Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

ABŞ hökumətinin nə vaxt açılacağı bəlli deyil


ABŞ Kapitoli binası, 22 dekabr, 2018-ci il
ABŞ Kapitoli binası, 22 dekabr, 2018-ci il

Birləşmiş Ştatlar hökumətinin qismən bağlanmasının (şatdaun- ingiliscə “shutdown”) nə vaxt bitəcəyi bəlli deyil. Bu haqda “The Associated Press” agentliyi yazır.

Konqresmenlər tətilə görə iş başında deyil, həm də onlara deyilib ki, səsvermə keçirilməzdən 24 saat öncə bildiriş alacaqlar. Bu gün günortadan sonra Senatın bir araya gələcəyi plaşlandırılsa da, iclasa az sayda senatorun qatılacağı gözlənir.

Federal işçilər həftəsonu bitincə iki gün də Milad bayramına görə evdə olublar. Yəni dünən – dekabrın 26-sı bəzi federal xidmətlərin çalışmadığı ilk iş günü idi.

Milli Arxiv İdarəsi bağlıdır
Milli Arxiv İdarəsi bağlıdır

Prezident Donald Trump dünən İraqa səfəri zamanı jurnalistlərə deyib ki, büdcəylə bağlı tələbindən əl çəkməyəcək, Meksikayla sərhədin hasarlanmasına gərəkən pulu “nəyin bahasına olursa-olsun” alacaq. Hökumətin bağlanmasını önləməkdən ötrü nə qədər məbləğə razılaşacağını isə açıqlamayıb.

Hasar tikilməlidir, mühafizə olunmalısınız”, – o deyib.

420 MİN İŞÇİ ÖDƏNİŞSİZ ÇALIŞIR

Hökumət şənbə günündən qismən qapadılıb, doqquz departamentin, onlarla agentliyin işinə maliyyə çatışmadığı bildirilir. Gördüyü iş vacib sayılan təxminən 420 min işçi hazırda ödənişsiz çalışır, 380 min nəfər məzuniyyətə buraxılıb.

Bu arada Ağ ev Konqresdəki demokratlarla danışıqları davam etdirir. Dünən də davam etmiş danışıqlarda dönüşə ümid azdır.

Donald Trump
Donald Trump

Trump-ın müttəfiqi, Şimali Karolinadan respublikaçı senator Mark Meadows danışıqlarda iştirak edir. O deyib ki, prezident “sərhədimizin təhlükəsizliyiin təmin olunmasında çox qətiyyətlidir”. “Prezidentin bu məsələdə güzəştə gedəcəyinə inanırlarsa, onu səhv anlayırlar”, – o, CNN-ə deyib.

Ötən həftə Senat hökumətin fevraladək açıq qalmasına imkan verən layihəni təsdiqləyib. Layihədə sərhəd təhlükəsizliyinə 1,3 milyard dollar ayrılırdı, ancaq hasara pul nəzərdə tutulmurdu. Trump-ın təkidiylə Nümayəndələr Palatası layihəyə onun istədiyi 5,7 milyard dolları əlavə edərək təsdiqlədi. Ancaq Senatdakı respublikaçılar bu layihənin qəbulu üçün gərəkən səsləri yığa bilmədilər. Konqreslə Ağ ev arasında danışıqlar başlansa da, son tarix razılaşmasız başa çatdı və hökumət qismən bağlandı.

Şatdaun səhm bazarındakı çaxnaşmayla eyni vaxta düşüb.

Ağ evin İqtisadi Müşavirlər Şurasının sədri Kevin Hassett jurnalistlərə deyib ki, bir neçə həftəlik şatdaun “ümumi iqtisadi perspektivlərə ciddi təsir” göstərməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG