Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 06:46

Mustafa Hacıbəyli polisə çağırılıb


Mustafa Hacıbəyli

Gəncə olaylarına görə barəsində cinayət işi açılmış bastainfo.com saytının redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli polisə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

M. Hacıbəylinin sözlərinə görə, sabah, dekabrın 23-də polisdə olmalıdılar.

“Binqədi rayonu Polis İdarəsinin 5-ci polis bölməsindən zəng etmişdilər. Məni sabah (dekabrın 23-ü) bölməyə çağırdılar. Prokurorluq mənim barəmdə polis nəzarətinə verilmə tədbiri seçib. Çağırış həmin qərarla əlaqədardır”, deyən M. Hacıbəyli deyilən vaxtda polis bölməsinə gedəcəyini bildirib.

“Prokurorluqdan barəmdəki cinayət işinə xitam verilməsini istəmişik”

M.Hacıbəyli barəsində açılmış cinayət işinin istintaqının yekunlaşdığını da qeyd edib.

“İstintaq başa çatdı. Vəkillərimlə bərabər cinayət işinin materialları ilə tanış olduq. Tanışlıqdan sonra bütün detallar artıq bizə bəllidir. Ona görə də prokurorluğa vəsatətlər vermişik. Tələb etmişik ki, cinayət işinə bəraətverici əsaslarla xitam verilsin”, M. Hacıbəyli bildirib.

Onun sözlərinə görə, həmin vəsatətlərlə bağlı qərarlar, hələlik, verilməyib.

M.Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. Onların arasında bastainfo.com və başqa bir sıra saytlar da var idi.Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı. Saytlar ittihamları qəbul etmirlər.

Onlardan biri, criminal.az saytının baş redaktoru Anar Məmmədova da M.Hacıbəyli ilə eyni ittihamlar irəli sürülüb.

Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG