Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:26

'Regionlara qoyulan 70 milyard və…'-Media icmalı


Azərbaycan
Azərbaycan

Təhsil, Azərbaycan büdcəsində regionların payı, Bakı sakinlərinin su, işıq qayğıları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Dövlət büdcəsində regionların payı

«Yeni Müsavat» qəzetində «Regionları dirçəldəcək investisiya» sərlövhəli yazı oxumaq olar.

Müəllif regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının tətbiqi, investisiya təşviqi və bunun nəticələri barədə ekspert Rəşad Həsənovla söhbətləşib.

Yazıda bildirilib ki, son illərdə Azərbaycanda regionların iqtisadi inkişafı istiqamətində bir sıra addımlar atılır, sənaye parkları və məhəllələri, aqroparklar yaradılır. Müəllif İqtisadiyyat Nazirliyinə istinadən qeyd edir ki, indiyədək regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində 70 milyard manat həcmində investisiya qoyulduğu vurğulanır: «45 aqroparkdan artıq 18-i fəaliyyətə başlayıb, 27 aqroparkın isə 2019 və 2020-ci illərdə açılacağı gözlənilir».

Müəllif İqtisadiyyat Nazirliyinə istinadən onu da yazıb ki, 289 sahibkarlıq subyektinə indiyə kimi ümumi dəyəri 2.8milyard manat olan 330 investisiya təşviqi sənədi verilib.

Amma yazıda o da bildirilib ki, görülən işlərə baxmayaraq, Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşmasında regionların payı cüzi olaraq qalır: «Məsələn, 2019-cu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96.8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı cəmi 3.2 faiz olacaq».

İqtisadçı-ekspert Rəşad Həsənov da «Yeni Müsavat»a açıqlamasında deyib ki, Azərbaycanın regionlarında istənilən nəticə alınmayıb. Onun fikrincə, regionlarda vəziyyəti dəyişməkdən ötrü dövlət ciddi vergi və gömrük güzəştləri tətbiq etməlidir: «Vergi Məcəlləsinə böyük dəyişikliklər edilsə də, onlar regionlara investisiya cəlbini hədəfləməyib. Bunun üçün ayrıca güzəştlərin tətbiqi zəruridir. Bu gün ölkə iqtisadiyyatının 88-89 faizi Bakı və Abşeronda formalaşır».

Su
Su

Bakıda susuz sakinlər...

Oxu.az saytında «Bakıda sakinlər üç gündür susuz qalıb: Borcu kim ödəməlidir?» sərlövhəli yazı yer alır.

Müəllif Bakının bəzi rayonlarında sakinlərin su, işıq kimi məişət problemi yaşamasından bəhs edib.

Yazıda sakinlərə istinadən bildirilir ki, Yeni Günəşli qəsəbəsi, «D» massivində «Çənlibel» MTK-ya məxsus hündürmərtəbəli binada artıq üç gündür su yoxdur. Sakinlərin sözlərinə görə, problem «Azərsu» ASC-dən yox, «Azərişıq» ASC-dən qaynaqlanır.

Yazıda vurğulandığına görə, sakinləri deyiblər ki, sözügedən bina 375 mənzildən ibarətdir, MTK ilə «Azərişıq» ASC arasında müəyyən məbləğdə borc məsələsi var, amma bunun əziyyətini onlar çəkir: «Bizim hüquqlarımızı pozurlar. MTK rəsmiləri ilə yanaşı, «Azərişıq» ASC-yə də müraciət etmişik, heç kim problemin həllində bizə köməklik göstərmir».

Sakinlərin deməsinə görə, bu məsələdə onların heç bir təqsiri yoxdur, işıqla bağlı pulu vaxtlı-vaxtında ödəyirlər.

«Çənlibel» MTK-nın sədri Vüsal Abdullayevin iddiasına görə isə, binada yaşayan sakinlər vaxtlı-vaxtında kommunal xidmətlərini ödəsəydilər, heç borc yaranmazdı: «Doğrudur ki, bizim «Azərişıq» ASC-yə son iki il ərzində ümumi olaraq toplanan müəyyən məbləğdə borcumuz var. Amma bu problemin yaranması da, həlli də vətəndaşlardan asılıdır. Dəfələrlə bina sakinlərinə vaxtlı-vaxtında kommunal xidmətlərə olan borclarını ödəmələri tövsiyə edilib. Vətəndaşlar kommunal xidmətlərə olan borclarını ödəmək istəmirlər».

Yazıda bildirilir ki, binada lift işləyir, işıqlandırma var, amma mənzillərin su təchizatını tənzimləməkdən ötrü motorun fəaliyyətini təmin edən elektrik enerjisinin verilişi dayandırılıb.

«Azərişıq» ASC-dən isə bildirilib ki, «Çənlibel» MTK-nın 20 min manatdan çox borcu olduğundan elektrik enerjisinin verilişi dayandırılıb.

İ.Əliyev Bakıda 20 saylı məktəb-liseydə
İ.Əliyev Bakıda 20 saylı məktəb-liseydə

Tərəqqi və təhsil

«Azərbaycan» qəzetində «Tərəqqi təhsildən başlayır» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb edib. Müəllifin fikrincə, müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir: «Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin hər dönəmində imzaladığı sənədlər içərisində təhsillə bağlı sərəncamların çoxluğu bu sahənin üstün istiqamət daşıdığından soraq verir».

Yazıda vurğulanıb ki, sözügedən sənədlərdə ölkədə sosial-iqtisadi həyatın yenidən qurulması, davamlı inkişafdan ötrü şəraitin yaradılması, habelə qarşıda duran strateji vəzifələr öz əksini tapıb: «Həmin vəzifələr yaşam tərzimizin daha da modernləşdirilməsi, qabaqcıl təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsindən və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir».

Yazıda iddia olunur ki, təhsil infrastrukturun və insan resurslarının inkişafı dövlət siyasətinin başlıca şərtidir: «Müstəqil Azərbaycan dövlətinin yaxın gələcək üçün qarşıya qoyduğu hədəflərə doğru mühüm bir addım olan bu strategiya ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı sahəsində formalaşdırdığı zəngin ənənələrə, prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu sahədə əldə edilmiş böyük nailiyyətlərə söykənir».

Yazıda daha sonra da prezidentin bu il noyabrın 16-da imzaladığı sərəncamı ilə təsdiqlənmiş «2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı»dan bəhs edilir...

XS
SM
MD
LG