Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

'Bir milyondan çox zamin əziyyət çəkir'-Deputat [Media icmalı]


Ə.Məsimli
Ə.Məsimli

Başa çatmaqda olan 2018-ci ilin dəyərləndirilməsi, Bakıdan iri müəssisələrin köçürülməsi ilə bağlı fikirlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bu ilin uğurları, gələn ilə gedən problemlər

Teleqraf.com saytında ««Manatın məzənnəsinin sabit qalması...» - Əli Məsimli ilin yekunları haqda» sərlövhəli yazı oxumaq olar.

Müəllif 2018-ci ili iqtisadi baxımdan deputat Əli Məsimli ilə müzakirə edib. Ə.Məsimli 2015-ci ilin devalvasiyalarından sonra iqtisadiyyatın artıma keçməsini, manatın məzənnəsinin sabit qalmasını, tədiyyə balansında müsbət saldonun artmasını, valyuta ehtiyatlarının çoxalmasını və kölgə iqtisadiyyatının həcminin azaldılması məqsədilə qanunvericiliyə edilən dəyişiklikləri 2018-ci ilin uğurları kimi dəyərləndirib. Ancaq o vurğulayıb ki, bu müsbət hallarla yanaşı, ölkə iqtisadiyyatında problemlər də mövcuddur, 2018-ci ildə bankların sağlamlaşdırılması kimi vacib proses başa çatmayıb.

Ə.Məsimli hazırda 2 milyard manata yaxın olan vaxtı keçmiş kreditlər məsələsini də problemlər sırasında göstərir: «Ölkə əhalisinin hər dörd nəfərindən birinin banka borcu var...».

Deputat deyir ki, 1 milyon nəfərdən artıq vətəndaş borclara zamin olmaqdan əziyyət çəkir, xeyli vətəndaş və biznes strukturları bank kreditlərinin girovuna çevriliblər.

Ə.Məsimliyə görə, bankların sağlamlaşdırılmasına geniş yol açılmasından ötrü ilk növbədə xarici valyutada olan kreditlər problemini çözmək lazımdır: «2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir».

Ə.Məsimli vurğulayıb ki, borcu olan insanların əksəriyyəti aldığı pulun iki-üç qatını banka çoxdan ödəyib: «Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin kreditləri qaytarmaq imkanında olmayan aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir».

Bakı
Bakı

Bakının qayğıları

«Yeni Müsavat» qəzetində «Sənaye müəssisələri Bakıdan kənara köçürüləcək» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu günlərdə sənaye müəssisələrinin paytaxtdan köçürüləcəyi haqqında fikir səsləndirib.

Müəllif bu mövzuda mütəxəssislərlə söhbətləşib. «Eko-Aləm» İctimai Birliyinin sədri Sevil Yüzbaşova deyib ki, sovet dönəmindən sonra Bakıdakı iri zavod və fabriklər fəaliyyətlərini dayandırıb: «Bəzilərinin yerində MMC-lər, özəl müəssisələr, sexlər fəaliyyət göstərir. Zavodların, fabriklərin administrativ binaları, sexləri sökülüb, çox qiymətli avadanlıqlar məhv edilib, minlərlə insan işsiz qalıb. Halbuki, bu binalardan müxtəlif məqsədlər üçün istifadə etmək olardı».

S.Yüzbaşova şəhərdə atmosferi zəhərləyən müəssisələrin olmasını bəyənmir: «Ancaq onu qeyd etmək istəyirəm ki, ətraf mühitə ziyanlı təsiri olan müəssisələri daha təmiz ərazilərə köçürüb, yeni əraziləri çirklənməyə məruz qoymaq olmaz».

Ekoloqa görə, bu müəssisələrin yeni texnologiyalardan istifadə yolu ilə ətraf mühitə ziyanlı təsirini minimuma endirmək lazımdır.

Vaxtilə Bakı Baş Tikinti İdarəsinin rəisi olmuş Əzim Məsimova görə isə, paytaxtda kənara köçürüləcək iri müəssisə qalmayıb: «Bu müəssisələr haradadır, göstərsinlər görək? İki neft emalı zavodu var - birini gələn il sökəcəklər, ərazisini də verəcəklər «Ağ şəhər»ə. Digərini isə yenidən qururlar, müasir texnologiyalar quraşdırırlar».

Ə.Məsimov deyir ki, Bakı rəhbərliyi bu gün şəhərdə yığılıb qalan problemlərin həllini önə plana çəkməlidir.

«Kanalizasiya sistemi tamamən yenidən qurulmalıdır...», deyə o vurğulayıb.

İ.Əliyev
İ.Əliyev

«Strateji hövsələ»

«Azərbaycan» qəzetində «İnamlı, davamlı, təhlükəsiz inkişaf» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıya dövlət başçısı İlham Əliyevin bu günlərdə Rusiyanın «Rossiya-24» telekanalına verdiyi müsahibəsindən sitatla başlayır: «...Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır... Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur».

Müəllif yazıb ki, dövlət başçısının da dediyi kimi, Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Yazıda vurğulandığına görə, dövlət suverenlik və vətəndaşın təhlükəsizliyi məsələlərinə hər zaman çox həssaslıqla yanaşır. Müəllif hesab edir ki, bu səbəbdən də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb: «Bu gün dünya miqyasında ən sabit və uğurla inkişaf edən ölkələrdən biri sayılan Azərbaycana qarşı aparılan məkrli kampaniyalar heç vaxt ölkəmizin yüksələn nüfuzuna xələl gətirmir, əksinə, Azərbaycanın etibarlı tərəfdaşlarının sayı artır. Çünki həm böyük güclər, həm də inkişaf etməkdə olan ölkələr Azərbaycan reallıqlarından xəbərdardırlar. Respublikamızın Cənubi Qafqaz regionunda həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələr ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər qazandırır».

Müəllif sonda da yazıb ki, strateji hövsələ, dözüm, səbir və öz inkişafına diqqət Azərbaycanın 2019-cu ildəki seçimidir: «Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha böyük zəfərlərə doğru inamla addımlamaqdadır».

XS
SM
MD
LG