Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

'Ötən əsrin sürəti'-Media icmalı


Bakıda bazar. (2017)
Bakıda bazar. (2017)

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Bakı-Gəncə sürət qatarının sürəti, bayram ərəfəsində bazarda qiymətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Yeni il öncəsi meyvələr bahalaşıb»

«Yeni Müsavat» qəzetində «Yeni il öncəsi bazarda qiymətlər necədir?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Yeni ilin gəlişinə gerisayım başladığı bir vaxtda bazarlarda da canlanma yaşanmaqdadır. Müəllifin yazır ki, Yeni ili fərqli şəkildə qeyd etməyə çalışan insanlar bayram bazarlığına tələsirlər. Yazıda vurğulandığına görə, tələbatın artması qiymətlərə müəyyən qədər təsir göstərsə də, kəskin bahalaşma nəzərə çarpmır.

Müəllif oxuculara paytaxtın «8-ci kilometr bazarı»da müşahidələrini çatdırıb.

«Hər il bayrama bir-iki gün qalmış bahalaşma olur. Əsasən meyvə və quru meyvələr bahalaşır. O səbəbdən də çalışırıq bayram bazarlığını çox gecikdirməyək. Misal üçün, hazırda bazarda normal alma 2 manatdan başlayır. Halbuki, adi günlərdə 1-1.50 qəpiyə alırdıq. Armudun, portağalın, quru meyvələrdən fındığın və qozun ləpəsində bahalaşma hiss edirik», - deyə alıcılardan biri söyləyib.

Yazıda qeyd edildiyinə görə, qoz ləpəsinin üzərində yazılan qiymət lövhəsinin bir tərəfində 13, digər tərəfində isə 14 manat yazılıb. Satıcılardan bunun səbəbini öyrənməyə çalışıblar: «Bildirdilər ki, malın qiymət tez-tez dəyişdiyi üçün belə bir praktik variant tapıblar, topdansatışda qiymət dəyişən kimi, pərakəndə satışda da həmin gün qiyməti dəyişirlər».

Müəllif qeyd edib ki, bahalaşma, əsasən, xaricdən idxal olunan məhsullarda özünü göstərir, hər bayram ərəfəsində bahalaşan pomidorda qiymətlər sabit qalıb: «Tərəvəzlərdən fərqli olaraq, bayram süfrəsinə lazım olan meyvələr bahalaşıb. Xüsusilə almanın və portağalın qiymətində artım hiss olunur».

Q.İbadoğlu
Q.İbadoğlu

1 saata 81 kilometr məsafə

Strateq.az saytında «1 saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?-İqtisadçıdan təhlil+cədvəl» sərlövhəli yazı yer alır.

2018-ci il dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarının hərəkətinə start verilib. Sürət qatarı 364 kilometrlik məsafəni 4 saat yarıma qət edib.

Bu hadisəni dəyərləndirən iqtisadçı Qubad İbadoğlu isə sayta açıqlamasında saatda 81 kilometr sürətlə hərəkət edən qatarın «sürət qatarı» olmasını şübhə altına alıb. Q.İbadoğlu iddia edib ki, dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi: «Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Bunu təqdim etdiyim cədvəldəki sürət qatarlarının reytinqindən görmək olar. Bununla mən Azərbaycanı heç də Yaponiya, Cənubi Koreya, Çin, Almaniya, Fransa, İngiltərə, Avstriya ilə müqayisə etmək niyyətində deyiləm. Amma biz ən azından Türkiyə, Rusiya, hətta Özbəkistan səviyyəsində belə nəticələri təkrarlaya bilmirik».

İqtisadçının bildirməsinə görə, Türkiyədə Ankara-Əskişəhir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə (saatda 173 km), Rusiyada Moskvadan Peterburq marşrutu ilə hərəkət edən sürət qatarı 714 km məsafəni 3 saat 46 dəqiqəyə (saatda 190 km) qət edir.

Q.İbadoğlu vurğulayır ki, Özbəkistanda Daşkənd-Səmərqənd sürət qatarı 344 km məsafəni 2 saat 8 dəqiqəyə (saatda 161 km) başa vurub: «Bakı -Gəncə qatarı 364 kilometri 4 saat 30 dəqiqəyə (saatda 81 km) qət edib. Bu hadisəyə görə yüzlərlə Gəncə sakini izdihamla qarşılama mərasiminə qatılıb».

Sovet-İran sərhədində azərbaycanlıların aksiyalarından biri. Astara, 1990-cı il, yanvar.
Sovet-İran sərhədində azərbaycanlıların aksiyalarından biri. Astara, 1990-cı il, yanvar.

Həmrəylik günü

«Azərbaycan» qəzetində gedən «Dünya azərbaycanlılarının lideri» sərlövhəli yazıda 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən bəhs edilir.

Yazıda bu bayramın tarixindən, onun qeyd olunmasında keçmiş prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin rolundan söz açılır.

Yazıda iddia olunur ki, bu bayramın qeyd edilməsi ilə bağlı 27 il əvvəl keçmiş prezident Heydər Əliyev təşəbbüslə çıxış edib: «Ulu öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik, diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir».

Yazıda bildirilir ki, indiyədək Bakıda dünya azərbaycanlılarının dörd qurultayı keçirilib. Müəllifin fikrincə, bu hal, eyni zamanda xaricdə yaşayan azərbaycanlılarla iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi həmin insanların vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaradıb...

XS
SM
MD
LG