Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Gələn il ABŞ siyasətində nələrə göz qoymalı – Qərb mediası


Donald Trump Konqres seçkiləri kampaniyası zamanı
Donald Trump Konqres seçkiləri kampaniyası zamanı

“Reuters” agentliyi gələn il ABŞ siyasətində hansı məqamların diqqət mərkəzində olacağından yazır. Müəllif Lincoln Mitchell Prezident Donald Trump-ın impiçmentini mümkün sayır, ancaq vəzifədən kənarlaşdırılmasının real görünmədiyini bildirir. ABŞ Konstitusiyasına görə, Nümayəndələr Palatası sadə səs çoxluğuyla prezidenti impiç edə bilərlər. Yeni ildən demokratlar Palataya nəzarəti ələ alır, deməli, impiçment ssenarisi real görünür.

Di gəl, Palatanın impiçmenti məhkumluq, yaxud vəzifədən kənarlaşdırma ilə sonuclanmır. Məsələ Senatda müzakirəyə çıxarılır və prezidenti vəzifədən uzaqlaşdırmaqdan ötrü üçdə iki səs çoxluğu gərəkir. Trump-ı məhkum etməyə 20 respublikaçı senator və demokrat senatorların hamısı səs verməlidir. Ancaq Senatda respublikaçıların Trump-a dəstəyi güclüdür. “Respublikaçı senatorların üçdə birindən artığını Trump-ın əleyhinə səs verməyə sövq etməkdən ötrü xüsusi prokuror Robert Mueller-in nəsə tapacağı inandırıcı deyil”, – müəllif yazır. Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.

Vaşinqtonda etiraz aksiyası
Vaşinqtonda etiraz aksiyası

Demokratların Palatada çoxluq təşkil etməsinə baxmayaraq, onların hansısa əhəmiyyətli qanunvericilik qəbul edəcəyi gözlənilmir, çünki respublikaçılar hələ də Senata nəzarət edirlər və Trump da respublikaçıdır.

2016-cı il prezident seçkisində Hillary Clinton-un məğlubiyyətindən sonra 2020-ci ildə namizəd ola biləcək demokratların siyahısı genişlənir. Siyahıda əvvəlki kampaniyaların veteranları olan John Kerry, Joe Biden, Bernie Sanders, həmçinin Hillary Clinton-un da adları çəkilir. Müəllif yazır ki, hətta prezidentliyə namizəd olmağı PLANLAŞDIRMAYAN tanınmış demokratların siyahısını hazırlamaq daha asan görünür. Gələn il yəqin, siyahı daralacaq.

Respublikaçılar partiyası üçün gələn ilin prezident siyasəti fərqli görünür. Trump ətrafındakı qalmaqallar onu 2020-ci il üçün daha az cəlbedici namizəd edir.

Bu il dünyada ən çox nəylə maraqlanıblar

Bu il “Gallup” sorğu mərkəzi dünyanın 140-dan çox ölkəsində adamların nə düşündüyü, nə hiss etdiyinə dair 100-dək hesabat, məqalə dərc edib. İndi isə həmin əhvalatlardan hansının daha çox oxunduğunu araşdırıb.

Almaniyada iş axtaranlar, arxiv fotosu
Almaniyada iş axtaranlar, arxiv fotosu

ABŞ rəhbərliyinə dünyada dəstəyin azalmasına dair məqalə ən çox oxunanlar sırasındadır. Gallup bildirirdi ki, Almaniya Birləşmiş Ştatları dünyanın ən reytinqli ölkəsi kimi sıxışdırıb, Donald Trump-ın prezidentliyinin birinci ilində ABŞ rəhbərliyinə dəstək 30%-ə düşüb.

Dünyada işsizliyin səviyyəsi 6 deyil, 33 faizdir. Bu tədqiqat da diqqəti çəkib. Gallup dünyada işsizliyin ölçülməsində, müəyyənləşdirilməsində problem olduğunu üzə çıxarmışdı. Belə ki, dünyada özünüməşğulluqla təmin olunduğu bildirilən adamların yarıya qədəri əslində işsiz sayılır. Çünki bu işlər əsl iş yerləri deyil. Gallup 128 ölkədə əsl iş yerləri ilə bağlı durumu araşdırmışdı.

2017-ci ildə dünyada mənfilik üstünlük təşkil etdi. Qurum bildirirdi ki, dünya son on ilə baxanda ötən il daha stressli, narahat, kədərli və ağrılı günlər yaşayıb. Ən neqativ ölkənin isə Mərkəzi Afrika Respublikası olduğu bildirilirdi. Burada rəyi soruşulanların 76 faizi demişdi ki, bir gün öncə fiziki ağrı yaşayıblar. 74 faizsə narahatlıq keçirdiyini söyləmişdi.

Çin kəşfiyyatının keçmiş sədr müavini ömürlük həbsə məhkum edilib

Dekabrın 27-də Çin kəşfiyyatının keçmiş sədr müavini korrupsiya ittihamıyla ömürlük həbsə məhkum edilib.

Ma Jian məhkəmədə
Ma Jian məhkəmədə

Ma Jian rüşvət almaq daxil bir sıra cinayətlərdə təqsirli bilinib. O, 50 milyon yuandan (7,26 milyon dollar) artıq cərimə də ödəməli olacaq. Ma vaxtilə dövlət təhlükəsizlik bürosunun vitse rəhbəri olub.

Məhkəmənin bəyanatında deyilir ki, Ma siyasi hakimiyyətindən yararlanaraq Çin hakimiyyətinin axtardığı daşınmaz əmlak milyarderi Guo Wengui-nin biznes əməliyyatlarına yardım edib. Nyu Yorkda mənzillənən Guo silsilə onlayn videolarda Çinin hakim Kommunist Partiyasının yuxarı eşelonlarında sensasiyalı korrupsiya iddiaları səsləndirib.

Ma indiyədək Çin prezidenti Xi Jinping-in antikorrupsiya kampaniyası çərçivəsində ittiham irəli sürülmüş ən yüksəkçinli rəsmidir. 2012-ci ildə hakimiyyətə gəlmiş Xi yuxarı səviyyəli “pələnglər” və aşağı səviyyəli “milçəklər”lə mübarizə vədi verib.

Bu təşəbbüs Xi-nin populyarlığını artırsa da, Guo daxil olmaqla tənqidçiləri onun bu yolla siyasi düşmənlərini də sıradan çıxardığını bildirib.

XS
SM
MD
LG