamda yaralıları və ölənləri düşünürlər”, – o deyib.

Baş nazir Dmitry Medvedev hadisə qurbanlarına yardım məqsədiylə hökumət komissiyasının yaradılması göstərişi verib.

Region qubernatoru Boris Dubrovsky itkin düşənlər arasında yeddi uşağın olduğunu bildirib.

Fövqəladə Hallar naziri Yevgeny Zinichev-in sözlərinə görə, dağıntıları təmizləmək azı 48 saat çəkəcək.

BİNANIN QALAN HİSSƏSİ UÇA BİLƏR

Dubrovsky deyib ki, hazırda xilasedicilərin üzləşdiyi əsas problemlər mənfi 26 dərəcə şaxta və binanın qalan hissəsinin uçmaq təhlükəsidir.

Hadisə yeri
Hadisə yeri

Xilasetmə əməliyyatları aparılarkən dağıntılar altında sağ qalma ehtimalı olanlara görə əraziyə böyük qızdırıcılar yerləşdirilib.

Bacardığımız qədər sürətlə işləməliyik, çünki temperatur bizə yubanmağa imkan vermir”, – Fövqəladə hallar nazirinin müavini Pavel Baryshev jurnalistlərə deyib.

1973-cü ildə tikilmiş binada 1100 nəfərin yaşadığı bildirilir.

Yatmışdım, ayılanda mənə elə gəldi ki, yıxılıram”, – hadisədən salamat çıxanlardan Yulia Gavrilova danışır. “Əvvəlcə elə bildim yuxu görürəm. Sonra anladım ki, yuxu deyil və küçədəyəm, hasar yoxdur. Anam qışqırırdı ki, nəfəs ala bilmir, oğlum o biri küncdə qışqırırdı”, – o deyib.

Binanın zədələnməyən yerlərindən 16 nəfər xilas edilib, bir neçə nəfər isə özü qaçaraq canını qurtara bilib.

Vladimir Putin hadisə yerinə gedir
Vladimir Putin hadisə yerinə gedir

Maqnitoqorskun tacik diasporunun rəhbəri Abulmajid Sharipov AzadlıqRadiosu-na deyib ki, binanın uçmuş hissəsində beş nəfərdən ibarət tacik ailəsi yaşayırmış. 26 yaşlı Shuhrat Ulfatov dağıntılar altında altı saatdan çox qalandan sonra xilas edilib, ancaq həyat yoldaşı və üç uşağının taleyi bəlli deyil.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın orta hissəsindən üçüncü mərtəbədən 10-cu mərtəbəyədək 48 mənzil dağılıb.

***

Rusiyanın cənubundakı Ural regionunda Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının bir hissəsi uçub, azı 7 nəfər həlak olub. Hadisəyə qaz partlayışının səbəb olması ehtimalı var.

Prezident Vladimir Putin təcili qaydada Maqnitoqorsk şəhərinə gəlib.

***

Rusiyanın xəbər agentlikləri Fövqəladə Hallar Nazirliyinə istinadla dekabrın 31-də səhər xəbər veriblər ki, 1100 nəfərin yaşadığı binanın 48 mənzili zədələnib.

“Dağıntılar altından altı nəfər çıxarılıb, üç nəfər ölüb, biri uşaq olmaqla üç nəfər yaralanıb”, – nazirliyin bəyanatında deyilir.

Nazirlik hadisəyə təbii qaz partlayışının səbəb olduğunu qeyd edir.

Ancaq dağıntılar altında neçə nəfərin qaldığı açıqlanmır.

TASS xəbər verir ki, Prezident Vladimir Putin Fövqəladə Hallar Naziri Yevgeny Zinichev-ə hadisə yerinə uçmaq göstərişi verib.

Maqnitoqorsk Moskvadan 1700 kilometr cənub-şərqdə yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG