Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:25

Ailəsi həbsdəki müsavatçıdan narahatdır


Ə.Sadıqbəyli

Ailəsi Müsavat Partiyası Gənclər Komitəsinin həbsdəki sədri Əbülfəz Sadıqbəylinin təcridxanada hüquqlarının pozulduğunu düşünür.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Vasif Sadıqbəyli danışıb. Onun sözlərinə görə, 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əbülfəz Sadıqbəyliyə qeyri-qanuni qadağalar tətbiq edilib.

«İstintaq müddəti başa çatıb, ancaq görüşə imkan verilmir. Rəsmi məktub gəlib ki, istintaq müddəti başa çatıb. Ancaq hələ də qadağa aradan qaldırılmayıb», - deyən V.Sadıqbəylinin sözlərinə görə, qardaşına üstəlik, kitab qadağası da qoyublar.

«Əbülfəzlə görüşməyimizə icazə vermirlər. İki həftədən çoxdur ki, kitab qadağası da tətbiq ediblər. Kitablar göndərmişdik, bütün kitab mağazalarında satılan kitablardır. Kitab bağlamasını da təcridxanadan geri göndəriblər», - V.Sadıqbəyli bildirib.

O, qadağalarla bağlı məhkəməyə şikayət verəcəklərini də qeyd edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, Ə.Sadıqbəyliyə nə telefon danışığı, nə də görüş qadağası var. Ona aparılan kitablara gəlincə, M.Sadıqov deyir ki, həbs yerlərində saxlanılanlar üçün gətirilən kitablar mütləq senzuradan keçirilir, həmin nəşrlərdə qanunvericiliyə zidd, məhkumun davranışına mənfi təsir göstərə biləcək məqamların olub-olmadığı müəyyənləşdirilir: «Biz Penitensiar Xidmət olaraq, məhkumların mütaliəli olmasında maraqlıyıq. Özümüz də müəssisələrdəki kitabxanaları zənginləşdiririk, məhkumların qohumlarının gətirdiyi kitabları da qəbul edirik. Görünür, ona gətirilənlər elə kitablar olub ki, təcridxana rəhbərliyi onun qəbulunu məqsədəuyğun saymayıb».

Xatırlatma

Bu il noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

İttihama görə, müsavatçı «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı Yol polisinə təqdim edərək avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.

Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG