Məhkəmə-Hüquq Şurası-nın (MHŞ) iclasında səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinə qiymət verilib. Bu barədə Şuranin dekabrın 21-də yaydığı məlumatda bildirilir.
Müzakirələrin nəticəsi olaraq 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, 6 hakimin isə səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Ancaq adlar açıqlanmır.
Bundan başqa 57 nəfərin müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.
İclasda həmçinin, məhkəmə sistemində mövcud olan bütün vakansiyaların komplektləşdiriləcəyi, bunun da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcəyi vurğulanıb.
Xatırlatma
Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarə оrqanı hesab edilir. Bu qurum Azərbaycanda 2005-ci ilin fevralından fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət оlan Şuraya ədliyyə naziri sədrlik edir. Qurum, əsasən, hakimlərdən (9 nəfər) ibarətdir.