Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Trump ‘tək-tənha’ demokratları gözləyir – Qərb mediası


Donald Trump
Donald Trump

Birləşmiş Ştatlar hökumətinin qismən bağlanması (şatdaun) davam edir. Prezident Donald Trump bu arada demokratların qılığına girməyə, onları büdcəylə bağlı razılığa gəlməkdən ötrü dilə tutmağa çalışıb. Prezident hətta gileylənib ki, “tək-tənha” oturub razılaşmanı gözləyir.

Prezident Meksikayla sərhədin hasarlanması üçün 5 milyard dolların büdcəyə salınmasını istəyir. Konqresmenlərin çoxu Milad bayramına görə iş başında deyil. Prezident dünən Twitter-də dəfələrlə sərhədə maliyyənin ayrılmasından söz açıb. O, bazar ertəsi günortadan sonraya Daxili İşlər Nazirliyi rəsmiləri ilə görüş də təyin edib.

Tək tənha (yazıq canım) Ağ evdə oturub demokratların qayıtmasını, çox lazımlı Sərhəd Təhlükəsizliyi üzrə razılaşma əldə olunmasını gözləyirəm”, – Trump Twitter-də yazıb.

“Razılaşma əldə etmək istəməyən demokratlar hansısa məqamda ölkəmizi haqqında danışdığımız Sərhəd Divarından daha çox xərcə salacaqlar”, – Prezident vurğulayıb.

ABŞ-ın Meksika sərhədində miqrantlar
ABŞ-ın Meksika sərhədində miqrantlar

“USA Today” Milad ərəfəsi qısaldılmış birja günündə bazarlarda düşüş yaşandığını qeyd edir. İnvestorlar mürəkkəb durumla üzləşiblər. Maliyyə naziri Steven Mnuchin investorları sakitləşdirməyə çalışsa da, həftəsonu səsləndirdiyi bəyanat əks-təsir göstərib. O, ABŞ banklarının sağlam olduğunu deyib, ancaq bu Uol Stritdə qeyri-müəyyənliyi daha da artırıb.

“The Washington Post” yazıb ki, Ağ evin son istəyi sərhəd təhlükəsizliyinə 2,1 milyard dollar ayrılmasıdır. Daha 400 milyon dollar isə Trump-ın immiqrasiyaya qarşı fəaliyyəti üçün istənilir. Demokrat konqresmenlər Trump-ın təklif etdiyi divarı bahalı, qeyri-səmərəli və mənəviyyatsız hesab edirlər.

“Amerikaya yenə hörmət edirlər”

Donald Trump Milad ərəfəsini, deyəsən, elə Ağ evdə keçirib. “The New York Times” qəzetində Katie Rogers yazır ki, Trump bazar ertəsi Twitter-də keçirdiyi dörd saat ərzində seçki kampaniyası şüarını bir daha işə salıb: “AMERİKAYA YENƏ HÖRMƏT EDİRLƏR”. Bu, beynəlxalq müttəfiqlərin Trump-ın milli təhlükəsizliklə bağlı qərarlarının mümkün sabitsizlik yaradacaq effektlərini yoluna qoymağa hazırlaşdığı bir məqamda baş verir.

James Mattis (sağda) və Donald Trump
James Mattis (sağda) və Donald Trump

Demokratların liderləri prezidenti Milad ərəfəsində “ölkəni xaosa sürükləməkdə” ittiham edir.

Müdafiə naziri James Mattis ötən həftə istefa məktubunda prezidentin Amerikanın müttəfiqlərindən kəskin tələblərini, bəzi düşmənlərə qarşı münasibəti yumşaltmasını tənqid edib.

Bu istefanı Trump-ın Amerikanın hərbçilərini Suriya və Əfqanıstandan çıxarmaqlar bağlı kəskin qərarları sürətləndirib.

Trump dünən dörd saat içində 10-dan çox tvit atıb. Tvitlərindən birində elan edib ki, Səudiyyə Ərəbistanı “Birləşmiş Ştatların yerinə Suriyanın bərpasına gərəkən pulu xərcləyəcək”. Qəzet bunun necə, nə vaxt baş verəcəyinin bilinmədiyini yazır. Oktyabrda ər-Riyad Birləşmiş Ştatlara Suriyanın bərpası üçün 100 milyon dollar göndərmişdi. Həmin vəsaitdən əlavə hansısa məbləğin ayrılıb-ayrılmayacağı da bəlli deyil.

Ağ ev rəsmiləri, Səudiyyənin Vaşinqtondakı səfirliyindən açıqlama almaq mümkün olmayıb.

Dubayda Heydər Əliyevin qonşuları kimdir

Mayadək Rusiya baş nazirinin birinci müavini olmuş Igor Shuvalov-un ailəsinin Dubayda 8 milyon dollarlıq villası var. Bunu Jurnalistlərin Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin yeni araşdırması üzə çıxarıb.

Vladimir Putin (solda) və Igor Shuvalov
Vladimir Putin (solda) və Igor Shuvalov

Araşdırma əmirliyin daşınmaz əmlak reyestrinə əsasən aparılıb.

Özəl çimərliyi və hovuzu olan villa Cumeyra Palması deyilən dünyaca məşhur rezidensiyalar məkanında yerləşir.

Shuvalov ailəsinin mülkiyyəti Dubayın keçmiş rəhbərinin kiçik oğlu Şeyx Ahmed Bin Saeed Al Maktoum-un villalarıın qonşuluğundadır. Bundan başqa yaxınlıqda Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydərin, AS Monaco FC futbol komandasının sahibi, rusiyalı milyarder Dmitry Rybolovlev-in malikanələri də var, araşdırmada belə deyilir.

Shuvalov-un Londonun mərkəzində 11,4 milyon funt-sterlinqlik əmlakı da var. O, Rusiya hökumətində 20 il çalışıb, 2008-ci ildə baş nazirin birinci müavini təyin olunub. Rusiya Prezidenti Vladimir Putin martda daha bir müddətə bu posta seçiləndən sonra Shuvalov hökumətdən gedib, hazırda dövlətə məxsus, VEB Bank kimi tanınan Vnesheconombank-a rəhbərlik edir.

XS
SM
MD
LG