Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

'İkili standart bizdə də var'-Media icmalı


BMT Baş Assambleyası
BMT Baş Assambleyası

Başa çatmaqda olan 2018-ci ilin dəyərləndirilməsi, Azərbaycanın xarici siyasəti, paytaxtda kirayə mənzil bazarında bahalaşma və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Dünyanı ədalətsizlikdə ittiham edirik...»

Strateq.az saytında «Azərbaycan BMT-də Ukraynaya dəstək vermədi –Türkiyə və Ermənistanın mövqeyi necə olub?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlərdə BMT Baş Assambleyası ilhaq olunmuş Ukrayna əraziləri - Krım və Sevastopolda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edib. Müəllifin vurğulamasına görə, qətnamənin lehinə 67, əleyhinə isə 27 ölkə səs verib. Yazıda habelə qeyd edilib ki, Türkiyə qətnamənin lehinə, Ermənistan isə əleyhinə olub.

«Azərbaycan Ukrayna ilə bağlı səsvermədə iştirak etməyib. Mən yaxşı başa düşürəm ki, Rusiya ilə bağlı ehtiyatlı siyasət aparmalıyıq, onu özümüzə qarşı aqressivləşdirməyə ehtiyac yoxdur. Amma Rusiyadan çəkinməyin də bir həddi olmalıdır», - siyasi ekspertlərdən Şahin Cəfərli məsələyə münasibət bildirərkən deyib .

Ş.Cəfərli vurğulayıb ki, Azərbaycan da, Ukrayna kimi eyni problemdən əziyyət çəkən ölkələrdir: «Əgər eyni problemdən əziyyət çəkən dost və GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzrə yaxın tərəfdaş olan dövlətin yanında olmuruqsa, onu dəstəkləyən müasir dünyadan özümüzü ayrı tuturuqsa, onda apardığımız diplomatiya nüfuz qazana və beynəlxalq dəstək toplaya bilməz».

O hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı dünyanı ədalətsizlikdə qınayan Azərbaycan belə addım atmamalıdır: «Dünyanı haqlı olaraq ədalətsizlikdə ittiham edirik. Halbuki, özümüz də ədalətli deyilik və xarici siyasətdə ikili standart bizdə də var».

Mənzil
Mənzil

«Bakıda kirayə ev bahalaşıb»

«Yeni Müsavat» qəzetində «Bakıda kirayə ev böhranı yaşanır: Mənzil bazarından reportaj» sərlövhəli yazı yer alır .

Müəllif yazıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, paytaxt Bakıda pilot layihə çərçivəsində köhnə və qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi yeni bir kütlənin kirayə mənzil bazarına axınına səbəb olub: «Nəticədə son aylarda Bakıda kirayə mənzillərin qiyməti hiss olunacaq dərəcədə bahalaşıb, mənzil tapmaq isə problemə dönüb».

Yazıda vurğulanıb ki, pilot layihə qaydalarına əsasən, sökülən binaların sakinləri yeni bina hazır olana qədər tikintini aparan şirkətin hesabına kirayə mənzillərə köçürülür. Yeni binada mənzillər tam təmir olunduqdan sonra həmin sakinlərə təhvil verilməlidir: «Bu proses şəhərin mərkəzində, metro stansiyaların yaxınlığında, magistral yollara və infrastruktura yaxın ərazilərdə yerləşən mənzillərin bahalaşmasına səbəb olub».

Müəllif kirayə mənzil bazarında son durumu öyrənmək məqsədilə Nizami rayonu ərazisindəki «maklerlər bağı»na və alqı-satqı ofislərinə də baş çəkib. Maklerlər də etiraf ediblər ki, son zamanlar kirayə mənzil axtaranların sayı artıb, amma vətəndaşlar istədiyi şərtlə ev tapmaqda çətinlik çəkirlər: «Metroətrafı ərazilərdə isə boş kirayə ev demək olar ki, yoxdur».

Yazıda qeyd edildiyinə görə, «maklerlər bağı» müştərilərlə dolu olub.

«Kirayə mənzillərin qıtlığı avtomatik bahalaşmaya səbəb olub. Əvvəlki kimi müştərilərə bir neçə variant təklif edə bilmirik. Bu durum mənzil sahibləri üçün fürsətə dönüb, evləri daha baha qiymətə kirayə verməyə niyyətlənirlər. Təəccüblü olsa da, baha təklif edilən bu evlərə qısa zamanda tələbat yaranır, bahalaşma baş verir. Hazırda 300-400 manat arasında təklif olunan evlərin qiymətində ən azı 50 manat artım olub», - deyə qəzetə bildiriblər.

M.Qurbanlı
M.Qurbanlı

«Modern dövlət modeli»

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyevin modern dövlət modeli» sərlövhəli yazıda 2018-ci ildə iqtisadi-sosial və milli-mənəvi dəyərlər sahəsində dövlət siyasəti dəyərləndirilir.

Yazının müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlıdır.

Komitə sədri yazıb ki, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Müəllif yazının girişində dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışından sitat gətirib: «2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır».

Yazıda daha sonra müəllif Azərbaycanın xarici siyasətindən bəhs edir. Bu sahədə bir sıra uğurların əldə edildiyini düşünən komitə rəhbəri daha sonra sosial sahənin dəyərləndirilməsinə keçir: «2018-ci ildə prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb...».

Yazıda dini-mənəvi mühitə də toxunulub. Müəllifin iddiasına görə, Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrəsini verməkdədir.

Yazının sonunda da oxuyuruq: «2018-ci il cənab prezident tərəfindən aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana bəxş etdiyi mühüm nailiyyətlərlə zəngin bir il kimi tarixə yazıldı. Biz növbəti illərdə də Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə əminik...».

XS
SM
MD
LG