Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:30

Rusiya internetini dünyadan ayırır?


İllüstrativ foto
İllüstrativ foto

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsini bəzi ekspertlər “suveren Rusiya interneti barədə qanun” adlandırmağa başlayıblar. Rusiya hakimiyyəti internetdə, Telegram sosial şəbəkəsində “ekstremizm”lə mübarizə apardığını bildirir. Görəsən, ölkə Çin modelini tətbiq etmək qərarınamı gələcək, faktiki, Runeti daxili bir şəbəkəyəmi çevirəcək? AzadlıqRadiosu-nun rus xidməti bu sualı müzakirəyə çıxarıb.

İnternet İstifadəçiləri Assosiasiyasının həmtəsisçisi Stanislav Kozlovskiy hesab edir ki, bu tendensiya dünən yaranmayıb, çoxdan gedir: “Bizdə 2012-ci ildən saytların bloklanması qanunu peyda olub, saytlar reyestrə salınır, bloklanır, bloklamanın yeni kriteriyaları ortaya çıxır. Ümumilikdə, vintləri bərkitmək tendensiyası baxımından məntiqi addımdır”.

Məsələnin mahiyyətində Rusiya seqmentini internetdən təcrid etmək durur. Qanunda onun tamamilə ayrılacağı aydın yazılmayıb, belə bir rubilnikin olması, belə bir imkanın yaradılmasından söhbət gedir”, – o, sözlərinə əlavə edir.

İLDƏ 130 MİLYARD

Jurnalist Aleksandr Plyushev bunu tamamilə mümkün sayır, onun fikrincə, bircə problem xərclərdədir.

Bunun ildə 130 milyard başa gələcəyi barədə məlumat yayılıb. Spekulyasiya edib söyləmək olar ki, bu, Samara kimi şəhərin büdcəsindən 15 dəfə çoxdur. Yəni, Rusiyadan ötrü əməllicə məbləğdir. Spekulyasiyanı kənara qoysaq, sual yaranır ki, niyə axı, belə bir şeyə real tələbat varmı? O niyə ortaya çıxdı? Cəmiyyətdə ona ehtiyac varmı? Mütəxəssislər belə narahatlıq səsləndirirlərmi? Siyasətçilər müxtəlif qorxularını, təxminlərini dilə gətirə bilərlər, amma bunları ekspert dəyərləndirməsinə əsaslandırmalıdırlar. Di gəl, müasir Rusiyanın problemləri həll etmək tərzi belədir ki, hansısa məqsədlərə çatmaqdan ötrü problemlər uydurulur. Problemlər uydurulan zaman hansısa mənfi fəsadlar da düşünülür və sonra onların ətrafında spekulyasiya edilir. Heç kəs araşdırma aparmır, statistika ortaya qoymur”, – o deyir.

Yandex şirkətinin ofisi
Yandex şirkətinin ofisi

Qanun layihəsinin hazırlanması 2018-ci ilin sentyabrında qəbul olunmuş ABŞ Milli Kibertəhlükəsizlik Strategiyasının “aqressiv xarakteri” ilə izah olunur. Rusiyada internetə hansı xarici təhdidlər ola bilər?

İT-sahibkar Dmitriy Zavalishin hesab edir ki, burada bir neçə fərqli model nəzərdən keçirilə bilər, onları ya təhdid, ya da sadəcə, bu günün problemi adlandırmaq olar. “Gəlin, sırf biznes yönündən baxaq. Kəskin səslənsə də, əgər bu gün qərbin internet xidmətləri yoxa çıxsaydı, Rusiya serverləri hazırda Qərbə axan pulları qazana bilərdilər. Yəni sırf biznes baxımından, bu, plyusdur. Burda söhbət zamandan gedir, yəni bu bazarın tutulmasından, amma texniki problemlər artıq mövcud deyil”, – o deyib.

VİKİPEDİYA “KÖHNƏLƏCƏK”

Xarici internet kəsilərsə, Runet necə görünəcək? Stanislav Kozlovsky deyir ki, yalnız “Odnoklassniki”, “VKontakte” sosial şəbəkələrinə girən adamlar var ki, bundan başqa heç nəyi görmürlər. “Bu adamların sayı az deyil və ola bilsin, heç nə hiss etməyəcəklər. Ancaq hər halda, dünyayla əlaqə elmi məqalələr bazasına, Vikipediyaya çıxış deməkdir. Vikipediya ilə əlaqə kəsilsə, ancaq arxiv açılsa, o, günbəgün köhnələcək və bir aydan sonra heç kəsə lazım olmayacaq”, – o, sözlərinə əlavə edir.

Dekabrın 14-də Dövlət Dumasına təqdim olunmuş qanun layihəsi xarici serverlərə çıxış olmadığı halda internetin Rusiya seqmentinin avtonom işləməsini nəzərdə tutur. Sənəddə deyilir ki, rusiyalı istifadəçilər barədə məlumatların xaricə daha az ötürülməsinə imkan yaradılacaq. Bundan ötrü Rusiya şəbəkələrinin xaricilərə qoşulduğu nöqtələr müəyyənləşdiriləcək. Təhdid yarandığı halda operatorlar trafikin mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etməlidir.

Bu günlərdə bir qrup ekspert avtonom internetin yaradılmasını nəzərdə tutan bu layihəni tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG