Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

'Azərbaycan hər gün milyonlar itirir...'-Media icmalı


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 15 ilin dəyərləndirilməsi, vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında qaydaların qəbulundan 13 il keçsə də, onun icra olunmaması, neftin ucuzlaşmasından Azərbaycanın itirdikləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Hökumət 3 aylıq tapşırığı 13 ilə yerinə yetirməyib

Modern.az saytında «Azərbaycanda vəzifəli şəxslərin gəliri barədə qanunun icrası niyə gecikir?» sualı gündəmə daşınır.

Müəllif xatırladıb ki, vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında qaydalar hələ 2005-ci ildə gündəmə gəlib. Amma bu, hələ də öz həllini tapmayıb: «Söhbət 2005-ci ilin avqust ayında qəbul edilmiş «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında» Qanundan gedir. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib». (Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən illər keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb-AR)

Elə müəllif də ««Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında» adlı sənədin tətbiqi niyə gecikir» sualı ilə yola çıxaraq Milli Məclisin deputatı Vahid Əhmədova üz tutub. V.Əhmədov da sayta bunları deyib: «Qanun icra olunmalıdır. Artıq bu qanunun icrası MDB məkanında olan bir sıra dövlətlərdə həyata keçirilir. Hesab edirəm ki, bu qanunun icra edilməsi şəffaflığı təmin edəcək. Həm də insanlar bu məsələ ilə bağlı müəyyən məsuliyyət hiss edəcəklər. Artıq gəlir deklarasiyasının tətbiq olunması vacibdir».

Deputat da xatırladıb ki, sözügedən qanunun qəbulundan sonra bəyannamənin formasının hazırlanması Nazirlər Kabinetinə tapşırılıb: «Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, qanun niyə icra olunmur? Bu qanunun icrasına ehtiyac var».

Ancaq yazıda həmin suala Nazirlər Kabinetindən cavab almaq mümkün olmayıb.

Bakıda neft buruğu
Bakıda neft buruğu

Azərbaycanın itkiləri...

Musavat.com saytında «Azərbaycan neftin ucuzlaşmasından gündə 28 milyon dollar itirir» sərlövhəli yazı oxumaq olar.

Müəllif son aylar dünya neft bazarında qiymətlərin ciddi şəkildə azalmasının «qara qızıl» ölkəsi sayılan Azərbaycana mümkün təsirləri barədə ekspert Vüqar Bayramlı ilə söhbətləşib.

Yazıda bildirilir ki, dünya neft və fond bazarlarında qiymətlərdə ciddi azalmalar qeydə alınmaqdadır və qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib.

Müəllif vurğulayıb ki, «Brent» markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb və «qara qızıl» bir gündə 6 faizdən çox dəyər itirib.

İqtisadçı-ekspert V.Bayramlının isə musavat.com-a bildirməsinə görə, qiymətlərin kəskin azalması OPEK-i təcili yeni görüş keçirməyə məcbur edir: «Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmalarının qarşısının alınması real deyil».

Azərbaycanın gündəlik neft ixracatının təqribən 783 min barel olduğunu söyləyən V.Bayramlı açıqlamasında bildirib ki, neftin qiymətinin aşağı düşməsinin ölkəyə təsirini müəyyənləşdirmək də çətin deyil: «Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlərlə isə gündəlik neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb».

İ.Əliyev
İ.Əliyev

«Novatorluq örnəyi»

«Azərbaycan» qəzetində «İdarəetmədə islahatçılıq və novatorluq örnəyi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, sabahına biganə olmayan hər bir xalqın taleyində siyasi lider amili müstəsnalıq təşkil edir. Yazıda vurğulandığına görə, əsl siyasi liderlər cəmiyyətdə siyasi prosesləri istiqamətləndirməklə yanaşı, tarixi inkişafın gedişini müəyyən edən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər.

Müəllif iddia edir ki, keçmiş prezident Heydər Əliyevin yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə prezident İlham Əliyev davam etdirərək Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını təmin edib: «Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 15 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır».

Yazıda habelə vurğulanıb ki, ötən 15 ildə həyata keçirilən sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir. Müəllif yazının sonuna doğru da yazıb: «Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvənir...».

XS
SM
MD
LG