Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 04:08

İ.Rəhimov DTX-dan köçürülməsini istəyir


İ.Rəhimov

Bu gün, dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Söhbət Səbail Rayon Məhkəməsinin İ.Rəhimovun həbs müddətinin 2 ay 28 gün artırılmasını nəzərdə tutan qərarından verilən şikayətdən gedir.

Bu haqda AzadlıqRadiosuna İ.Rəhimovun ailəsindən məlumat veriblər. Onların deməsinə görə, İ.Rəhimovun vəkilləri həbs müddətinin artırılmasından ötrü gərəkli hüquqi əsasların olmadığını bildirərək, məhkəmədən xahiş ediblər ki, aşağı instansiyanın qərarını ləğv etsin.

İ.Rəhimov özü də prosesdə iştirak edib. Ailə üzvlərinin sözlərinə görə, o, çıxışında həm şikayəti müdafiə edib, həm də saxlanma durumundan, istintaqın gedişindən danışıb.

«Mən ilk dəfə deyil ki, məhkəməyə çəkilirəm. Bundan əvvəl də istintaq, araşdırma olub, hər zaman məhkəmənin, istintaqın çağırışlarına zamanında getmişəm. Yaşayış yerim də bəllidir. Hesab edirəm ki, məhkəməyə kimi həbsdə, özü də istintaq edən orqanın təcridxanasında saxlanılmağım qanuni deyil», - İ.Rəhimov məhkəmədə belə deyib.

Onun sağlıq durumundan şikayətləndiyi, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılmasına da etiraz etdiyi bildirilir.

«Ölkə prezidentinə, Ombudsmana Bakı İstintaq Təcridxanasına köçürülməyimin təmin olunması üçün müraciət etmişəm. İstintaq məni burda təzyiq altında saxlayır», - İ.Rəhimov məhkəmədə belə deyib və şikayətinin təmin olunmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

İ.Rəhimovun yaxınları deyib ki, qərarı alıb Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.

Səbail Rayon Məhkəməsi dekabrın 20-də realliq.info saytının redaktoru İ.Rəhimovun həbs müddətini həmin tarixdən hesablanmaqla 2 ay 28 gün artırıb.

Onun məhkəmədə səsləndirdiyi iddialara Dövlət Təhlükəsizliyi Xidməti və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın rəsmi qurumları istintaq altında saxlanan şəxslərə təzyiqlər edilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, düzgün saymırlar.

Xatırlatma

İ.Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib. Onda da bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: «İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 il azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG