Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

İran illik büdcəsini açıqlayıb


Tehran, 21 dekabr, 2018-ci il
Tehran, 21 dekabr, 2018-ci il

İran prezidenti ABŞ sanksiyaları bərpa olunandan ilk illik büdcəni açıqlayıb, Vaşinqtonun “qəddar” tədbirlərinin nəzərə alındığını deyib.

Hassan Rohani 47,5 milyard dollarlıq büdcəni dekabrın 25-də parlamentə təqdim edib.

Bu büdcə keçənilkindən azdır. Əsas səbəb yerli valyutanın kəskin ucuzlaşmasıdır. ABŞ Prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaları bərpa etdiyini açıqlayandan sonra rial dəyərini sürətlə itirməyə başlayıb.

Bir il öncə bir dollar 42 min rial idi, bu gün 100 min riala yaxınlaşıb.

Tehran hökuməti büdcənin 35 faizini neft gəlirləri hesabına maliyyələşdirməyi planlaşdırır. Günə 1,5 milyon barrel neft ixrac olunacağı, barelin maksimum 54 dollara satılacağı proqnozlaşdırılır.

“SANKSİYALAR TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK”

Parlamentdə çıxışında Rohani deyib ki, dövlət sektorunda maaşların 20 faiz artırılması sanksiyalar bərpa olunandan İranın üzləşdiyi iqtisadi çətinliklərin əlamətidir.

Hassan Rohani büdcəni təqdim edir
Hassan Rohani büdcəni təqdim edir

Amerikanın məqsədi İranın islam sistemini diz üstə çökdürməkdir... bu alınmayacaq. Ancaq şübhəsiz, sanksiyalar adamların həyatına, ölkənin inkişafına, iqtisadi artımına təsirsiz ötüşməyəcək”, – Rohani vurğulayıb.

Prezident sanksiyaların əsasən İranın iqtisadi inkişafını və daha yoxsul sakinlərini təsirləndirəcəyini qeyd edib.

Büdcədə dərman, tibbi avadanlıq və digər vacib ləvazimatların idxalına 14 milyard dollar nəzərdə tutulur, ötən il buna 13 milyard dollar ayrılmışdı.

ABŞ sanksiyalarına İranın neft sektoruna embarqo daxildir. Yeni büdcədə İranın martda başlanacaq maliyyə ilində neçə barrel neft satacağı qeyd olunmur. Amma ekspertlərin fikrincə, bu, Trump nüvə sazişindən çıxmamışdan öncə satılan günə 2,5 milyon barreldən gözəçarpacaq dərəcədə az olacaq.

Büdcənin təqdimatı son həftələr bir neçə dəfə ertələnib. Məlumatlar yayılmışdı ki, Ali dini lider Ayətulla Ali Khamenei yekun sənədə dəyişikliklər tələb edir.

Vaşinqton İranın neft sənayesinə noyabrda sanksiyaları bərpa edib. Ancaq Çin, Hindistan və Türkiyə daxil olmaqla bir sıra ölkələrin idxalı davam etdirməsinə icazə verilib, bir şərtlə ki həcmi tədricən azaltsınlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG