Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Şərqi Avropada kimlərin maaşı gecikir – Qərb mediası


Macarıstanda hökumətə qarşı etiraz, 20 dekabr, 2018-ci il
Macarıstanda hökumətə qarşı etiraz, 20 dekabr, 2018-ci il

Ötən həftə minlərlə macarıstanlı yeni əmək qanunlarına etiraz olaraq küçələrə çıxdı. Yeni qanunlar şirkətlərə icazə verir ki, işçilərindən ildə 400 saat əlavə işləməyi tələb etsinlər, üstəlik, onların maaşlarını üç ilədək gecikdirsinlər. Əməkhaqqını üç il gözləməyi təsəvvürə gətirmək belə çətindir. Ancaq “Gallup” sorğu mərkəzi üzə çıxarıb ki, Şərqi Avropada, eləcə də keçmiş sovet məkanında maaşların gecikməsi elə də qeyri-adi hal sayılmır.

Mərkəzin ötən il 29 ölkədə keçirdiyi sorğuda hər yeddi fəhlədən biri (14%) deyib ki, ötən ay gördükləri işə görə pulu gec alıblar. Yarımştat işləyənlər tamtştatlı işçilərə nisbətən belə durumla daha çox üzləşiblər: yarımştat çalışanların 22, tamştatlıların isə 14 faizi bu problemi dilə gətirib.

“Gallup” maaşların ən çox keçmiş sovet ölkələrində (16%) və Avropa Birliyinin üzvü olmayan ölkələrdə gecikdirildiyini qeyd edir. Amma Macarıstanda yaranmış durum elə AB üzvlərinin də bundan sığortalanmadığını göstərir. Şərqi Avropada hər 10 fəhlədən biri (11%) ötən ay başına belə bir iş gəldiyini söyləyib.

Hər bir regionda yarımştat salışanlar tamştatlılara nisbətən daha çox əməkhaqqı gecikməsiylə üzləşdiklərini qeyd ediblər. Amma bu, AB üzvü olmayan ölkələrdə daha qabarıqdır.

Çexiyada fəhlə
Çexiyada fəhlə

Kişilər də bu mənada qadınlardan fərqlənir. Kişi fəhlələrin 17, qadınların isə 12 faizinin maaşı gecikdirilib.

Təhsilin də rolu az deyil. Kollec dərəcəsi, yaxud ali təhsillilər, yəni daha çox qazananlar maaşlarını ibtidai təhsillilərə baxanda vaxtında alırlar.

Facebook qalmaqalı kapitalizmlə bağlıdır

“The New York Times” bu yaxınlarda yazıb ki, Facebook şirkətinin rəhbəri Mark Zuckerberg tərəfdaşları olan Netflix, Amazon Spotify şirkətlərinə istifadəçilərinin şəxsi kommunikasiyasına çıxış verib. Facebook-un tərəfdaşları istifadəçilərin şəxsi mesajlarını oxuya, poza biliblər, bəziləri istifadəçilərin dostlarına, onların barəsində məlumatlara çıxış əldə ediblər. Bəzi hallarda, tərəfdaşların iddiasına görə, onlar data axınının içində olduqlarını beıə bilməyiblər.

İllüstrativ foto
İllüstrativ foto

“The Washington Post” qəzetində Jacob Silverman yazır ki, bu informasiya nəzarət iqtisadiyyatına, “nəzarət kapitalizmi”nin iqtisadi məntiqinə gərəkən nəfəsliyi açır. “Data ticarətinin nüfuz və hakimiyyət mübadiləsi olduğunu görməyə başlayırıq. Şirkətlərin heyrətamiz informasiya iştahından agah oluruq, onlar üçün bütün informasiya potensial faydalıdır. Hətta Ford kimi avtomobil istehsalçıları belə müştərilərin datasını avtomobil satışı islə yanaşı böyük gəlir mənbəyi sayır. Başqa sözlə, Times-ın yazdığı təkcə Facebook-a aid deyil: bu gün iştirakçısı olduğumuz iqtisadi sistemə qarşı bütövlükdə ittihamnamədir”, – müəllif yazır, ancaq bunun heç də Facebook-a bəraət qazandırmadığını qeyd edir.

Son məlumatın şirkət üçün ağır hüquqi fəsadları ola bilər, özəlliklə də ona görə ki, o, Federal Ticarət Komissiyasıyla razılaşma əsasında fəaliyyət göstərir, istifadəçilərin gizliliyinə təminat verib... Bu razılaşmaya sayqıyla yanaşılmasına elə bir dəlil yoxdur... Kim pul verirsə, Facebook ona istifadəçilərə çıxış verir. Ola bilsin ki, Facebook istifadəçilərə dair məlumatı birbaşa satmır, ancaq kənar şirkətlərə istifadəçilər barədə informasiya toplamağa şərait yaradır. Bu eyni anlama gəlir və sözügedən razılaşmalar istifadəçilərdən gizlədilib”, – məqalədə deyilir.

Özbəkistan model dünyəvi müsəlman ölkəsinə çevrilə bilərmi

Dekabrın 11-də Özbəkistan 2006-cı ildən bəri ilk dəfə olaraq ABŞ Dövlət departamenti tərəfindən din azadlığının məhdudlaşdırıldığı, xüsusi narahatlıq doğuran ölkə sayılmadı. Birləşmiş Ştatlar Özbəkistanın bu siyahıdan çıxarılmasını ölkənin gerçəkləşdirdiyi “əsaslı dəyişikliklər”lə izah ediblər.

Fazliddin Parpiev
Fazliddin Parpiev

“The Diplomat” portalında Catherine Putz yazır ki, 2006-cı ildə sözügedən siyahıya salınmaq Daşkəndin müxtəlif reytinqlərdəki mövqeyinə və nüfuzuna, eləcə də ticarət, beynəlxalq sərmayə və turizm sahələrinə dolayısı ilə təsirini göstərib.

Özbəkistan dünyəvi, müsəlman ölkəsi modeli olmağa çalışır. Ölkənin ABŞ-dakı səfiri Javlon Vakhabov deyir ki, bu “yeni Özbəkistan” bir sıra çətinlikləri yoluna qoymaq istəyir, keçmişin təcrübəsini bir kənara atmağı, mülki hüquqları, özəlliklə din azadlığını qorumağı hədəfləyir.

Müəllif irəliləyin olduğunu qeyd etsə də, əngəllərin də qaldığını vurğulayır. Məsələn, qeydiyyata alınmamış dini qruplara ara-sıra reydlər həyata keçirilir.

Daşkənddə məscidlərin birində işləmiş Fazliddin Parpiyev bu yaxınlardan ölkədən çıxıb. O, Facebook-da yazıb ki, prokurorluğa çağrılıb və özünü Özbəkistanda daha təhlükəsiz hesab etməyib. Parpiyev sentyabrda Özbəkistan Müsəlmanları İdarəsindəki vəzifəsindən çıxarılıb, çünki hökumətin məktəblərdə hicabı yasaqlamasını tənqid etmişdi. Sosial mediada bu qadağaya qarı çıxan bir neçə mühafizəkar bloqqer qısa müddətə saxlanıb. Özbəkistanlı yazar Umida Hashimova-nın fikrincə, “Özbəkistan hökumətinin qarşısında duran problemlər aydındır: ölkənin müsəlman irsiylə dünyəvi status kvo arasında balansı qoruyub saxlamağa çalışır”.

XS
SM
MD
LG